Onlayn ictimai-siyasi qəzet
Rusiya nəhəngi “LUKoil”in Bolqarıstandakı aktivləri uğrunda mübarizə özünün həlledici və ən gərgin mərhələsinə qədəm qoyub. Bu haqda Haqqın.az saytı yazır. Məlumdur ki, Bolqarıstan Rusiyanın Ukraynaya təcavüzünü pislədiyindən, “LUKoil” 2023-cü ilin sonundan Bolqarıstandakı aktivləri üçün alıcı axtarır.
Elə həmin vaxtlar da zavoda iddiaçılar sırasında SOCAR-ın adı hallanmağa başlayıb. Ondan başqa alıcılar siyahısında Macarıstanın MOL, Qazaxıstanın “KazMunayQaz” şirkəti, iki ABŞ fondu, Türkiyənin Oyak Pensiya Fondu, Vitol treyder şirkəti də var.
O ərəfədə Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseyn Hüseynov “Euronews” a bildirib ki, konkret təklif alınarsa, Bakı Bolqarıstandakı “LUKoil”in Burqas neft emalı zavodunu almağa hazırdır.
Qeyd edək ki, SOCAR-ın Bolqarıstanda iş təcrübəsi var. 2023-cü ilin aprelində ölkə rəhbəri Roman Radev və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə SOCAR Sofiyada ofis açıb.
SOCAR Trading Gas and Power Bolqarıstanda təbii qaz ticarəti üçün Enerji və Su Tənzimləmə Komissiyasından (EWRC) lisenziya alıb. O vaxt Komissiyanın sədr müavini olan D.Dobrev coğrafi baxımdan əlverişli neft hasilatı sahəsinə və yaxşı təşkil olunmuş təchizat zəncirinə malik SOCAR-ı potensial alıcı kimi dəstəkləyib.
Eyni zamanda SOCAR “LUKoil”lə uzunmüddətli əməkdaşlıq əlaqələrinə malikdir. Bir müddət əvvəl “LUKoil”lə mühüm razılaşma əldə edib: SOCAR-ın ABŞ banklarına olan kredit borcunun bağlanması üçün daha əlverişli şərtlərlə kreditin ayrılması, eyni zamanda Türkiyədəki STAR neft emalı zavoduna gündə 200.000 barelə qədər Rusiya xam neftinin tədarükü ilə bağlı.
SOCAR-ın Türkiyə şirkəti ilə qurduğu konsorsium son aylara qədər Burqas neft emalı zavodunu almağa ən real namizəd hesab olunurdu. Hətta artıq danışıqların son mərhələyə daxil olduğuna dair məlumatlar da yayılıb. Doğrudur, sentyabrda Bolqarıstan mətbuatı Azərbaycanın Rusiya ilə münasibətlərinin soyuqlaşması fonunda “LUKoil”in SOCAR-la danışıqlara fasilə verdiyinə dair məlumat yaymışdı. Bunun Rusiya hakimiyyətinin “LUKoil”ə təzyiqləri ilə bağlı olduğu bildirilirdi. Lakin bu məlumatın reallıq əmsalı elə də yüksək deyil, çünki “LUKoil”in Azərbaycanda böyük investisiyaları var, təzyiq layihələrdən çıxması istiqamətində olardı.
Burqas neft emalı zavodu 2,5 milyard dollar dəyərində qiymətləndirilir. Potensial alıcıdan bu məbləğin ödənməsi tələb edilir. SOCAR-Çengiz Holdinq konsorsiumu bu məbləği ödəməyə razılaşıb. Lakin Bolqarıstanda zavod, ümumilikdə “LUKoil” aktivlərinin satışına müdaxilələr getdikcə artır. Belə ki, haqqın.az-ın yazdığına görə, bu həftə Bolqarıstan Milli Assambleyası İnvestisiya Qanununa düzəlişi təsdiqləyib. Düzəliş “LUKoil”in aktivlərinin satışının əvvəlcə Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi (SANS), sonra isə Nazirlər Şurası tərəfindən nəzərdən keçirilməsini və təsdiqlənməsini tələb edir. Formal olaraq, bu, məntiqli görünür, çünki söhbət strateji aktivlərdən - ildə 9,5 milyon tondan çox gücü olan neft emalı zavodundan, yanacaqdoldurma məntəqələri şəbəkəsindən və Qara dənizdəki Burqas limanında bunker biznesindən gedir.
Bildirilir ki, parlamentdə səs çoxluğuna sahib olan bolqarıstanın baş naziri Boyko Borisovun və Hüquq və Azadlıqlar Hərəkatının həmsədri Delyan Peevskinin diktəsi ilə qəbul edilmiş sənəd bu sövdələşməni ləngidir. Onlar yeni sənədi “milli maraqların qorunmasının zəruriliyi ilə izah edirlər”.
Yerli media bu düzəlişi aktivlərin bölüşdürülməsində siyasi hakimiyyətin ayrı-ayrı üzvlərinin maraqlarının təmin olunması imkanı kimi qiymətləndirir. “The Wall Street Journal” isə yazıb ki, Borisov Donald Trampın kiçik oğlu ilə görüşüb və “LUKoil”i Bolqarıstan aktivlərində Amerika investorları ilə əvəz etməyi təklif edib. Guya bunun müqabilində isə Bolqarıstanın keçmiş maliyyə naziri Vladislav Qoranovun adının “Maqnitski Aktı” sanksiya siyahısından çıxarılmasını təklif edib.
Beləliklə, “LUKoil”in Bolqarıstandakı aktivləri ətrafında çoxqatlı iqtisadi, siyasi, hətta geosiyasi mübarizə gedir. SOCAR-Cengiz konsorsiumunun hələ də sövdələşməni tamamlamaq şansı var, lakin bu, indi intriqa və təzyiq mühitində qəbul edilən qərarlardan asılıdır. “LUKoil” Bolqarıstanda artıq 10 milyard rubl ziyana düşüb və ölkədən çıxışını başa çatdırmaq niyyətindədir. Ancaq bunun necə həyata keçiriləcəyi hələ şübhəlidir.
İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, xaricdəki aktivlər SOCAR-a böyük gəlirlər gətirir: “SOCAR-ın illik hesabatlarına baxsaq, açıq görərik ki, gəlirlərin mühüm əksəriyyəti xaricdəki fəaliyyətindən, xaricdəki aktivlərdən gəlir. Türkiyədəki Star zavodundan və sair. Yəni xaricdə, xüsusilə Avropada əldə olunan aktivlər gəlirli aktivlərdir. Məsələn, bu yaxınlarda İtaliyada böyük bir aktiv əldə etdi. Çoxsaylı yanacaqdoldurma stansiyaları, 2 neft emalı zavodu və sair. Bolqarıstandakı zavod da kifayət qədər böyük, Bolqarıstan üçün strateji əhəmiyyətli müəssisədir. Onu əldə etmək SOCAR-ın Avropadakı biznesinin genişlənməsi baxımından müsbət addım olar”.
Xatırladaq ki, 2013-cü ildə SOCAR Yunanıstanda keçirilən açıq tenderdə qalib gələrək yerli qazpaylayıcı şəbəkə operatoru olan DESFA şirkətini almışdı. Alqı-satqı müqaviləsinin imzalanması ərəfəsində Yunanıstan hakimiyyəti prosesə müdaxilə edərək, müxtəlif bəhanələrlə onun baş tutmasına imkan vermədi. Bir neçə illik araşdırmalardan sonra SOCAR prosesdən çəkilməli oldu. Eyni halın Burqas neft emalı zavodu ilə bağlı da təkrarlanması mümkündürmü?
İ.Şaban deyir ki, Bolqarıstandakı zavodu almamaqla SOCAR heç nə itirməyəcək: “Qeyd etdiyim kimi, SOCAR o zavod olmadan da Avropada fəaliyyətini genişləndirir. İtaliyada əldə etdiyi aktivlər buna sübutdur: ümumilikdə 10 milyon tonluq emal gücünə malik iki zavod. Kifayət qədər böyük potensiallı aktivdir. Bolqarıstanda da cəhd edir, alınar-alınar, alınmaz alınmasın. SOCAR ondan heç nə itirməyəcək”.
Bəzi mənbələr Burqas neft emalı zavodunun əldə olunmasından sonra Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpa olunması imkanının yaranacağını bildirirlər. Məlumdur ki, Bolqarıstdandakı zavod Rusiya nefti ilə işləyib. Tərkibcə bu neftə ən yaxın olan isə Qazaxıstan neftidir. Güman edilir ki, zavodu əldə edərsə, SOCAR onun digər ölkələrin neftinə uyğunlaşdırmaq üçün 500 milyon avro sərmayə yatırması lazım gələcək. Lakin Qazaxıstan nefti alınaraq Bakı-Supsa ilə Burqasa çardırılarsa, bu investisiyaya ehtiyac qalmaz.
İ.Şabana görə, zavod alınarsa, onun üçün neft tapmaq elə də çətin olmayacaq: “Bakı-Supsa 3 ildir fəaliyyətsizdir. Bir neçə dəfə Qazaxıstan neftinin onunla nəqli məsələsi qaldırılıb, lakin müzakirələr nəticəsiz qalıb. Bundan sonra da onun işə salınmaması Burqasdakı zavodun neftsiz qalması demək olmayacaq. Neft hazırda kifayət qədərdir”.
Maraqlıdır ki, yerli media Bolqarıstan Milli Assambleyasının İnvestisiya Qanununa etdiyi düzəlişin Avropa Komissiyasının hüquqi aktlarına zidd olduğuna dair məlumat yayır. Bildirilir ki, biznesin fəaliyyətinə subyektiv müdaxilə imkanı yaradan düzəliş Avropa Komissiyasının biznes azadlığına dair tələblərinə ziddir. Buna görə də tezliklə AK-ın Bolqarıstan hökumətinə öz etirazını çatdıracağı gözlənilir. Bu, SOCAR-ın Burqas neft emalı zavodunu əldə etməsi üçün düzəlişin yarada biləcəyi maneələri aradan qaldıra bilər.
Bir məsələ də var ki, Azərbaycanın Bolqarıstanla kifayət qədər müsbət əməkdaşlığı mövcuddur. Ölkə Azərbaycan qazının Avropada ən böyük 3 alıcısından biridir. Sentyabrın 24-də Nyu-Yorkda Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.
Rəsmi məlumata görə, baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu deyib, Prezident İlham Əliyev də öz növbəsində münasibətlərin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib: “Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirildi”.
Göründüyü kimi, hətta məlum düzəliş fonunda belə, SOCAR-ın Burqas neft emalı zavodunu almasına Bolqarıstan hakimiyyətinin maneə yaradacağı ehtimalını yüksək qiymətləndirmək mümkün deyil.
Dünya SAKİT,
“Yeni Müsavat”
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ