İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın miqrant siyasəti iflasa uğradı: Hindlər də Rusiyada işləmək istəmir

Rusiyada əmək bazarında yaranmış dərin böhran hökuməti və tikinti sektorunu çıxılmaz vəziyyətə salıb.

Musavat.com xəbər verir ki,  2025-ci ilin ilk rübündə ölkədə təxminən 160 min tikinti mütəxəssisi çatışmayıb, bu isə iri infrastruktur layihələrinin gedişini ləngidib.

Məsələyə münasibət bildirən “İnşaatçılar Alyansının İT və süni intellekt texnologiyalarının tətbiqi üzrə direktoru” Svetlana Oprışko deyib ki, tikinti şirkətləri işçi çatışmazlığını aradan qaldırmaq üçün məcburən xaricdən fəhlə gətirirlər:

“Zəhmətkeşlər haradan gəlmirlər ki: Banqladeşdən, Hindistandan, hər yerdən. Amma onların gətirilməsi bütün bu köçürmə və yerləşdirmə xərclərinə görə şirkətlərə baha başa gəlir”.

Onun sözlərinə görə, yerli kadrların çatışmaması səbəbindən tikinti sektorunda “başqa yol qalmayıb” və işəgötürənlər istər-istəməz xarici fəhlələrə üstünlük verirlər.

Lakin Musavat.com-un əldə etdiyi məlumatlara görə, Rusiya üçün bu siyasət gözlənilən nəticəni verməyib. Belə ki, əvvəllər Orta Asiya ölkələrindən — əsasən Özbəkistan, Tacikistan və Qırğızıstandan gələn fəhlələrin yerinə Hindistan və Banqladeşdən işçi qüvvəsi gətirmək planı iqtisadi baxımdan iflasa uğrayıb.

Rusiya əvvəlcə hesab edirdi ki, Asiya ölkələrindən gələn fəhlələr daha “nizam-intizamlı” və “siyasi cəhətdən təhlükəsiz” olacaq. Lakin praktikada bu model baha başa gəlib. Yeni gətirilən işçilərin viza, yaşayış, nəqliyyat və tibbi xərcləri gözləniləndən də çox olub.

Əslində, Moskva azərbaycanlılar və digər Qafqaz xalqlarının nümayəndələrini ölkədən çıxarmaqla, əmək bazarında “təhlükəsizləşdirmə” siyasəti yürütmək istəyirdi. Yeni modeldə məqsəd ailələrin deyil, yalnız subay fəhlələrin gətirilməsi idi – onlar yataqxanalarda qalmalı, sosial mühitə qarışmamalı idilər.

Amma bu plan da işləməyib. Yataqxana şəraiti, dil baryeri və fərqli həyat tərzi səbəbindən hind və banqladeşli fəhlələrin bir çoxu Rusiyada uzunmüddətli işləməkdən imtina edib. Nəticədə şirkətlər həm işçi çatışmazlığı, həm də artan xərclər arasında qalıb.

Ekspertlər bildirirlər ki, bu vəziyyət Rusiyanın miqrasiya siyasətində dərin ziddiyyətləri üzə çıxarır: bir tərəfdən Kreml “xarici təsirlərdən qorunmaq” adı ilə post-sovet məkanından gələn işçiləri sıxışdırır, digər tərəfdən isə iqtisadiyyatın təməl sektorları — xüsusilə tikinti və xidmət sahələri — tamamilə xarici işçi qüvvəsindən asılı vəziyyətdədir.

Beləliklə, “Hind fəhlə modeli” Moskva üçün baha başa gələn bir eksperimentə çevrilib. Analitiklərin fikrincə, Rusiya ya əmək bazarında daha çevik siyasət yürütməli, ya da daxili işçi qüvvəsini stimullaşdırmaq üçün ciddi sosial proqramlar tətbiq etməlidir — əks halda ölkənin iqtisadi dayaqları zəifləməyə davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR