İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə “qatil ana”lar artıb - cəza tələbi

Ekspert: “15-16 yaşlı qızların aborta məruz qalması həm ailə institutunun, həm də mənəvi dəyərlərin hansı səviyyəyə gəlib çatdığını göstərir”

Azərbaycanda abortların sayı artıb. Bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanda kişilər və qadınlar” məcmuəsində öz əksini tapıb. Bildirilib ki, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1%, 2023-cü ildə 27.9%, 2024-cü ildə isə 29.4% abort halları qeydə alınıb. Bu gün dünyada mövcud olan dinlər də abortu qadağan edir. Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi və sağlamlığına zərər vuracağı halda bu, mümkün sayılır. Hesablamalara görə, abortların yalnız 1-2 faizində belə zərurət yaradır.

ÜST-nin hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqal abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Hər il aborta baş vuran qadınları qitələr və bölgələr üzrə bölsək, onların 11 faizi Afrikanın, 58 faizi Asiyanın, 9 faizi Latın Amerikasının və Karib dənizi hövzəsinin, 17 faizi Avropanın, 5 faizi digər inkişaf etmiş ölkələrin payına düşər.

Abortların səviyyəsinin artması ən çox inkişaf etmiş ölkələri narahat edir. Çünki abortlara baxmayaraq, inkişaf etməkdə olan ölkələrdə (məsələn, İran, Hindistan, Türkiyə, Pakistan) əhalinin artımı sarıdan problem yoxdur. Ancaq inkişaf etmiş ölkələrdə (məsələn, Almaniya, Rusiya, Amerika, Fransa və s) vəziyyət əksinədir, çünki bu ölkələrdə əhalinin sayının ildən-ilə azalması müşahidə olunur.

Azərbaycanda qanunsuz abort zamanı şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vuranlar 1 ilədək həbs ediləcək. Bu, Milli Məclisin mayın 16-da keçirilən iclasının gündəliyinə daxil edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda abortetmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abortetmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan az ağır ziyan vurulduqda iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni zamanda layihəyə əsasən, həmin əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Bəs bu qanun niyə işləmir və ya nəticəsi yoxdur?

Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün  cinayətkardır" - Ramil Süleymanov

 Ramil Süleymanov

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, birinci növbədə burada ən acınacaqlı və biabırçı məqamlardan biri ondan ibarətdir ki, abortların statistikası 18 yaşdan deyil, 15-16 yaş arası qadınlar üzrə aparılır: “Bu, çox ciddi təhlükə siqnalıdır. Ən böyük həyəcan təbili çalmalı olduğumuz məsələlərdən biri, bəlkə də birincisi 15-16 yaşlı yeniyetmə qızların aborta məruz qalmasıdır. Bu fakt, həm ailə institutunun, həm də cəmiyyətin sosial-mənəvi dəyərlərinin hansı səviyyəyə gəlib çatdığını açıq şəkildə göstərir”.

Hüquqşünas qeyd edib ki, bu sahədə qanunvericilikdə mövcud olan boşluqlar da vəziyyəti daha da ağırlaşdırır: “Biz hüquqşünaslar bu barədə dəfələrlə xəbərdarlıq etmişik və bildirmişik ki, abort məsələsində hüquqi mexanizmlər kifayət qədər işlək deyil. Qanunlarda açıq, icbari nəzarət mexanizmləri nəzərdə tutulmalı, qanunsuz abort hallarına qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Lakin gec də olsa, bu istiqamətdə müəyyən reaksiya və təşəbbüslərin ortaya çıxması müsbət haldır”.

Hüquqşünas hesab edir ki, qanunvericiliyin sərtləşdirilməsi təkcə bu qanunsuz abortları həyata keçirən həkimlərə qarşı deyil, həm də abortun səbəbini müəyyənləşdirən hüquq-mühafizə orqanlarına da şamil olunmalıdır: “Çünki bu prosesdə əsas sual abortun səbəbinin nə olmasıdır: ailədaxili təzyiq, sosial-iqtisadi problem, yoxsa zorakılıq nəticəsi? Bu kimi hallar sistemli şəkildə araşdırılmalı, nəticələr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilməli və dövri hesabatlılıq əsasında statistik təhlil aparılmalıdır. Digər tərəfdən, qanunvericiliyin sərtləşdirilməsi vacib olsa da, bu, problemin həlli üçün kifayət etmir. Abort hallarının qarşısının alınması üçün maarifləndirmə işləri geniş şəkildə aparılmalıdır. Xüsusən də məktəblərdə, gənclər arasında, valideynlər üçün təşkil olunan sosial proqramlarda reproduktiv sağlamlıq, ailə planlaşdırılması və erkən nikahların fəsadları barədə sistemli təbliğat işləri həyata keçirilməlidir. Bu prosesə qeyri-hökumət təşkilatları da aktiv şəkildə cəlb olunmalıdır. Üçüncü və ən acınacaqlı məqam isə ondan ibarətdir ki, ölkədə qanunların işləkliyi çox zaman şəxslərin, yəni bu sahəyə cavabdeh məmurların iradəsindən asılıdır. Nəzarət mexanizmləri kağız üzərində mövcuddur, lakin praktikada çox zaman işləmir. Qanunların icrasına birbaşa cavabdeh olan məmurlar öz vəzifələrini yerinə yetirmədikdə, bunun nəticəsində qadınların sağlamlığına və bütövlükdə cəmiyyətin mənəvi dəyərlərinə zərbə dəyir. Bu səbəbdən də məsul şəxslərə vəzifə səlahiyyətlərini yerinə yetirməməsinə görə ağır inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmalıdır.

Yalnız bu halda abort probleminin köklərinə enmək, həm qanunsuzluqlarla, həm də sosial laqeydliklə real mübarizə aparmaq mümkün olacaq".

Tanınmış mama-ginekoloq Rəşad Sultan isə açıqlamasında qanunsuz abortların sayının artması məsələsi ilə razılaşmadığını deyib: “Azərbaycan qanunlarına görə hər qadın 12 həftəyə qədər tibb müəssisəsi daxilində öz istəyi ilə hamiləliyini sonlandıra bilər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR