Onlayn ictimai-siyasi qəzet
Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" klubu ötən gün növbəti sınağına çıxıb. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" İrlandiyanın "Şelburn" komandasını məğlub edib. Bir həftə öncə səfərdə 3:0-lıq qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll edən Ağdam təmsilçisi evdə rəqibinə minimal hesabla qalib gəlib.
Növbəti mərhələdə isə "Qarabağ" "Şkendiya" (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.
İdman eksperti Kənan Məstəliyev Musavat.com-a bildirib ki, komanda yay təlim-məşq toplanışından sonra artıq formaya düşməkdədir və bu proses gözlənildiyi kimi davam edir:
“Təlim-məşq toplanışından sonrakı ilk həftələrdə fiziki hazırlıq səviyyəsi adətən tədricən yüksəlir. Hazırkı qarşılaşmalar “Qarabağ” üçün həm formaya düşmək, həm də mövsüm öncəsi çatışmazlıqları görmək baxımından önəmli sınaq oldu. Komanda rəqibindən səviyyə baxımından xeyli üstün idi və oyunda ehtiyatlı davranaraq rəqibə demək olar ki, heç bir real qol imkanı vermədi”.
K. Məstəliyev qeyd edib ki, müəyyən problemlər hələ də mövcuddur:
“Müdafiənin mərkəzində standart vəziyyətlərdə bəzən boşluqlar yaranır. Hücum xəttində isə say baxımından çatışmazlıq var. Hücumçular keyfiyyətli olsa da, mövsüm uzun, yarışlar çoxdur. Zədələr sarı vərəqələr istənilən vaxt problem yarada bilər. Ona görə də ən azı bir hücumçu transferi şərtdir. Klub prezidenti də ötən gün açıqlamasında transfer işləri ilə məşğul olduqlarını bildirdi. Bu, boşluqların doldurulması baxımından müsbət haldır”.
Ekspertin sözlərinə görə, “Qarabağ”ın qarşıda daha çətin oyunları olacaq:
“Növbəti mərhələlərdə rəqiblər indiki kimi zəif olmayacaq. Amma “Qarabağ” uzun illərdir Qurban Qurbanovun rəhbərliyi altında stabil, sistemli oyun sərgiləyir. Komanda nə rəqibə yuxarıdan aşağı baxır, nə də həddindən artıq qorxaraq oynayır. Düzgün yanaşma, transferlərin vaxtında edilməsi və bəxtin bir qədər gətirməsi ilə qrup mərhələsinə yüksəlmək mümkündür. Mən inanıram ki, ən azı Avropa Liqasının qrup mərhələsinə “Qarabağ” adını yazdıracaq. Qurban Qurbanovun açıqlamalarından da görünür ki, komandanın məqsədi Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Bu da ən azından yüksək hədəfin mövcud olduğunu göstərir. “Qarabağ” kifayət qədər təşkilatlanmış və oturuşmuş sistemə sahib komandadır. Əgər transferlər tamamlansa və futbolçular qısa müddətdə uyğunlaşsa, növbəti mərhələlərdə də uğurlu nəticələr mümkündür”.
Sultan Məmmədli
Musavat.com
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ