İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian Xankəndidə, Sobhani isə... ŞOKDA! – İran Qarabağda nə tikəcək?

İLK yayım saatı: 13:44

İranın İrəvandakı səfiri bədnam Mehdi Sobhaniyə və onun erməni dostlarına pis xəbər var: hələ Ermənistana ayaq basmayan prezident Məsud Pezeşkian ikinci dəfə Azərbaycana gələcək. Onun iyulun 3-4-də Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı gözlənilir.

Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarını ECO-nun sammitinə dəvət eləmişdi. Az öncə isə Türkiyə və Pakistan liderlərinin – Ərdoğan və Şahbaz Şərifin Azərbaycana səfər edəcəyi ilə bağlı məlumatlar yayılmışdı...

Əlbəttə, yüksək səviyyəli sammitin Pənahəli Xanın şəhərində keçirilməsi bizim üçün çox böyük önəm, prinsipial əhəmiyyət kəsb edir, nəinki orada müzakirə ediləcək iqtisadi məsələlər.

Artıq erməni radikal-revanşistlərin düşərgəsində hürüşmə başlayıb. Xüsusən də İran prezidentinin, özü də Azərbaycan kökənli bir rəhbərin ilk dəfə azad olunmuş Qarabağda olması rəmzi məna daşımaqla yanaşı, ərazilərimizin legitimliyinin hamılıqla təsbiti baxımından mühümdür. Niyə?

Çünki cənub qonşumuzun erməni işğalı dövründə özünü necə apardığı məlumdur. İran kapitulyant ölkə üçün həmişə əsas “nəfəslik” rolunda olub. Hətta 2023-cü ildəki antirerror əməliyyatına qədər bu gizli-açıq dəstək davam edib. Bakı bununla bağlı Tehrana etiraz notaları da təqdim eləmişdi...

Ancaq artıq işğala son qoyulub, ərazi bütövlüyümüz və suverenliyimiz təmin edilib, Qarabağda separatçılığın kökü həmişəlik kəsilib. Azərbaycanı erməni əli ilə qarışdırmaq istəyənlərin ssenariləri iflas, niyyətləri puç olub. Hələ də bizə dil uzadan türkofopblar, islamofoblar olsa da. Nə yazıq ki, onların arasında “dindaş” Mehdi Sobhani kimilər də var.

Odur ki, erməni radikal-revanşistlər və onların havadarları kimi Azərbaycanın halal qələbəsini heç cür həzm edə bilməyən, ermənidən çox erməni, müsəlmandan çox xristian kimi özünü aparan səfir yəqin indi xəbərdən bərk dilxor və pərtdir. Axı bu zat erməni ağzı ilə üstümüzə kükrəməyi, sərsəm açıqlamalar verməyi xoşlayır. Görəsən buna nə deyəcək, hansı dona girəcək?

Bəlkə də heç Nikol Paşinyanın özü, yaxud XİN başçısı Ararat Mirzəyan Xankəndi sammitinə bir elə qıcıqlı reaksiya verməyəcək, amma yüzdə yüz Sobhaninin dişi bağırsağını kəsəcək. Tək səbəb şübhəsiz, Azərbaycan adlı dövlətin bölgədə getdikcə güclənməsi, ciddi söz sahibinə, vazkeçilməz dövlətə çevrilməsi.

Üstəgəl, xəbərlərə görə, Pezeşkian Ermənistana da səfərə hazırlaşır. Az öncə Sobhani bunu təsdiqləyək, səfərlə bağlı hazırlıqlar getdiyini söyləmişdi...

Paradoks da ondadır ki, İrəvanın özü post-işğal gerçəyini qəbul eləsə də, Qarabağı Azərbaycanın tərkib hissəsi saysa da (razılaşdırılmış sülh sənədinin mətnində ərazi bütövlüyünün qarşılıqlı tanınması “qırmızı xətt” kimi keçir), onun bəzi köhnə havadarları günü bu gün də nadürüstlük edir, qızışdırıcı mövqe tutur, revanşistlərin çörəyinin üstünə yağ sürtürlər.

Ancaq bunlar əbəs cəhdlərdir. Azərbaycan çoxdan “banana ölkəsi”, sərhədləri isə “karvansara qapısı” deyil. Bizimlə bərbər əsaslarda dostluq və tərəfdaşlıq istənilən ölkə üçün yeganə doğru və ağıllı yoldur. Ümid edək, cənub qonşumuz da bunu nəhayət, anlayacaq və siftəni Qarabağda hansısa mülki obyektin inşası ilə edəcək. Yəni davamı yaxşı gələcək. Heç olmamaqdansa, gec olmağı yaxşıdır.

Hər halda dini lider Əli Xomeneinin izni olmasa, Pezeşkian Xankəndinə ayaq basa bilməz. Günahları yumaq heç vaxt gec deyil. Bakı bunu mütləq dəyərləndirəcək...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR