İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın bazarı iflic vəziyyətdə - avtomobil almaq istəyənlər oxusun!

Azərbaycan avtomobil bazarında son aylarda müşahidə olunan səssizlik təsadüfi deyil. Bu, təkcə mövsümi və ya qısamüddətli maraq azalması deyil, əslində dərin bir struktur böhranının əlamətidir. Qiymətlər düşür, modellər artır, çeşidlər genişlənir, amma bazarda real alıcı yoxdur.

Yəni həm yeni, həm də ikinci əl avtomobil bazarı iflic vəziyyətdədir. Əvvəllər satış üçün bir neçə gün kifayət edirdisə, indi eyni avtomobilin satışı üçün bir neçə ay gözləmək lazım gəlir. Modern.az saytı maşın satışı bazarındakı vəziyyəti araşdırıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycana 91 838 avtomobil idxal olunub. Bu, əvvəlki illə müqayisədə 4,3 faiz azalma deməkdir. Lakin idxal olunan avtomobillərin ümumi dəyəri 1,84 milyard dollara çatıb. Ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayı azalsa da, keyfiyyəti və qiyməti artıb. Ən diqqətçəkən məqam odur ki, bu avtomobillərin mühüm hissəsini Çin mənşəli BYD, “Chery”, “Haval”, “Geely” kimi brendlər təşkil edir. Bu avtomobillər həm distribütorlar, həm də vətəndaşlar tərəfindən ölkəyə gətirilir. Bu maşınlar bazarda ucuz, zəmanətli və texniki cəhətdən yeni alternativ kimi qəbul olunur.

Məlumdur ki, Azərbaycanın avtomobil bazarının böyük hissəsi “ikinci əl” idxal avtomobillərdən asılıdır və bu sahə əsasən fiziki şəxslərin kommersiya fəaliyyəti kimi formalaşıb. Son illərdə Cənubi Koreya istehsalı olan modellər - “KİA Sorento”, “Cerato”, “Hyundai Santa Fe”, “Elantra”, “Kia Rio” - geniş yayılıb. Bu modellərin qiyməti 18 min manatdan 40 min manata qədər dəyişir. Ən ucuz model adətən “Kia Rio”, ən bahalısı isə “Hyundai Santa Fe” olur. Yaponiyadan idxal olunan “Toyota Prius” və digər hibrid modellər də populyardır.

Niyə köhnə maşınların satışında azalma yaranıb?

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, hazırkı vəziyyət gözlənilən idi: “Son 1-2 ildə Çin avtomobilləri Azərbaycan bazarını kəskin şəkildə dəyişib. Əgər əvvəllər insanlar əsasən Almaniya, Yaponiya, Koreya istehsalı olan "ikinci əl" avtomobillərə üstünlük verirdisə, indi eyni qiymətə salon avtomobili almaq imkanı var. Ən vacib üstünlük zəmanət və texniki xidmət paketidir. Çünki “ikinci əl” maşın alarkən heç kim mühərrikin və ya yürüşün real vəziyyətinə 100 faiz əmin ola bilmir".

Ekspert qeyd edir ki, Çin brendlərinin təklif etdiyi modellər xüsusilə kreditlə və ilkin ödənişsiz alınma imkanına görə daha çox maraq doğurur: “Əvvəllər kreditlə yalnız bahalı modellər alınırdı. İndi isə 20-25 min manat civarında BYD, "Chery" modelləri 3-5 illik kreditlə təqdim olunur. Bu isə işlənmiş avtomobillər bazarını çətin duruma salıb. İnsanlar artıq köhnə Koreya maşını alanlara qınayıcı sual verirlər".

E.Muradlı deyir ki, köhnə avtomobillərin bazarının tam çökməsi hələ baş verməyib, amma proses başlayıb: “Hazırda "ikinci əl" avtomobillər ancaq qiymət ciddi şəkildə ucuzlaşsa satıla bilər. Alıcı düşünür ki, yeni Çin maşını alsın, yoxsa köhnə “Hyundai”, KIA. Bu avtomobillərin köhnəsi ən azı 5-6 min manat ucuz olmalıdır ki, alıcı ona maraq göstərim. Bu fərq olmadığı müddətdə işlənmiş avtomobillərin bazarı iflic vəziyyətdə qalacaq".

Ekspertin sözlərinə görə, vəziyyəti dəyişmək üçün ya Avropadan keyfiyyətli “ikinci əl” maşınların daha ucuz qiymətə gətirilməsi təmin olunmalıdır, ya da yerli montaj zavodlarının fəaliyyəti genişləndirilməlidir: “Əks halda, Çin markalarının bazardakı hökmranlığı daha da artacaq. Bu həm də gələcəkdə ehtiyat hissələri və texniki xidmət bazarını da dəyişəcək”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR