Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, son həftələrdə İranın rəsmi və yarırəsmi mediasında Azərbaycanla bağlı ritorikada nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Bu barədə Azerbaijani-Israeli Alliance Global News (AIA GN) portalı öz monitorinqinə əsasən məlumat yayıb. Məqalədə qeyd edilir ki, əvvəllər açıq şəkildə soyuq və bəzən təhdidamiz məzmunlu materiallarla çıxış edən İran mediası son zamanlar Azərbaycanla əməkdaşlıq, qonşuluq və qarşılıqlı maraqlar mövzularına üstünlük verir.
AIA GN-nin məlumatına görə, bu ritorika dəyişikliyi Bakı ilə Təl-Əviv arasında yaxınlaşmanın intensivləşməsi, eləcə də Azərbaycanın “Avraam Sazişləri” çərçivəsinə daxil olma ehtimalı ilə əlaqələndirilə bilər. Tehran rəsmiləri və onların nəzarətində olan media qurumları hazırda Bakı ilə münasibətləri daha yumşaq dildə təqdim etməklə Azərbaycanı İsraildən uzaqlaşdırmaq cəhdi göstərirlər.
Aşağıda AIA GN tərəfindən təqdim olunan nümunələr bu tendensiyanı sübut edir:
• Tasnim agentliyi: “Azərbaycan mediası iqtisadiyyat, nəqliyyat, Qarabağla bağlı bəyanatlar, regional əməkdaşlıq və mədəni əlaqələr kimi ortaq mövzuları ön plana çıxarır. İsrail, Zəngəzur dəhlizinin spesifikası, səfirlik insidenti və digər mübahisəli məsələlər ya yüngülləşdirilir, ya da tamamilə kənara qoyulur. Bu seçmə diqqət normallaşma hekayəsini gücləndirir.”
• IRNA agentliyi: “Azərbaycanla qonşuluq münasibətlərinin inkişafı Ərdəbil vilayətinin potensialını açacaq yeni imkanlar yaradacaq.”
• Mehr agentliyi -nin video reportajı: “Görüş qohumlarla. Tehrandan Bakıya” – Prezident Məsud Pəzeşkiyanın Azərbaycana səfəri bu başlıq altında təqdim olunub.
• Nournews saytı: “Pəzeşkiyanın Bakıya səfəri iki ölkə arasında keçmiş anlaşılmazlıqları aradan qaldırmaq, yeni ikitərəfli yol xəritəsi qurmaq və İranın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirmək üçün strateji fürsət kimi dəyərləndirilməlidir.”
AIA GN bildirir ki, bu dəyişiklik İranın Cənubi Qafqazda, xüsusən də Azərbaycanla münasibətlərdə yeni mərhələyə keçmək istəyi ilə bağlı ola bilər. Ritorik dəyişikliklərin arxasında Tehran rejiminin Bakı üzərində təsirini itirməmək və Tel-Əvivlə yaxınlaşmanı balanslaşdırmaq cəhdi dayanır.
Musavat.com xatırladır ki, İran mediasında Azərbaycanın adının hallandığı kontekst son illərdə əsasən ittiham xarakterli idi – İsraillə hərbi əməkdaşlıq, səfirlik hücumu, şiə təşkilatlarının fəaliyyəti və s. İndi isə tonun dəyişməsi geosiyasi reallıqlara uyğunlaşma cəhdi kimi görünür.
Qeyd edək ki, Prezident Pəzeşkiyanın Bakıya səfəri və bu səfərin İran mediasında geniş və müsbət tonla işıqlandırılması da bu strategiyanın tərkib hissəsi kimi dəyərləndirilir.
Daha ətraflı AIA GN-in monitorinqinə bu linkdən baxmaq mümkündür:
https://aiaglobal.news/news/2025/05/14/aia-gn-monitoring-the-shange-in-iranian-rhetorics-towards-azerbaijan.html
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ