İnsanlara hürriyət, millətlərə istiqlal!

Pivə, salo haramdır, insanları qul və kəniz etmək – halal?

İlin-günün bu vaxtında Moskvadan belə bir gəlub, yazırlar ki, restoranlardan evlərə, ofislərə yemək daşıyan müsəlman kuryerlər “haram” yeməkləri sifarişçinin ünvanına çatdırmaqdan imtina ediblər.
Özü də onlar bunu ellikcə ediblər, sözü bir yerə qoyublar ki, sifarişçiyə “haram” yemək daşıyan elə olsun, belə olsun. Bəlkə hələ qanları üzərinə and da içiblər, kim bilir.

“Haram yemək” deyərkən onlar donuz ətindən hazırlanmış xörəkləri nəzərdə tuturlar. Amma imtina aktı həm də spirtli içkilərə aiddir. Bu ikinci bir az havayı söhbətdir. Çünki heç bir özünə hörmət edən rus spirtli içki kimi bir neməti restoranın seçiminə, kuryerin vicdanına buraxmaz, məhz özü gedib supermarketlərin “spirtli içkilər” bölməsindən sevə-sevə, seçə-seçə, seçim etməyin dadını çıxara-çıxara alar.

Bəs müsəlman kuryerlər niyə belə bir işə qol qoyub? Onların bir ağsaqqalı yoxdurmu ki, desin, ay uşaqlar, ordan-burdan gəlmisiniz, xristian ölkəsində pis-yaxşı çörək tapmısınız, bunların başını niyə çöndərirsiniz ki, sabah sizi hamılıqca deportasiya etdikləri qastarbaytderə qatıb ölkədən və ya işdən çıxarsınlar. “Haram yeməyi” yeyən öz qarnına yeyir, “haram içiki”ni içən öz mədəsinə tökür, bizə nə dəxli var?

Heç nə. Moskva vilayətinin Denis adlı müftisi (soyadı Muxutdinovdur) də deyib ki, hətta adam adi “haram yeməyi” yeməsə, eləcə, kiməsə çatdırsa, bu, müsəlman üçün günah ola bilər.

Niyə olsun axı? Ümumiyyətlə, bir qida ki, insanı zəhərləmir, öldürmür, ona necə “haram” damğası vurmaq olar? Dünyada it-pişik, ilan-qurbağa, həşarat, ilbiz, yarasa yeyən millətlər var. Haram qida çinlilərin yediyi xəstə yarasa idi, qlobal pandemiyaya səbəb oldu.

Tarixən belə olub: aqrar sektorun inkişafsızlığı üzündən insan oğlu əlinə nə düşübsə, yeyib. Donuz da o qidalardan biri olub. Adam yeyənlər varmış. Hətta deyilənə görə, donuz əti olmasa, bəşər əhli ya bir-birini yeyib bitirəcəkmiş, ya da aclıqdan qırılıb tükənəcəkmiş. Donuz isə bərəkətli heyvandır, çox bala verir, tez kökəlir, insanlar da kəsir, yeyir, həyatda qalır.

O vaxt Kənd Təsərrüfatı Nazirliyində Çingiz Fərəcov ad-soyadlı bir idarə rəisi vardı, 3 rayonda da raykom (indiki İH başıçısı) olmuşdu, o deyirdi ki, donuzçuluğu inkişaf etdirməklə bəşəriyyətin aclıq çəkən hissəsinin problemini həll etmək olar.

Amma 2-3 min il əvvəl qədim yəhudilər nəyə görəsə, güman ki isti iqlim üzündən tez xarab olmasına görə donuz ətini haram buyurublar.

Bəzi dindarlar donuzdan danışanda “donuz” adı çəkmirlər, eləcə “Allahın xoşuna gəlməyən heyvan” deyirlər. Məntiq yoxdur. Əgər o heyvan həqiqətən də Allahın xoşuna gəlmirsə, yerin-göyün, kainatın sahibi deyilmi, kəssin o heyvanın kökünü. Donuz “qırmızı kitab”a düşmüş, nəsli kəsilmiş heyvanlardan artıqdırmı? Əksinə, insanlar onu yeməsə, artıb dünyanı basar – Kanada-ABŞ sərhədindəki kimi. Orada 6 milyondan çox vəhşi qaban bütün əkin-biçini məhv edirlr. Bir ara ABŞ onları vurur, cəmdklərini Afrikanın ac ölkələrinə göndərirdi. Sonradan, deyəsən, imtina etdilər ki, qaban əti haramdır.

Ümumiyyətlə, müasir həyatda qədim ehkamları rəhbər tutaraq yaşamaq çox çətindir. Təsəvvür edin, milyonlarla insan bir parç pivəni haram sayır. Minlərlə adamı uşaq, qoca, qadın demədən güllələmək, partlatmaq haram deyil, amma bir “krujka” pivə haramdır? Başqa ölkələri yağmalayıb, bütöv bir xalqın kişi cinsindən olan və boyları 1 metr 20 santimdən uzun olan uşaq və yeniyetmələrini qırıb-çatmaq, qız gəlinlərini kütləvi şəkildə zorlamaq, əsir-yesir etmək, aparıb qul bazarlarında satmaq, cariyəyə çevirmək haram deyil, amma bir şiş qaban kababı haramdır?

“Qul haqqı yemək haramdır” deyirlər. Əsl haram olan şey insanı qul, kölə, kəniz etməkdir.

Hətta eyni Allaha inanan, eyni peyğəmbərə tapınan, eyni kitaba and içən, fəqət fərqli məzhəblərə etiqad edənlər var, bir-birinin var-dövlətini və əhli-əyalını (arvad-uşağını) “halal” elan edirlər. Yəni o biri məzhəbə qulluq edənlərin var-dövlətini, gəlin-qızlarını ələ keçirmək olar, məqbuldur.

Bu cür “halal”-“haram” standartları ilə hara getmək olar?

İndi Rusiyada kuryerlərin boykot aksiyasına qiymət verən oxumuş adamlar deyirlər ki, bu ölkədə dörd dini konfessiya var, hərəsi öz dini inancına görə işləsə, biabırçılıq olar.

Dünyadakı 7 milyard insanın 6 milyardı müsəlman deyil, hər şey yeyirlər, demək, günaha batırlar? Əlbəttə, yox. Sadəcə, bir qidanı haram saymaq, lap uşaqlıqdan ona ikrahla böyümək elə bir psixoloji sədd yaradır ki, onu aşmaq mümkün deyil. Ona görə də donuz əti yeməyənləri qınamaq olmaz. Kim yeyir, qoy yesin, kim yemir, yeməsin. Kuryerin borcu yeyənlərə qidanı çatdırmaqdır.

Söhbətin sonunda bir olmuş məzəli əhvalat. Bir kənddən iki gənc birlikdə hərbi xidmətdə olurlar. Biri seyid, o biri adi adam imiş. Hərbi hissədə yemək qıtlığı varmış. Bir onların manqası meşədə qaban vururlar, kəsib, tikələyib, çubuğa taxırlar, kabab bişirir, iştahla yeyirlər. Hamı yeyir, seyid deyir, yeyə bilmərəm, haramdır. Amma axırda görür ki, acından öləcək, kəndlisinə deyir, qaqa, o kababın yaxşı yerindən bıçaqla kəs, qoy ağzıma, əlim dəyməsin, günaha batmayım.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

BÜTÜN XƏBƏRLƏR