İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Britaniya Azərbaycana silah satışını bərpa edir - niyə indi...

Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edir. Musavat.com xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin Böyük Britaniya parlamentinin saytında dərc olunmuş yazılı açıqlamasında bildirib.

Sənədə əsasən, Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətlərini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib. “Biz Minsk Qrupunun buraxılmasının tərəfdarıyıq. Əldə edilmiş irəliləyiş nəzərə alınmaqla, hesab edirik ki, 1992-ci ildə ATƏT-in silah embarqosu artıq aktual deyil. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edir. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına kömək edəcək və hibrid təhdidlərə cavab olaraq bu ölkələrin suverenliyini və ərazi bütövlüyünü qoruyacaq. İxrac lisenziyaları ciddi meyarlar əsasında ayrı-ayrılıqda nəzərdən keçiriləcək”, - deyə o bildirib.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Böyük Britaniyanın silah satışına embarqonu ləğv etməsi müsbət hadisədir və gözlənilirdi: “Bütün dünya, eləcə də Böyük Britaniya Azərbaycanın öz ərazilərini azad edərək regionda yaratdığı yeni reallıqları qəbul edir. Həmçinin dünyanın böyük dövlətlərindən olan Britaniya Azərbaycanla Ermənistan arasında Vaşinqtonda 8 avqustda imzalanmış razılaşmanı, sülh sazişi layihəsinin paraflanmasın alqışlayır, bu addımın sülh sazişinin imzalanması üçün ən ciddi addım olduğunu hesab edir. ABŞ-ın 907-ci düzəlişlə bağlı atdığı məlum addım da məhz 8 avqust Vaşinqton razılaşmalarından sonra baş verdi. Bu baxımdan indi Böyük Britaniyanın Azərbaycana, həmçinin Ermənistana silah satışına qoyduğu embarqonu aradan qaldırması gözlənilirdi. Buna hazırlığın simptomları elə bu ayın 6-da Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auldu və Krallığın ölkəmizdəki hərbi attaşesi 2-ci dərəcəli kapitan Gavin Tarbardı qəbul etməsi və danışıqlar apardığı zaman görünürdü. Müdafiə Nazirliyinin görüş barədə yayığı məlumatda deyilirdi ki, müdafiə naziri Azərbaycanla Böyük Britaniya arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafına töhfə verəcəyini bildirib. Hərbi sahədə əlaqələr sırasına şübhəsiz ki, bundan sonra Britaniyadan silah alınması, Britaniya hərbi sənayesi ilə Azərbaycan hərbi sənayesinin əlaqələri, əməkdaşlığı kimi məsələlər də daxil ediləcək”.

R.Məhərrəmov vurğuladı ki, silah embarqosunun aradan qaldırılması Azərbaycanın modern ingilis silahlarını əldə etməsinə yol açacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR