Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlılara qarşı törədilən Yekaterinburq terrorunun, ardınca Uraldakı soydaşlarımızla bağlı dövlət adına yaraşmayan rəftarın arxasında Rusiya hakimiyyətinin dayandığına şəkk-şübhə yoxdur. Bu hadisələrin kökündə hansı səbəb-bəhanələrin dayandığı barədə suala bir neçə arqumentlə cavab vermək mümkün deyil. Rusiyanın Azərbaycandan tarix boyunca o qədər istədikləri olub ki, hələ də əl çəkmək istəmir. Bütövlükdə postsovet məkanını öz təsir dairəsi sayan, bütün ölkələrin daxili işlərinə burnunu – yaxud pəncəsini soxan imperiya varisindən ayrı nə gözləyəsən ki?..
Şimal qonşumuz Çar Rusiyasından bəri törətdiyi qətliamlar, tarixi torpaqlarımızın parçalanması, Xalq Cümhuriyyətimizin qanla boğulması, işğal, Gəncə üsyanının yatırılması, 37-ci il repressiyası, 90-ci il Bakı qırğını, Xocalı soyqırımı və s. bağlı o qədər dəhşətli statistikalar “hədiyyə” edib ki, bizə. Amma bu yazıda çox uzağa getməyək – Azərbaycanın Qarabağ Zəfərindən sonra Rusiyanın necə narahatlıqla yerində qurdalandığını, necə deyərlər, soncuxladığını çox görmüşük. İstisna deyil ki, Rusiya, Lavrovun da etiraf etdiyi kimi, milyardlarla dollarlıq hərbi yardım etdiyi Ermənistanın belə qısa müddət ərzində təslim olacağını gözləmirdi. 44 günlük müharibə zamanı Moskvadan tez-tez Azərbaycana müharibəni dayandırmaq çağırışı edilirdi və bu çağırışların ardınca Gəncə, Naftalan, Mingəçevir, Bərdə, Tərtər...raketlərlə atəşə tutulurdu. Müharibə zonasına aid olmayan şəhərlərimizə ballistik raketlər atılırdı Ermənistan ərazisindən. Rusiyanın 102 saylı hərbi bazasının olduğu forpost ölkənin rəhbərliyi bu qədərmi cəsarətli idi? Təbii ki, yox. Hətta Qarabağ separatçısı Arayik Arutyunyan Gəncənin raketlə vurulmasına əmr verdiyini iddia etsə də, Bakıdakı məhkəmə prosesində sözünü dandı, komandanın Ermənistandan verildiyini söylədi. Ermənistan nəkarəydi ki, Azərbaycanla bu şəkildə davransın?
Rusiyanın Ermənistandakı hərbi helikopterinin müəmmalı uçuşu və vurulmasını da unutmadıq. Baxmayaraq ki, Azərbaycan heç bir əsas olmadan onun sərhədlərini pozmağa cəhd edən helikopterlə bağlı üzrxahlıq etdi, kompensasiya ödədi, Rusiya isə bu jesti qiymətləndirə bilmədi. Atəşkəs haqqında üçtərəfli bəyannamə imzalanandan sonra Qarabağa yerləşdirilmiş Rusiya hərbi kontingentinin erməni separatçılarını necə himayə etdiklərini də yaddan çıxarmamışıq. Qondarma rejimin cinayətkar dəstələri, Ermənistan ordusunun qalıqları rus hərbçilərin müşayiəti ilə “təmas xətti”ndə minalar basdırır, səngərlər qazırdılar. Azərbaycan ordusunun həyata keçirdiyi Fərrux əməliyyatına erməni silahlılardan çox, Rusiya hərbçiləri mane olmağa çalışmışdılar, burunları ovulandan sonra geri çəkilmişdilər. Həmin əmliyyatdan sonra ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş piyada əleyhinə minalar aşkarlandı! O minalar məhz Rusiya “sülhməramlıları”nın müşayiəti ilə Qarabağa daşınmışdı. Bir neçə dəfə qanunsuz silah-sursat, yanacaq daşınmasının qarşısının alınması əməliyyatında qəhrəman ordumuz şəhidlər verdi. Şirakdan 60-dək erməni silahlısı, terrorçusunun hətta 44 günlük müharibədən sonra döyüşmək üçün Qarabağa gəldiyi də unudulmayıb. Onlar rusların yanından keçib gəlmişdilər, bizi öldürməyə!!!
Qarabağdakı antiterror əməliyyatının qarşısını almaq istəyən rus hərbçiləri layiqli cəzasını alanda da Azərbaycan dövləti böyüklük nümayiş etdirdi, təəssüfünü bildirdi, başsağlığı verdi və s. Azərbaycana məxsus toponimləri belə, olduğu kimi yazmaq istəməyən, ermənisayağı davranan Rusiyanın hərbi komandanlığının Azərbaycana düşməncəsinə münasibət bəsləməsi dəfələrlə səbrimizi daşırmışdı. Rusiyanın Xankəndi, Ağdərə və digər şəhərlərimizdə “rus evi” icması yaratması da dünənin söhbətidir. Azərbaycanda Rus icması olduğu halda, Rusiya separatçıların at oynatdığı bölgəmizdə qondarma icma yaratmağa cəhd göstərirdi, Rusiyadan bəzi ailələri buraya köçürüb, hazırladığı məkrli planı həyata keçirməyə çalışırdı. Azərbaycan dövləti, Prezidenti bütün planları pozdu, Kremli mat qoydu. Fəxrlə xatırlatmaq yerinə düşər: Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyinin sərsəm bəyanatının cavabını elə Rusiyada, Valday Diskussiya Klubundakı çıxışında vermişdi: “Qarabağ Azərbaycandır və nida işarəsi!” 44 günlük müharibədəki Zəfərimizin təməllərindən biri elə həmin qətiyyətli çıxışla qoyuldu. Çarəsizliyin nümunəsinə baxın, torpaqlarımızı azad etdikdən sonra Rusiya rəhbərliyi Ermənistandakı tənqidlərə cavabında deyirdi Qarabağı Azərbaycan ərazisi kimi birinci Nikol Paşinyan tanıyıb. Yəni “ay ermənilər, günahı baş nazirinizdə axtarın, məndə, Rusiyada yox...” Beynəlxalq hüquqa görə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyən prezidentin radikal erməniləri öz tərəfinə çəkmək və Paşinyana qarşı qaldırmaqdan ötrü “arqument”inə baxın...
Yeri gəldi, bunu da yazaq: Rusiyanın Ruben Vardanyan planı var idi axı. Dəm-dəstgahla erməni milyarderi Rusiya vətəndaşlığından da çıxarıb, yollamışdılar Rusiya “sülhməramlıları”nın olduğu əraziyə - Qarabağa. Ondan “dövlət naziri” düzəltmək istədilər, iflasa uğradı planları. Daha sonra “xilaskar” Vardanyanı Ermənistana rəhbər olaraq hazırlayırdılar, bu plan da alınmadı və Vardanyan Bakıda müttəhimlər kürsüsündə...susur. Nə vaxta qədər susacaq? O anlayır ki, danışmalı olsa, Rusiyanın planını ifşa etməlidir, hər şeyi olduğu kimi deməlidir. Prezident İlham Əliyev o zaman Vardanyan haqqında belə demişdi: “O, Moskvadan çox aydın gündəliklə göndərilib”.
Bəli, məhkəmədə çox anti-Azərbaycan mərkəzlər ifşa olunacaq. Eyni zamanda Fransanın, digər ölkələrin erməni separatçılarına verdiyi dəstəklə bağlı faktlar ortaya çıxacaq. Bu gün Kremldə də, digər bir sıra paytaxtlarda da Bakıda qurulmuş Ədalət Məhkəməsini həyəcanla izləyirlər, anlayırlar ki, müttəhimlər kürsüsündə oturan keçmiş “xunta”çılar onların adlarını, separatizmə “xidmətləri”ni, Azərbaycana qarşı düşmənçiliklərini sadalasa...Yaxud “Moskvadan çox aydın gündəliklə göndərilən” Vardanyan danışsa, “sülhməramlı” siması cırılıb-dağılacaq...Rusiyadakı bəlli çevrələr həm də buna görə narahatdır, əsəbidir, qəzəblidir və terrora əl atır...Azərbaycan dövləti, ordusu, təhlükəsizlik xidməti, polisi minlərlə insanın qanını tökmüş Qarabağdakı separatçı rəhbərləri qandallayıb Bakıya gətirəndə onlarla zorakı davranmadı, əzişdirib sir-sifətini görk üçün ermənilərə, yaxud ermənipərəstlərə göstərmədi, beynəlxalq hüququn prinsiplərinə uyğun davrandı. Amma baxın, Yekaterinburqda adamlara necə işgəncə veriblər...
Birinci Qarabağ Müharibəsində ermənilərlə birgə meyit alverində iştirak edən, sərvətlərimizin talanmasında cinayətlər törədənlər, hətta qanunsuz olaraq şirkətləri ilə ərazilərimizə soxulub, faydalı, qiymətli yataqlarımızı istismar edənlər, 44 günlük müharibədən sonra ermənilərə də pullu xidmət göstərənlər bu gün Rusiyadakı azərbaycanlıları talayırlar, onların hətta bank kartlarını da son rublınadək mənimsəyirlər...Saxlanılan, evlərinə basqın edilən şəxslərin ifadələri ortada. Yaxud hücuma məruz qalanların daha çox iş adamları olması faktı çox şey deyir. Ukraynadakı müharibə bataqlığına düşmüş imperiya varisi qeyri-ruslardan həm döyüşçü, həm də maliyyə mənbəyi olaraq yararlanmaq siyasəti yürüdür. Bu siyasətin axırı yoxdur və iflasa məhkumdur – Vardanyanla bağlı planlarında olduğu kimi, uğursuzluğa düçar olacaqlar!
03 Iyul 2025
02 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ