Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə rəsmi səfərə gedib. Səfər çərçivəsində Rusiya lideri üç gün ərzində bir sıra yüksək səviyyəli görüşlər və rəsmi tədbirlərdə iştirak edəcək.
Musavat.com xəbər verir ki, proqrama görə, Putin “Rusiya – Mərkəzi Asiya” sammitində, eləcə də MDB dövlət başçılarının Şurasının iclasında çıxış edəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına əsasən, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə də görüş planlaşdırılıb:
“Tacikistana səfər proqramına əlavə olaraq Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyev arasında görüş keçiriləcək,” – deyə Peskov bildirib.
Peskov onu da deyib ki, görüş cümə axşamı (9 oktyabr) baş tutacaq və iki lider bütün gündəm məsələlərini müzakirə edəcəklər.
Putini Düşənbə beynəlxalq hava limanında Tacikistan prezidenti Emomali Rahmon qarşılayıb. Rəsmi qarşılanma mərasimində iki ölkənin bayraqları qaldırılıb, fəxri qarovul düzülüb. Liderlər salamlaşmadan sonra fəxri qonaqlar pavilyonuna keçiblər.
Qeyd edək ki, 10 oktyabr 2025-ci ildə Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmonun sədrliyi ilə MDB dövlət başçılarının sammiti keçiriləcək. Toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Rusiya prezidenti Vladimir Putin, Türkmənistan prezidenti Serdar Berdiməhəmedov və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin iştirakı gözlənilir.
Musavat.com
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ