İnsanlara hürriyət, millətlərə istiqlal!

Sübhaninin "səfirlik" fəaliyyəti: Anti-Azərbaycan ritorikanın mənbəyi və sifarişçiləri kimlərdir?

“Dünya anladı ki, İranla təhdid dili ilə danışmaq olmaz, İranı və iranlıları təhdid etmək olmaz” – bu fikirləri iyunun 27-də Yerevanda mətbuat konfransı keçirən İranın Ermənistandakı səfiri Mehdi Sübhanı səsləndirib.

O, əlavə edib: “Biz ölməyə hazırıq, lakin bizimlə təhdid və güc dili ilə danışanlara dözməyəcəyik. Biz təcavüzkarı hücumları dayandırmağa məcbur etdik və İran xalqının iradəsini diktə etməyə davam etməyə hazırıq”. Səfir daha sonra Azərbaycanı dolayısıyla ittiham edən, açıq şəkildə hədəfə çevirməyə hesablanmış bəyanatla çıxış edib: “Qonşu ölkələrdən İran ərazisinə az sayda pilotsuz uçan aparatların daxil olması barədə məlumat aldıq. Ona görə də İran və Azərbaycan prezidentləri arasında telefon danışığı zamanı prezidentimiz Əliyevdən bu məsələ ilə bağlı ciddi araşdırma aparmağı xahiş etdi. Biz bu araşdırmanın nəticəsini gözləyəcəyik. Ola bilsin ki, düşmənimiz olan sionist rejim qonşu dövlətimizin ərazisindən istifadə edib. Azərbaycan bizi əmin edib ki, öz ərazisinin İrana qarşı istifadəsinə icazə verməyəcək. Lakin biz sionist rejimi çox yaxşı tanıyırıq: onlar heç bir qanuna əməl etmirlər. Ona görə də hələ də fürsətdən istifadə edə biliblər”.

Bu, elə həmin Mehdi Sübhanıdır ki, daha əvvəl də verdiyi bəyanatla Azərbaycanın suveren hüquqlarını və regional iqtisadi layihələrini hədəf almışdı: “İran dəhliz məntiqinə əsaslanan istənilən yol layihəsinin əleyhinədir. Zəngəzur dəhlizi nə Ermənistanın, nə də İranın maraqlarına cavab verir. Bu, bizim üçün qırmızı xətdir”, – deyə səfir bildirmişdi. Dəfələrlə bu mövqeyə sadiq qalacaqlarını da vurğulamışdı.

Əgər İran Prezidenti Məsud Pezeşkianın son Bakıya səfəri, Prezident İlham Əliyevlə birgə verdikləri pozitiv bəyanatlar, “Araz-25” hərbi təlimləri və tranzit əməkdaşlığına dair razılaşmalar fonunda situasiyanı təhlil etsək, Sübhaninin bu açıqlamaları rəsmi Tehranla uyğunlaşmır. Əksinə, səfirin bu ritorikası Azərbaycan-İran münasibətlərində gərginliyi alovlandırmaq, süni münaqişə ocağı yaratmaq məqsədi daşıyır. Bu gün İran və Azərbaycan arasında nəqliyyat, hərbi və iqtisadi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. “Araz dəhlizi” layihəsi birgə təlimlər, iqtisadi inteqrasiyalar region üçün yeni imkanlar açır. Belə bir məqamda Sübhaninin çıxışları nə İranın, nə də Ermənistanın maraqlarına xidmət edir. Bu, konkret regiondankənar dairələrin – Qərbdə müəyyən qüvvələrin və Ermənistandakı revanşist mərkəzlərin maraqları ilə tam üst-üstə düşür.

Sübhaninin tərcümeyi-halı və keçmiş fəaliyyəti bu çıxışların təsadüfi olmadığını göstərir. Suriyada səfir kimi fəaliyyət göstərərkən onun silahlı birləşmələrin yaradılmasında rolu haqda məlumatlar yayılmışdı. O, Ermənistana təyin olunduğu 2023-cü ilin martında – Qarabağda hələ separatçıların qalıqları mövcud olduğu bir vaxt – fəaliyyətə başlayıb və ilk gündən anti-Azərbaycan ritorika ilə çıxış edib. Azərbaycanın “Bakı-Tiflis-Ceyhan” neft kəməri layihəsinə qarşı keçmişdə apardığı kampaniya, İranda etniklərə, xüsusilə azərbaycanlılara qarşı düşmən münasibəti, hazırkı prezident Pezeşkiana (azərbaycanlı olduğu üçün) qarşı şəxsi nifrəti – bütün bunlar onun etnik fanatizmlə motivasiya olunan təxribatçı xəttini sübut edir.

Sübhaninin Ermənistandakı fəaliyyəti ilə bağlı mediada yayılan məlumatlar da ciddi şübhələr doğurur. O, Tehrana göndərdiyi hesabatlarda Ermənistanın Azərbaycana qarşı silahlandırılmasını təkid edir, hətta silahların satış deyil, “hədiyyə” kimi verilməsini təklif edir. Səfirin Qərb müşahidə missiyasının Ermənistan vasitəsilə İran sərhədinə yerləşdirilməsinə susması, bu qüvvələrin İrana təhlükə yaratmadığına dair “yalan hesabatlar” ötürməsi də yayılan məlumatlar sırasındadır. Bütün bunlar onun səfir deyil, müəyyən xarici dairələrin nümayəndəsi kimi fəaliyyət göstərdiyini göstərir.

Sübhaninin kimə işlədiyi sualı daha da aktuallaşır. İran daxilində Bakı-Tehran münasibətlərinin normallaşmasını istəməyən dairələr, Qərbdə Cənubi Qafqazda erməni xəttini gücləndirmək istəyən qüvvələr və bu iki blokun kəsişmə nöqtəsində dayanan Mehdi Sübhaninin birgə maraqlara xidmət etdiyi açıq görünür. Onun keçmiş fəaliyyəti zamanı Azərbaycanla Qərb arasında enerji əməkdaşlığına qarşı “alternativ marşrutlar” təbliğ etməsi, Qərb xüsusi xidmət orqanları ilə təmas qurması haqda yayılan informasiyalar da bu kontekstdə yenidən aktuallaşır.

İranın Gülüstan vilayətində doğulan və etnik baxımdan azərbaycanlılara qarşı kəskin mövqeyi ilə seçilən Mehdi Sübhaninin fəaliyyəti təkcə diplomatik missiyaya deyil, həm də etnik və siyasi düşmənçilik strategiyasına əsaslanır.

Belə şəraitdə İran rəhbərliyi, xüsusilə Prezident Pezeşkian regionda müsbət impulslarla inkişaf edən Azərbaycan-İran münasibətlərini qorumaq və sağlam platformada davam etdirmək niyyətindədirsə, Mehdi Sübhaninin bu destruktiv fəaliyyətinə son verməli, onu geri çağırmalı və əvəzində İranın həqiqi maraqlarını təmsil edəcək diplomatik nümayəndə təyin etməlidir. Çünki Sübhaninin son bəyanatları onun artıq İranın deyil, düşmənçilik münasibətlərinə oynayan qüvvələrin dilini danışdığını açıq şəkildə göstərir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR