Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu yenidən sərt bəyanatla çıxış edib. O, Fələstinin radikal “HƏMAS” hərəkatının istənilən şəraitdə tərksilah ediləcəyini və Qəzza zolağının tam şəkildə silahsızlaşdırılacağını bildirib.
“Biz HƏMAS-ı hər tərəfdən sıxışdırırıq, Qəzza ilə bağlı planın növbəti mərhələlərinə hazırlaşırıq”, – deyə Netanyahu vurğulayıb.
İsrail hökumət başçısı qeyd edib ki, Qüds bu məqsədə çatmaq üçün “istənilən vasitədən istifadə edəcək”. Netanyahu bu açıqlaması ilə bölgədə yeni gərginlik dalğasının xəbərçisinə çevrilib.
Netanyahunun “HƏMAS istənilən halda tərksilah ediləcək” bəyanatı Yaxın Şərqdə yeni müharibənin başlanğıcıdır?
İsrailin “Qəzzanı silahsızlaşdırmaq” planı reallığa çevrilə bilərmi, yoxsa bu, sadəcə siyasi təzyiqdir?
Qəzzanın tam silahsızlaşdırılması bölgəyə sülh gətirəcək, yoxsa əksinə, daha böyük qarşıdurma yaradacaq?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb:
"Qəzza ilə bağlı bir razılaşma əldə edilmişdi və burada əsas vasitəçi ABŞ prezidenti Donald Tramp idi. Ancaq biz razılaşmanın ertəsi günü İsrailin yenidən Qəzza bölgəsini bombalamasına şahid olduq. Bu faktor bir daha göstərir ki, əslində həmin prosesdə sülhün pozucu tərəfi məhz İsraildir. Açıq və aydın demək lazımdırsa, bu münaqişədə sülhün pozulmasına səbəb olan tərəf İsraildir.
Bu vəziyyət bir çox mühüm məsələləri gündəmə gətirir. İsrailin əsas məqsədi Qəzzanı tam şəkildə nəzarət altına almaq, başqa sözlə desək, işğal etməkdir və bu, artıq danılmaz faktdır. İsrail dövləti Fələstin dövlətinin yaradılması ideyasını heç bir şəkildə qəbul etmir və maksimum dərəcədə çalışır ki, Fələstin dövlətinin qurulması üçün təməl rol oynaya biləcək bütün siyasi, iqtisadi və inzibati strukturları sıradan çıxarsın.
Fələstin dövlətinin yaradılması zamanı onun ərazisi hesab oluna biləcək bölgələr - Qüds şəhərinin şərq hissəsi, İordan çayının qərb sahili və Qəzza bölgəsidir. Artıq Qəzzada yeni “məskunlaşma” və idarəetmə şərtləri meydana çıxır".
Politoloq qeyd edir ki, bu baxımdan İsrail və Fələstin arasında münasibətlərin gələcək inkişafında ciddi gərginliklərin müşahidə olunacağı qaçılmaz görünür:
"Bəli, İsrail əgər ABŞ-ın dəstəyini tam şəkildə qazanarsa, istədiyinə çata bilər, yəni HƏMAS-ın silahsızlaşdırılmasına nail ola bilər. Lakin bu, heç bir halda Qəzzaya sülh gətirməyəcək. Əgər İsrail bu cür davam edərək bombardman siyasətini həyata keçirəcək, razılaşma əldə olunmasına baxmayaraq, yenidən əməliyyatlara başlayacaqsa və bu proses nəticəsində bölgəni tam nəzarəti altına alacaqsa, həmin coğrafiyada sülhdən danışmaq mümkün olmayacaq".
Zeynal Əmrəliyev vurğulayıb ki, ABŞ və Netanyahu hökumətinin siyasəti Vaşinqtonu çətin vəziyyətə salır:
"Çünki Tramp böyük ölçüdə sülh razılaşmasına nail olmuşdu, ancaq bu sülh istənilən nəticəni vermədi. Nəticə etibarilə, əgər İsrail Trampın vasitəçiliyi ilə əldə edilən razılaşmanı pozaraq yenidən hərbi əməliyyatlara başlayarsa, bu, ABŞ-ın və onun liderinin Yaxın Şərqdəki nüfuzuna çox ciddi zərbə vuracaq".
Xalidə GƏRAY,
Musavat.com
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ