Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin növbəti iclasında emosional və sərt çıxışı ilə gündəmə gəlib. O, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sərkisyanın azadlıqda olmasına dair ictimai narazılıqlara reaksiya verib.
Paşinyan deyib ki, ölkədə islahatlara qarşı çıxan qüvvələr – Koçaryan və Sərkisyanın dəstəklədiyi müxalifət – onun hökumətinin fəaliyyətini hər addımda əngəlləyir. “Harada gedirəmsə, camaat mənə deyir: ‘Koçaryan niyə azadlıqdadır? Sərkisyan niyə hələ də tutulmayıb?’”, – deyə o, tribunadan səslənib.
Baş nazir keçmiş prezidentlərin korrupsiya faktlarına işarə edərək bildirib: “Biz danışırıqsa korrupsiyadan, gəlin Sevan gölünün sahilindəki, Yunan adalarındakı milyonlarla dollar dəyərində olan villalardan danışaq. Bu adamların beynəlxalq biznes şəbəkələri var və xalq onların cəzalandırılmasını tələb edir.”
Paşinyan çıxışında əlavə edib ki, onun hökuməti siyasi sifarişlə adam tutan rejim deyil. Lakin hüquq-mühafizə orqanları və məhkəmə sistemi hər kəsə əməl etdiyi cinayətlərə uyğun cavab verməlidir.
Müşahidəçilərin fikrincə, Paşinyanın bu çıxışı birbaşa olaraq Koçaryan və ətrafındakı qüvvələrə xəbərdarlıqdır. Qeyd olunur ki, Moskvanın açıq dəstəyi ilə yenidən fəallaşan Robert Koçaryan və onun komandası Ermənistanda revanşist siyasəti gücləndirməyə çalışır.
Hazırda Ermənistan-Rusiya münasibətlərində gərginlik müşahidə olunur. Rusiya 102 saylı Gümrü hərbi bazasındakı kontingentini artırır, texnika və canlı qüvvə yeridir. Eyni zamanda, Ermənistanın daxilində Rusiyaya bağlı siyasi qruplar Paşinyanı devirmək niyyətindədir. İddialara görə, məqsəd Koçaryanı hakimiyyətə qaytarmaq və Ermənistanı Azərbaycana qarşı yenidən aqressiv mövqeyə sürükləməkdir.
Bu proseslər fonunda Azərbaycanın Ermənistanla sülhə yaxınlaşdığı, ABŞ Prezidenti Trampın təşəbbüsü ilə Cümə günü Vaşinqtonda İlham Əliyev və Nikol Paşinyan arasında keçiriləcək görüşün sülh sazişinə doğru mühüm addım olacağı bildirilir.
Məhz belə bir həlledici mərhələdə Paşinyanın emosional çıxışı, daxili təzyiqlərə və Moskvanın planlarına cavab kimi qiymətləndirilir.
Musavat.com Paşinyanın çıxışının yayımlandığı BBC News Azərbaycanca videosunu da təqdim edir.
Musavat.com
Musavat.com
05 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ