Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, bu ilin 1 iyul tarixindən etibarən ölkədə əmi, xala, bibi və dayı uşaqlarının nikah bağlaması qadağan edilib. Bu qadağa əsasən genetik xəstəliklərin qarşısının alınması və əhali sağlamlığının qorunması məqsədilə tətbiq olunub. Qanunvericilikdəki bu dəyişiklik sosial debatlara da yol açıb, cəmiyyət arasında nikah və ailə institutuna dair yeni müzakirələr baş qaldırıb. Qadağadan sonra ölkədə nikahların sayında nəzərəçarpan azalma müşahidə olunur. Rəsmi statistika göstərir ki, bu ilin yanvar ayında nikahların sayı 4 717, fevralda 3 024, martda 3 465, apreldə 3 747, mayda 4 830, iyunda 5 032, iyul ayında isə 2 694 olub. Bu rəqəmlər iyul ayında nikahların əvvəlki aylara nisbətən əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Bu vəziyyət cəmiyyətdə suallar doğurur: Nikahların azalmasının əsas səbəbi qohum evliliklərinin qadağan edilməsidirmi, yoxsa digər sosial, iqtisadi və demoqrafik faktorlar da rol oynayır? Sosioloqlar və ekspertlər hesab edirlər ki, bu, çoxşaxəli bir problemdir və təkcə qanuni qadağa ilə izah edilə bilməz.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan sosioloq Üzeyir Şəfiyev bildirib:
“Düşünmürəm ki, nikahların sayının azalması yalnız qohum evliliklərinin qadağan olunması ilə bağlıdır. 2024-cü ilin statistikasına nəzər salsaq, ölkədə təxminən 49 500 nikah bağlanıb və bunlardan yalnız təxminən 2 500-i qohum evliliklərinə aiddir. Yəni ümumi tablo baxımından bu, o qədər də böyük göstərici deyil. Nikahların sayında müşahidə olunan azalma isə bir sıra sosial və iqtisadi səbəblərlə bağlıdır.”
Sosioloq gənclər arasında ailə qurmağa meylin azalmasını əsas səbəblərdən biri kimi boşanmaların sayının artdığını göstərir:
“Boşanmaların statistikası gənclərdə qorxu yaradır; onlar düşünürlər ki, özləri də gələcəkdə boşanma ilə üzləşə bilərlər. Bu, gənclərin ailə qurmaqdan çəkinməsinə, nikaha marağın azalmasına səbəb olur. Eyni zamanda, gənclərin uşaq və ailə qayğısı daşımaq istəyi zəifləyib; bir çoxu fərdi azadlıq, karyera və şəxsi inkişafı üstün tutur. Bu tendensiya, müasir həyat tərzi və fərdi prioritetlərin dəyişməsi ilə bağlıdır”.
Üzeyir Şəfiyev əlavə edir ki, gənclər arasında maliyyə və mənzil təminatı ciddi problem olaraq qalır:
“Müasir gənclik üçün şəxsi inkişaf, təhsil və sosial stabillik ailə qurmaqdan daha prioritetdir. Bu səbəbdən, bir çox gənc valideyn olmağı və uzunmüddətli ailə həyatı qurmağı təxirə salır. Nikahın gecikməsi isə həm sosial, həm də iqtisadi göstəricilərə təsir edir, çünki gənclərin ailə planlaması və uşaq sahibi olma qərarları gecikir.
Demoqrafik göstəricilər də nikahların azalmasına təsir göstərir. Ötən onilliklərdə Azərbaycanda gənclər əhalinin təxminən 29-30%-ni təşkil edirdisə, hazırda bu göstərici 21%-ə qədər azalıb. Bu isə uzunmüddətli perspektivdə nikahların sayına, əhali strukturuna və təbii artıma ciddi təsir göstərir. Bundan başqa, məktəbə gedən birinci sinif şagirdlərinin sayında da nəzərəçarpan azalma müşahidə olunur ki, bu da təbii artımın yavaşlamasına işarə edir. Təbii artımın ləngiməsi yalnız gənclərin sayını deyil, həm də əmək bazarını, sosial-iqtisadi stabilliyi, genefond təhlükəsizliyini və əhalinin orta perspektivdə artımını təsir edə bilər.
Bundan əlavə, sosial davranışlarda da dəyişikliklər müşahidə olunur. Müasir gənclər üçün fərdi həyat tərzi, şəxsi azadlıq, karyera və təhsil imkanları ailə həyatından daha üstün prioritetlərdir. Bir çox gənc, xüsusilə şəhər mühitində yaşayanlar, ailə qurmaq qərarını təxirə salır, çünki gələcəkdə sosial və iqtisadi risklərdən qorxurlar. Boşanmaların artması, mənzil təminatının çətinliyi, işsizlik və yüksək yaşam xərcləri nikah qərarını gecikdirən əsas faktorlar kimi göstərilir".
Üzeyir Şəfiyevin fikrincə, nikahların azalması həm də cəmiyyətin mentalitetindəki dəyişikliklərlə bağlıdır:
“Gənclər daha çox fərdi müstəqillik, özünüifadə və peşəkar uğur əldə etməyə yönəlir. Ənənəvi ailə modelinə maraq azalır, gənclər daha çox eqoistik və fərdi həyat tərzini seçirlər. Bu isə nikahların sayının azalmasına birbaşa təsir göstərir.
Beləliklə, nikahların sayının azalması təkcə qohum evliliklərinin qadağan olunması ilə əlaqədar deyil. Bu, sosial meyllər, iqtisadi şərait, gənclərin həyat tərzi, demoqrafik dəyişikliklər, təbii artımın ləngiməsi, şəxsi prioritetlərin dəyişməsi və gələcək sosial risklər qorxusu ilə bağlı çoxşaxəli bir fenomendir. Nəticədə, ölkədə ailə qurmağa marağın azalması, əhali strukturu və sosial sabitlik məsələləri yaxın gələcəkdə də aktual mövzu olaraq qalacaq".
Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatı əsasında apardığı təhlilə əsasən, son iki (2023 və 2024-cü il) ildə ölkədə nikahların sayında azalma tendensiyası davam edir. Daha dəqiq desək, 2024-cü ildə Azərbaycanda nikahların sayı əvvəlki ilin göstəricilərinə nisbətən 8,7% və ya 4 692 azalaraq 49 508-ə düşüb.
Bizim.Media-nın məlumatına görə, aparılan təhlil zamanı məlum olub ki, 2020-2024-cü illərdə nikaha daxil olma ilə əlaqədar ən yüksək göstəricisi 2022-ci ildə qeydə alınıb və həmin il bu rəqəm 61 939 olub. Ən aşağı rəqəm 2020-ci ildə müşahidə edilib və bu rəqəm 35 348 təşkil edib.
Xatırladaq ki, 2020-ci ildə nikah sayının azlığı “COVID-19" pandemiyasına görə tətbiq edilən məhdudiyyətlərlə bağlı olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə nikahların sayı ilə yanaşı, boşanmaların sayında da azalma qeydə alınıb. Rəsmi rəqəmlərə əsasən, ötən il boşanmaların sayı 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4% və ya 304 hal azalaraq 21 384-ə düşüb.
Hazırladı: Xalidə Gəray
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ