İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana qarşı impiçment hazırlığı

 

Ermənistanda seçkilər yaxınlaşdıqca “rus müxalifəti” iqtidar əleyhinə yeni proses başladır, məşhur sorğu mərkəzi də xalqın 80 faizinin baş nazirə güvənmədiyini bildirir; bəs iqtidarda qələbəyə əminlik haradandır?

Ermənistan müxalifəti bu dəfə də baş nazir Nikol Paşinyana impiçment tətbiq etməyə hazırlaşır. Müxalifətçi deputat, Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyan NEWS.am-ın müxbirinə müsahibəsində belə deyib. “Biz həmişə, o cümlədən bütün küçə hərəkatları zamanı demişik ki, impiçment Paşinyanı devirmək üçün ən yaxşı vasitədir”, - Mamicanyan söyləyib. Onun dediyindən belə çıxıb ki, müxalifət Paşinyanın könüllü istefasını gözləmir və küçə mübarizəsi ilə postundan gedəcəyini də qeyri-mümkün hesab edir. Siyasətçi “Mənim şərəfim var” blokunun fraksiyasının hökumət başçısı postuna namizədinin olmadığını, lakin heç bir siyasi ambisiya olmadan bu məsələ ilə bağlı müzakirələrə başlamağa hazır olduğunu bildirib.

“Əvvəllər siyasi qüvvələr küçə hərəkatı vasitəsilə impiçmentə nail olmaq üçün situasiya yaratmağa çalışırdılar, indi impiçmentdən başlayaraq əksini etməyə cəhd edilir. Başa düşdüyümə görə, təşəbbüskarlar 36-dan çox imza toplamaq təklif edirlər ki, hakim "Mülki Müqavilə" partiyasından olan deputatlara təzyiq göstərmək məqsədilə küçə hərəkatını aktivləşdirməyə vaxt olsun, onlar təşəbbüsə qoşulsunlar", - deputat bildirib.

“Ermənistan əhalisinin təxminən 80%-i indiki hakimiyyətin siyasətini dəstəkləmir. Hesab edirəm ki, 2026-cı ildə "Mülki müqavilə"nin öz hakimiyyətini davam etdirməsi ehtimalı praktiki olaraq qeyri-realdır". Bu isə “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyana aid sözlərdir. Onun dediyinə görə, seçkilər zamanı hakimiyyətin istifadə edəcəyi hiylələrə, qanun pozuntularına baxmayaraq, onların əksəriyyətin səsini qazanması mümkün olmayacaq. Sitat: “Hakimiyyətin demək olar ki, hər gün müstəqil və şəffaf seçkilər keçirdiyini bəyan etmələrinə baxmayaraq, reallıq tamamilə bunun əksidir”.

Bu arada, Ermənistanın sabiq prezidenti Robert Köçəryan müxtəlif siyasi qüvvələrə birləşməyi təklif edib. Keçmiş dövlət başçısının birlik mesajı çox güman ki, mümkün növbədənkənar seçkilərə hesablanıb. Erməni ekspertlər o fikirdədir ki, Köçəryan Moskvanın əmrlərini icra edir və Paşinyana seçkilərdə hər cür əngəl yaratmaq missiyası ona tapşırılıb. Çünki o, həm də Putinin Ermənistan coğrafiyasında ən yaxın adamıdır.

“Bizim məqsədimiz Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaqdır”. Bunu sabiq prezident, Respublika Partiyasının sədri Serj Sərkisyan hazırkı iqtidar barədə danışarkən deyib. Sərkisyan da o fikirdədir ki, əhalinin 80%-i Paşinyanı satqın hesab edir.

Ermənistan parlamentinin spikeri Alen Simonyan isə Köçəryanı “rus casusu statusuna malik şəxs” adlandırıb. Spiker həmçinin bəyan edib ki, bu həftə Ermənistanda parlament seçkiləri keçirilərsə, hakim “Mülki Müqavilə” partiyası səslərin 50%-dən çoxunu qazanacaq. “Bugünkü sorğular hakim partiyanın birinci yerdə olduğunu və əhalinin ən böyük dəstəyini qazandığını göstərir. Əminəm ki, seçkilər bu cümə günü keçirilsə, Mülki Müqavilə 50%+ qazanaraq qalib gələcək", - Simonyan vurğulayıb.

Beləliklə, seçkilər yaxınlaşdıqca siyasi ehtiraslar alovlanır, ölkədə bir böhran yaşandığı, tərəflərin biri-birini ittiham etdiyi müşahidə olunur.

Bəs hökumətdə seçkini qazanmaq əminliyi haradandır?  Ümumiyyətlə, Paşinyanı devirmək mümkün olacaqmı? Qeyd edək ki, parlament seçkiləri gələn il keçiriləcək.

Azad Məsiyev: » Sözçü qəzeti

Azad Məsiyevi

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda hələ Köçəryan və Sərkisyan iqtidarları dövründən Birləşmiş Ştatların "Soros" Fondu kök salmışdı. Onun fikrincə, bu ölkədə "Soros"dan başqa bir sıra Qərb və ABŞ fondları da fəaliyyət göstərirdi: “Onlar əsasən Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət Departamentinin nəzarətində olan fondlar idi. Ondan sonra həmin qüvvələr Nikol Paşinyanı iqtidara gətirdilər. Buna qədər isə Nikol Paşinyan sadə jurnalist idi və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuşdu. Amma onun bacarığı və sədaqəti yoxlanıldı, nəticədə düyməyə basıldı, bu şəxsin hakimiyyətə gəlməsinə kömək edildi. İndi isə Ermənistanda bütün strukturlar "soros"çuların nəzarətindədir. Bu baxımdan hazırkı iqtidar əminliklə danışır ki, seçkilər keçirilərsə, qalib gələcəklər”.

Ekspert hesab edir ki, əvvəla, Ermənistan demokratik dövlət deyil və orada hakimiyyət xalqın iradəsi ilə formalaşmır: “İrəvanda seçkini "soros"çular keçirir və onlar müəyyənləşdirir. Ona görə parlamentin sədri belə arxayınlaşıb danışır ki, müxalifətin gücü yoxdur və iqtidar seçkini udacaq. Amma spikerin fikirlərində həqiqət payı var - "soros"çular seçkilər zamanı onlara dəstək verəcək və bu qüvvələr hakimiyyətdə saxlanacaq”.

A.Məsiyevin fikrincə, ümumilikdə Ermənistanda siyasi savaş gedir: “Hazırda rusiyayönümlü lobbi ilə qərbpərəst erməni lobbisinin rəqabəti güclənib. Sadəcə, ermənilərin strateji planlaşdırma mərkəzləri hazırkı qlobal hadisələrin nəticələrindən asılı olaraq, Ermənistanı iki qütbdən birinin nəzarətinə verəcək. Yəni Ukrayna müharibəsində Rusiya birmənalı şəkildə qalib gələrsə, bu proseslər Ermənistanda da öz təsirini göstərəcək. Yox, əks təqdirdə, "soros"çular bu regionda qalacaqlar. Ona görə də həmin vaxta qədər Birləşmiş Ştatlar Paşinyanı yenə hakimiyyətdə saxlamağa çalışacaq ki, ondan Cənubi Qafqazda istifadə etsin”.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam - Yeni Çağ

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli  hesab edir ki, ermənilər digər partiyalarla müqayisədə Paşinyanın partiyasını dəstəkləyirlər. Analitik Ayna.az-a bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra “Mülki Müqavilə”nin reytinqində geriləmə olub: “Amma nə qədər reytinq düşsə də, yenə də ermənilərin əksəriyyəti Paşinyanın hakimiyyətini dəstəkləyirlər. Əslində bu, məcburiyyətdən dəstəkləmə sayıla bilər. Çünki Paşinyanın alternativlərinə, hazırkı ən qatı müxalifət olan "Qarabağ klanı" adlandırılan qüvvələrə ermənilər daha çox nifrət edirlər. “Qarabağ klanı” deyilən müxaliflərin başında keçmiş prezidentlər, Xocalı cəlladı olan Robert Köçəryan və Serj Sərkisyan dayanır. Bu canilər ermənilərin özlərinə də hakimiyyətdə olduqları illərdə əzablar veriblər. Talançılıq, özbaşınalıq Köçəryan və Sərkisyan cütlüyünün hakimiyyəti zamanı tüğyan edirdi. Hesab edirəm ki, erməni xalqının 50 faizdən çoxunun Paşinyanı dəstəklədiyi fikri yanlışdır. Simonyan bu iddiasında yalan danışır. Beynəlxalq sorğular da, yerli sorğular da göstərir ki, Paşinyana ermənilərin təxminən 25-30 faizi dəstək verir. Amma Köçəryana, Sərkisyana dəstək verənlərin faizi 10-un altındadır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR