İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan Azərbaycana qarşı növbəti informasiya hücumu: "Tass" Ayvazovski heykəlinin sökülməsini “vandalizm” adlandırdı

Rusiya dövlət informasiya agentliyi TASS Qarabağla bağlı daha bir təxribat xarakterli material dərc edib.

Musavat.com xəbər verir ki, agentlik bu dəfə də Azərbaycanın suveren ərazisində baş verən qanuni bir tədbiri – Xankəndidə yerləşən Ayvazovski heykəlinin sökülməsini "mədəni narahatlıq" pərdəsi altında təqdim edərək “vandalizm” adlandırıb.

Sözügedən heykəl 2021-ci ilin dekabrında, Rusiya sülhməramlılarının bölgədə olduğu dövrdə və Azərbaycanın razılığı olmadan ucaldılıb.

Abidə qondarma “Rus şöhrəti xiyabanı” layihəsinin bir hissəsi olaraq, separatçılar və rus hərbçiləri tərəfindən Xankəndidə tikilmişdi.

Bu isə Azərbaycanın suveren hüquqlarına açıq-aşkar hörmətsizlikdir. İndi həmin heykəl artıq yoxdur, onun arxasında duran qüvvələr də tarixin arxivinə gömülüb.

TASS-ın “Stepanakert” ifadəsini işlətməsi isə xüsusilə diqqət çəkir. Bu terminologiya sadəcə bir üslub seçimi yox, Azərbaycanın ərazi bütövlüyünü hədəf alan açıq siyasi mesajdır.

Rusiya dövlət agentliyinin bu addımı Bakının suverenlik hüquqlarına qarşı qərəzli mövqeyin davamı kimi qiymətləndirilir.

Moskva hələ də anlamaq istəmir ki, Qarabağ artıq geri dönüşsüz şəkildə Azərbaycan dövlətinin tərkib hissəsidir və bu reallıqla barışmaqdan başqa alternativ yoxdur. 

Tass-agency-logo.jpg (67 KB)

Azərbaycan tərəfi isə bu məsələdə son dərəcə prinsipial və ardıcıl mövqe sərgiləyir.

Rəsmi Bakı bəyan edir ki, ölkənin ərazisindəki istənilən memarlıq və ya mədəniyyət layihəsi yalnız Azərbaycan dövlətinin icazəsi və nəzarəti ilə həyata keçirilə bilər. Ayvazovskinin heykəlinin qeyri-qanuni şəkildə ucaldılması nə mədəni təşəbbüs, nə də dostluq niyyəti sayıla bilər.

Bu, regionda separatçılığın simvollaşdırılmasına xidmət edən addım olub və indi tamamilə hüquqi əsaslarla aradan qaldırılıb.

Rusiya mətbuatında, xüsusilə TASS və bəzi deputatların reaksiyalarında isə bu hadisə birtərəfli təqdim olunur. Məsələn, Rusiya Dövlət Dumasının MDB üzrə komitəsinin sədr müavini Konstantin Zatulin heykəlin sökülməsini “barbarlıq” kimi dəyərləndirib.

Halbuki Azərbaycan öz ərazisində beynəlxalq hüquqa və daxili qanunlara əsaslanan addım atıb və burada hər hansı vandalizmdən söhbət belə gedə bilməz.

Azərbaycan həmçinin beynəlxalq öhdəliklərinə sadiq qalaraq, tarixi və mədəni irsin qorunmasını prioritet hesab edir. UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Qarabağ bölgəsindəki bütün mədəni abidələrin mühafizəsi təmin olunur. Ancaq bu abidələrin hansı niyyətlə və kimlər tərəfindən qoyulması da önəmli amildir. Separatçıların təşəbbüsü ilə və Rusiya hərbçilərinin iştirakı ilə ucaldılan hər hansı “mədəni obyekt” qanunsuzdur və sökülməsi tam əsaslıdır.

TASS-ın bu hadisəni “vandalizm” kimi təqdim etməsi isə təkcə informasiya manipulyasiyası deyil, həm də Azərbaycana qarşı davam edən bir informasiya savaşının tərkib hissəsidir. Moskvanın bu cür xəbərlərlə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq və beynəlxalq aləmdə ölkənin imicinə zərbə vurmaq cəhdləri artıq iflasa uğrayır. Reallıq budur ki, Azərbaycan öz suveren hüquqlarını bərpa edir və heç bir təzyiq bu prosesi dayandıra bilməz. 

1-1612872125.jpg (267 KB)

Bu hadisə bir daha göstərdi ki, Ermənistanın Qarabağda yaratdığı qanunsuz rejim kimi, onun irsini yaşatmaq cəhdləri də iflasa məhkumdur. Azərbaycan dövləti istər hərbi, istər siyasi, istərsə də mədəni sahədə öz suverenliyini tam bərpa edib və bu prosesin qarşısında heç bir TASS təbliğatı dayana bilməz.

Nədənsə 30 il ərzində Azərbaycanın abidələri, şəhərlərinə qarşı sözün həqiqi mənasında barbarlıq ediləndə kimsə Ermənistanı qınamadı. Bizim tarixi abidələrimiz, evlərimiz, müxtəlif dövlət tikililərimiz Qarabağda ermənilər tərifindən məhv edilib. Bax, vandalizm budur...

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR