Onlayn ictimai-siyasi qəzet
Britaniyalı jurnalist və prankster Oobah Butler dünyanın ən məşhur fırıldaqlarından birinə imza ataraq adını tarixin ən yaradıcı dələduzları arasına yazdırıb.
Musavat.com xəbər verir ki, o, Londonda mövcud olmayan bir restoranı “TripAdvisor” platformasında şəhərin bir nömrəli restoranı kimi tanıtmağa müvəffəq olub.
Bəli, səhv oxumadınız – restoran heç vaxt mövcud olmayıb!
Oobah Butler əvvəllər “TripAdvisor” üçün saxta restoran rəyləri yazmaqla pul qazanırmış. Pul aldığı restoranların səhifələrinə girərək “fake” hesablarla şərhlər yazır, tərifləyir, ulduzlar verərək restoranın reytinqini artırıb. Bu, onun ikinci gəlir mənbəyi olub. Amma sonradan bu işini dayandırıb və “YouTube” kanalında “prank” deyilən videolar paylaşaraq məşhurlaşıb.
Bir gün bu sistemin nə qədər asanlıqla aldadıla biləcəyini və öz kanalına maraqlı video çəkmək üçün olmayan bir restoranı zirvəyə qaldırmaq qərarına gəlir. Öz həyətində yerləşən köhnə bir daxmaya “The Shed at Dulwich” (Dulwichdəki Tövlə) adını qoyaraq onu “TripAdvisor”da qeydiyyatdan keçirib. Ardınca saxta fotoşəkillər, “gourmet” yemək adları və uydurulmuş menyu ilə profili doldurub.
Dostlarının da köməyi ilə yazdığı saxta müsbət rəylər sayəsində “The Shed at Dulwich” qısa zamanda yüksəlməyə başlayıb. Bir neçə ay ərzində Londonun minlərlə restoranı arasından birinci yerə qalxıb.
Maraqlısı odur ki, restoran heç bir müştərini qəbul etmirdi, çünki belə onları qəbul edəcək restoran yox idi. Hər kəsə “yerlər 3 həftə doludur” cavabını verir, onları “restoran”dan uzaq tuturdu. Amma…
“TripAdvisor”da birinci yerə qalxdıqdan sonra Butlerə hər gün zənglər gəlməyə başlayır. İnsanlar orada nahar etmək, rezervasiya etmək üçün günlərlə, hətta həftələrlə gözləməyə hazır idilər. Mediada belə haqqında danışılmağa başlanmışdı. Hətta qida sektorunda olan bir çox şirkət ona pulsuz məhsullar göndərirdi.
Fırıldağın miqyasına özü də inanmayan Oobah bir gün restorana real müştərilər qəbul etməyə məcbur qalır. Çünki təzyiq çox idi və bir yerdə bu fırıldaq bitməli idi. Müştərilərin gəlişinə hazırlıq görən Oobah marketə yola düşür. Dondurulmuş yeməklər alır və evə gətirir. Daxmaya əl gəzdirir, işıqlar asır, bir az da olsa restoran havası qatır. Düşünürdü ki, gələn müştərilər bunu bəyənməyəcək və burada da fırıldaq bitəcək, amma…
Tezbazar yaratdığı məkana gələnlər buranı və yeməkləri qəribə şəkildə bəyənirlər. Özlərini özəl “restoran”da, ilk sırada olan məkanda yer tapdıqları üçün xüsusi hiss etdikləri üçün dondurulmuş yeməklərə təriflər yağdırıblar.
Oobah artıq bu məsələni dayandırmaq qərarına gəlir və etdiyi növbəti fırıldaqla bağlı “Vice” adlı kanalında video paylaşır. “YouTube” kanalı üçün pranklar çəkərək məşhurlaşan 34 yaşlı gənc, artıq tarixə olmayan restoranı ilə də düşmüşdü.
Hadisə ictimailəşdikdən sonra “TripAdvisor” hesabını bloklayır və bildirir ki, bu cür sui-istifadələrin qarşısını almaq üçün daha ciddi tədbirlər görüləcək. Amma Oobahın növbəti videosu ( 10 milyona yaxın insan baxıb) artıq hazır idi və artıq tarixə düşmüşdü.
Oobah Butlerin bu təcrübəsi yalnız bir zarafat deyildi – bu, həm də informasiya və reytinq sistemlərinin asanlıqla manipulyasiya edilə biləcəyini ortaya qoymuşdu. Gənc jurnalist və bloger sosial təsirin, onlayn reytinqlərin və yalan məlumatın insanlar üzərindəki gücünü sübut etmişdi.
Məhəmməd Türkmən
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ