İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan niyə “Putin NATO”sunu yenə boykot etdi?

Lavrovun İrəvanda ermənilərə xəbərdarlığı işə yaramadı; Kreml “B” planına keçə bilərmi?

Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin müdafiə nazirləri bir araya gəlib. Qırğızıstan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı 2026-2030-cu illəri əhatə edən yeni hərbi əməkdaşlıq planı təsdiqlənib.

“Yeni Müsavat”ın məlumatına görə, bəyanatda bildirilib ki, iclas çərçivəsində təşkilatın kollektiv qüvvələrinin fəaliyyəti də gündəmdə olub. Qeyd olunub ki, KTMT qüvvələri müasir dövrün hərbi təhdid və çağırışlarına qarşı birlikdə cavab verməyə hazırdır. Qırğızıstanın müdafiə naziri Ruslan Mukambetov deyib: “Bu görüş bir daha göstərdi ki, KTMT ölkələri olaraq kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və hərbi əməkdaşlığın inkişafı məsələlərində ortaq baxışa sahibik. İdarəetmə sistemlərinin təkmilləşdirilməsi və birgə hazırlıq məsələlərində də səylərimizi davam etdirəcəyik”.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın müdafiə nazirləri, həmçinin KTMT-nin baş katibi, Katiblik və Birləşmiş Qərargahın nümayəndələri iştirak ediblər. Ermənistan növbəti dəfə “Putin NATO”sunu boykot edib, tədbirə İrəvandan gedən olmayıb. Nikol Paşinyan bir neçə dəfə deyib ki, Ermənistan KTMT-dən çıxmağı planlaşdırmır və düşünmür, lakin “müxtəlif səbəblərdən bu tədbirlərdə iştirak etməmək qərarına gəlib”. Paşinyan təəssüf edir ki, “KTMT de-yure məcburi öhdəliklərinə baxmayaraq, Ermənistanın təhlükəsizliyinə çağırışlara lazımi cavab verməyib”.

Qeyd edək ki, ötən həftə Ermənistanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov regional təhlükəsizliklə bağlı bir sıra önəmli açıqlamalar verib. Lavrov vurğulayıb ki, Rusiya Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması üçün hərtərəfli dəstək göstərməyə hazırdır. Onun sözlərinə görə, Moskva üçün Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq hələ də əsas prioritetlərdən biridir. Lavrovun məlum cümləsi o demək idi ki, Rusiyanın xaricində heç bir ölkə, o cümlədən baş nazir Nikol Paşinyanın ümid bəslədiyi Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyil. Amma KTMT-də fəal boykotun davam etməsi o deməkdir ki, Paşinyan Sergey Lavrovun təhlükəsizliklə bağlı açıqlamasını ciddi qəbul etməyib, Moskvanın vədlərinə inanmayıb.

Ekspertlərin baş verənlərlə bağlı təxminləri, yanaşmaları necədir? Xüsusən də Lavrovun xəbərdarlıqlarından sonra Ermənistanın şıltaqlığının davam etməsi bu ölkəni hara aparır?

TURAL SON.jpg (349 KB)

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov “Yeni Müsavat”a açıqlamasında İrəvanla KTMT arasında soyuqluğu əks etdirən bir sıra məqamlara diqqət çəkdi: “KTMT  2026-2030-cu illər üçün hərbi əməkdaşlıq planını təsdiqlədi. Bu boykot Ermənistanın təhlükəsizlik siyasətində dəyişikliklərə işarə edir və regional dinamikada ciddi suallar doğurur. Ermənistanın KTMT ilə münasibətləri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra gərginləşdi. Paşinyan təşkilatın Ermənistanın təhlükəsizlik çağırışlarına cavab vermədiyini iddia edir. Xüsusilə 2022-ci ildə Azərbaycanla sərhəd toqquşmaları zamanı KTMT-nin susqunluğu İrəvanda narazılıq yaratdı. Bu, Ermənistanın Rusiyaya və KTMT-yə "inamını" sarsıtdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son səfəri zamanı verdiyi açıqlamalar isə Moskvanın Ermənistanın suverenliyinə dəstək vədini təkrarladı. Lavrov heç bir ölkənin, o cümlədən, Fransanın Ermənistanın təhlükəsizliyinə Rusiya qədər təminat verə bilməyəcəyini vurğuladı. Lakin Paşinyanın KTMT-ni boykot etməsi bu vədlərə şübhə ilə yanaşıldığını göstərir. Ermənistanın təhlükəsizlik siyasətində Qərbə “meyl etməsi” açıq-aşkar görünür. Fransa ilə hərbi əməkdaşlığın gücləndirilməsi, ABŞ ilə birgə təlimlər və NATO-ya yaxınlaşma cəhdləri bu strategiyanın təzahürləridir". T.İsmayılovun qənaətinə görə, bu siyasət Ermənistanı Rusiyadan uzaqlaşdırır və Ermənistanın kövrək siyasi situasiyasını riskə atır: “Rusiya Ermənistanın Cənubi Qafqazdakı yeganə hərbi müttəfiqi olaraq Gümrüdəki hərbi bazası ilə İrəvana təhlükəsizlik çətiri təmin edir. KTMT-dən uzaqlaşma bu bazanın gələcəyini sual altına alır və Ermənistanı hərbi cəhətdən daha həssas vəziyyətə gətirir. Ermənistanın iqtisadi vəziyyəti də bu gedişatda mühüm rol oynayır. 2024-cü ildə ölkə ciddi iqtisadi çöküşlə üzləşdi. Ermənistan Mərkəzi Bankının məlumatlarına görə, ÜDM artımı 2023-cü ildəki 8.7%-dən 2024-cü ildə 3.2%-ə düşüb. İxracat həcmi 14% azalaraq 4.8 milyard dollara enib, idxal isə 7.2 milyard dollarla ölkənin ticarət balansını mənfi istiqamətdə saxlayır. İrəvanda işsizlik səviyyəsi 18%-ə yüksəlib, inflyasiya isə 6.5% təşkil edir. Enerji qiymətlərinin artması və Rusiyadan idxal olunan qazın qiymətindəki yüksəliş xərcləri daha da ağırlaşdırıb. Bu iqtisadi problemlər Paşinyan hökumətinin daxili sabitliyini sarsıdır və xarici siyasətdə riskli manevrlərə səbəb olur. Paşinyanın Qərbə yarınma cəhdi Avropa İttifaqı və ABŞ-dan maliyyə dəstəyi cəlb etmək məqsədi daşıyır. Lakin bu, Rusiyanın regional təsirini zəiflətmək cəhdlərinə qarşı sərt reaksiyaya səbəb ola bilər”.

Siyasi şərhçi hesab edir ki, Lavrovun xəbərdarlıqları Moskvanın Ermənistanın Qərbə inteqrasiyasını öz təhlükəsizlik maraqlarına təhdid kimi gördüyünü göstərir: “Rusiya Ermənistanın KTMT-dən tamamilə çıxması halında iqtisadi və hərbi təzyiqləri artıra bilər. Məsələn, enerji təchizatında güzəştlərin ləğvi və ya Gümrü bazasının fəaliyyətinin məhdudlaşdırılması kimi addımlar atıla bilər. Azərbaycanın 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməsi Ermənistan üçün yeganə qurtuluşun sülhdən keçdiyini bir daha göstərir. Fransa və ya ABŞ-ın regionda hərbi təminat vermək imkanı məhduddur, Ermənistan isə bunu anlamaq istəmir. Gedişat Ermənistanı strateji dilemmaya aparır: Rusiyaya bağlı qalmaq və ya Qərbə inteqrasiya adı altında maliyyə axtarışları. Birinci seçim iqtisadi asılılığı artırır, ikinci seçim isə Rusiyanın təzyiqlərinə səbəb olur. Paşinyanın Lavrovun vədlərinə şübhə ilə yanaşması Ermənistanın daxili və xarici siyasətində qeyri-müəyyənliyi dərinləşdirir. İqtisadi çöküş və siyasi qeyri-sabitlik fonunda Ermənistanın təhlükəsizlik siyasəti avantürist xarakter alır. Bu, regionda gərginliyi artıra bilər, xüsusən də Azərbaycanla sülh prosesinin ləngiməsi halında. Ermənistanın KTMT-dən uzaqlaşması uzunmüddətli perspektivdə ölkəni çıxılmaz hala salır. Paşinyan hökuməti daxili iqtisadi böhranı həll etmədən və xarici siyasətdə sabit strategiya formalaşdırmadan bu riskli manevrləri davam etdirsə, Ermənistanın geosiyasi mövqeyi daha da zəifləyəcək. Lavrovun xəbərdarlıqları Moskvanın regionda təsirini qorumaq üçün sərt addımlar atmağa hazır olduğunu göstərir. Ermənistan isə bu gedişatda özünü nə Rusiyanın, nə də Qərbin tam dəstəyinə malik olmayan bir vəziyyətdə tapa bilər”.

Bu məqamda xatırladaq ki, bu ilin yanvarında Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilirdi ki, Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün dondurulmasını dayandırmayacaq. Hesabatda bildirilir ki, KTMT-nin Cənubi Qafqaz problemlərinə reaksiya verməkdə “yararsızlığı” və “həyatqabiliyyətsizliyi” 2025-ci ildə çətin ki, dəyişsin. Ona görə də Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması üçün əsasların aradan qalxması ehtimalının az olduğu vurğulanırdı. Çox güman ki, Lavrovun İrəvan səfəri zamanı Azərbaycan ərazilərinin işğalında Rusiyaya məxsus silahlardan istifadə faktını xatırlatması və dolayı yolla ermənilərə xəbərdarlıqları da işə yaramayıb. Gözləyək, görək Rusiya “B” planına əl atacaqmı?..

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR