İnsanlara hürriyət, millətlərə istiqlal!

“MDB dağıla bilər” xəbərdarlığı

Azərbaycanın Gürcüstan və Ukraynadan sonra bu platformada fəaliyyətini dayandıra biləcəyi haqda iddialar nə dərəcədə ciddidir? 

Bəlli olduğu kimi, Hindistan Azərbaycanın ŞƏT-ə üzv olmasına veto qoyub. Beləliklə, Yeni Dehli öz ağlınca Pakistana daima dəstək verən Bakını cəzalandırıb. Hindistanın bu mövqeyi təkcə Azərbaycana düşmən münasibətlə bağlı deyil, bunu təşkilatın genişlənməsini istəyən Çinə qarşı addım da hesab etmək olar. 

Prezident İlham Əliyev baş nazir Şahbaz Şəriflə söhbətində də deyib ki, Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür. 

Rasim Musabəyov da babası kimidir – Keçmiş deputat elə məqamlara aydınlıq  gətirdi ki… | KONKRET

Rasim Musabəyov

Politoloq Rasim Musabəyov Minval.az-a açıqlamasında deyib ki, Rusiya “Azərbaycan və Ermənistanın ŞƏT-ə qəbul edilməməsinə çox sevinib”. “Əgər iki-üç il əvvəl Azərbaycan və Ermənistanın ŞƏT-ə daxil olması ilə  Kreml təşkilat daxilində mövqelərini möhkəmlənəcəyinə inanırdırsa, indi vəziyyət dəyişib. Moskvadan asılılığının azaltmaq istəyən və Rusiyanın təzyiqlərinə müqavimət göstərən dövlətlərin ŞƏT-də mövqelərinin möhkəmlənməsi Rusiyanın əleyhinə işləyər”.  Deputat qeyd edib ki, Rusiyadan Azərbaycan və Ermənistanla bağlı heç bir mənfi bəyanat verilməsə də, o əmindir ki, rəsmi Moskva Hindistanın ölkəmizin ŞƏT-ə üzv olmasına mane olan mənfi rolundan məmnundur: “Ancaq bu, heç bir halda Rusiyanın regionda mövqeyini gücləndirməyəcək. Qorxuram, MDB sammitinin keçirilməsinə dair növbəti cəhd o mənada uğursuz olacaq ki, orada yalnız KTMT və Aİİ üzvü olan dövlətlər olacaq”.

Cebhe.info-nun Rusiya mediasına istinadən yazdığına görə isə rəsmi Bakının MDB-nin işində iştirak etməməsi Azərbaycanın birlikdən çıxacağını göstərir. Hətta Rusiya kütləvi informasiya mənbələri Azərbaycanın MDB-ni tərk edə biləcəyinə dair Rusiya tərəfinə məlumat verildiyini yazır. Məlumatda qeyd edilir ki, Azərbaycan MDB-ni tərk edəcəyi təqdirdə, Rusiya ilə birgə üzv olduğu yeganə təşkilatdan çıxmış olacaq. 

Beləliklə, Azərbaycan Gürcüstan və Ukraynadan sonra MDB-də fəaliyyətini dayandıran üçüncü postsovet ölkəsi ola bilər. Qeyd edək ki, Azərbaycan son aylar MDB-nin iclaslarına nümayəndə heyəti göndərmir. MDB-nin baş katibi Sergey Lebedev iyul ayında verdiyi açıqlamada bildirmişdi ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq. O, Azərbaycanın MDB-dən çıxacağına inanmadığını deyib.

Həmçinin Rusiya Prezidenti Vladimir Putinin Pekində Azərbaycanla bağlı yumşaq və barışıq tonlu açıqlaması MDB-də qalıb-qalmamaq qərarımıza təsir edə bilər. Putin bildirib: “Münasibətlərdə hər zaman cari vəziyyətdən doğan suallar və problemlər olur. Amma bu gün prezident Əliyevlə salamlaşdıq, bir neçə kəlmə danışdıq. Əsaslı münasibətlər və qarşılıqlı maraqlar hər şeyi öz yerinə qoyacaq”.

Yeri gəlmişkən, gələn ay Düşənbədə MDB dövlət başçılarının sammiti gözlənilir. Azərbaycanın orada iştirak edəcəyi sual altındadır. 

Fotoğraf açıklaması yok.

Elxan Mirzəyev

Professor Elxan Mirzəyevə görə, MDB simvolik olaraq var və postsovet məkanı əvvəlki qədər Rusiyanın “arxa bağçası” deyil: “Bu birlik SSRİ-nin süqutundan sonra bir zərurət idi və daha çox Rusiyaya lazım idi. Ukrayna münaqişəsi bir çox standartları sındırıb, tabuları dağıdıb. Onlardan biri də MDB-nin perspektivi olmayan bir təşkilata çevrilməsidir. Çünki üzv ölkələr Türk Dövlətləri Təşkilatında, Şanxay Əməkdaşlıq Təşkilatında və başqa birliklərdə yeni fürsətlər axtarır. MDB iclasları isə hər dəfə Rusiyanın təşəbbüsü ilə baş tutur. Son illərdə MDB-nin istər prezident, istərsə digər rəsmilər səviyyəsində keçirilən yığıncaqlarında hər hansı mühüm qərar qəbul edildiyini xatırlamaq olmur”.

E.Mirzəyev bununla belə, Putinin son çıxışının davamı olaraq münasibətlərdə gərginliyə son qoyulmasını gözləyir və bu da Azərbaycanın MDB-də fəaliyyətini bir müddət də davam etdirməsinə gətirib çıxara bilər: “Əgər münasibətlər yenə düzəlməsə və Rusiya prezidentinin açıqlaması söz olaraq qalsa, Düşənbə sammitində iştirak etməyəcəyik. Hətta Bakı ilə Moskva arasında ona qədər yumşalma olsa belə, Prezidentin o sammitə gedəcəyini gözləmirəm. Rusiya vurulan təyyarəmizlə bağlı gərək real addım atsın ki, Azərbaycan MDB sammitində iştirak haqda fikirləşsin. Ümumilikdə isə siyasi meyitə çevrilmiş, perspektivi görünməyən birlikdir. Moskva gec-tez razılaşmalıdır ki, hərbə-zorba dili ilə siyasət, əməkdaşlıq olmur. Ən azından müttəfiqi Çindən dərs götürsün, heç bir ölkəyə hərbi təhdid yağdırmır. İndi isə görünür ki, Rusiya prezidenti daşın qayaya rast gəldiyini başa düşüb. Əgər Azərbaycanı itirmək istəmirlərsə, dialoq olmalıdır və Bakının təyyarə ilə bağlı tələbləri yerinə yetirilməlidir. Bu, Rusiyaya yalnız başucalığı gətirə bilər. Əks halda, Azərbaycan MDB-ni də tərk edə bilər, Rusiyanın olduğu yerlərdə də görünmək istəməz”. 

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan “Belovejsk sazişi” əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusla birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib. Alma-Ata deklarasiyası ilə keçmiş sovet ittifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. 

MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir. MDB bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR