Onlayn ictimai-siyasi qəzet
Dəli şeytan deyir, Fərid Hüseyn və Şəhriyar del Geraniyə zəng elə, de ki, İrana səfər var, getmək istəmirsiniz ki.
Zarafat edirəm, birincisi, təklifi eşidən kimi, onları gülmək tutar (amma acı-acı), ikincisi, təklif ciddi olsa da, getməzlər. Şəhriyar heç İmişliyə getmir ki, İrana yaxındır.
Nəinki onlar, o biri gənc şair və yazıçılar, o cümlədən ağlı başında olan heç kəs ilin-günün bu vaxtında İrana getməz.
Çünki ortalıq qarışıqdır. Şəriət keşikçiləri sərhədi keçən hər kəsi casus sayırlar. Onlar əvvəlcədən şəkkak idilər, indi tamam həssas olublar, hamıdan şübhələnirlər.
Rejim keşikçilərini bu vəziyyətə iyunun 13-də başlayan haqq-hesab (“raket-raket” davası) gətirib. Bilənlər bilir (bilməyənlər də indiyə qədər bilmirlərsə, ta bilməmələri yaxşıdır), həmin gün İranda xeyli İsrail casusu generalların və alimlərin raketlə vurulmasına bais olublar. Məhz mərhumların ünvanlarını raket buraxanlara onlar tuşudublar.
İran əks-kəşfiyyatı belə performans gözləmirmiş, elə bilirmiş, casusların hamısını ələ keçirib qaldırıcı krandan asıblar və ortalıqda heç kəs qalmayıb. Amma qalıbmış və çox imişlər. Neçə gündür, 3-3, 5-5 tuturlar, qurtarmır.
Hətta bir xarici saytda yazılmışdı ki, raketləşmədən sonra yaxalanan casuslar arasında xeyli əfqan və bəluc millətindən olan şəxslər də var və ara sakitləşəndən sonra ölkədəki bütün miqrantları deportasiya edəcəklər.
Bəli, müasir dünyada belədir: 4 tacik Moskvada konsert zalını partladır, 400 min taciki böyüzm edirlər, 4 latinos Nyu-Yorkda kokain satır, 4 milyon insanı ABŞ-dən qovurlar. İndi də 4 əfqan İsfahanda nə qələt eləyibsə, onun min misli qədər əfqanın başına oyun gələcək.
Amma bu heç. Son 100 ildə əfqanların xoş günü olubmu ki? Ah-fəqanları həmişə ərşdə-gürşdə olub yazıqların. Kinomanlar bilər, bizim çəkdiyimiz “Ulduzlar sönmür” filmində bir ibrətamiz epizod var: Hacı Zeynalabdin Tağıyev Nəriman Nərimanova deyir: “Ay Nəriman, bu əfqanları da bizim günümüzə qoymaq istəyirsiniz?”... Betər günə qoydular.
Xüləs, qayıdaq Mətləb müəllimin yanına. Onun bir sözü vardı, şahmat oynayanda deyirdi, mənim geriyə gediş etmək təhərim yoxdur, eyzən basıb gedəcəm qabağa. Elə edirdi, həmişə də uduzurdu.
İndi İran da onun kimi edir, eyzən qabağa gedir, düşünür ki, 13-24 iyun arasındakı müharibədə qazandığı ağır və acı qələbənin səbəbkarları məhz casuslardır və onların hamısını ifşa etmək lazımdır.
Burası xubdur. Hər bir dövlətin öz daxilindəki casusları ifşa etmək və qanunlar icazə verirsə, asmaq kimi eksklüziv hüquqlar var. İranda yaxşıdır, casusları tezbazar asırlar, amma bizim ölkəmizdə edam hökmü olmadığından ifşa etdiyimiz casusları nəinki tez, heç gec də asa bilmirik, 6 aydan sonra məhkəmələri olur, onda da deyirlər, biz casus-filan deyilik, sadəcə, cənub qonşumuza rəöbətimiz var, 5-6 dəfə də konfransa, müalicəyə, mübarəkbazlığa-zada getmişik.
Elə o vaxt birinci cümlədə adlarını çəkdiyim şəxslər də konfransa getmişdilər, amma onları orada girov götürdülər ki, Bakıda tutulan əsl casuslarla dəyişsinlər. Bu, effektiv praktikadır. Vaxtilə ABŞ və SSRİ arasında belə “casus mübadiləsi” çox olub. İndi də var. İntəhası, İranın əlinə əsl casus keçməmişdi, şairlərdən “casus” düzəltmişdi.
Ancaq məsələnin pis tərəfi odur ki, hazırda hicab keşikçiləri tərəfindən İranda adamların casus çıxarılması ehtimalı birə yüz artıb. Yayılan informasiyalara görə, gecə gün eynəyi taxan, başına şlyapa qoyan hər kəs casus hesab edilə və tutula bilər. İndinin casuslarını hansı ağacın altında tutsalar, elə oradan asırlar. Vəkil gəlsin, apelyasiya şikayəti verilsin, nə bilim, təqsirsizlik prezumpsiyasına riayət edilsin, belə söhbət yoxdur. İşlək ritorika budur: “Düz adamsansa, niyə casusa oxşayırsan?”; “Sübut elə ki, casus deyilsən!”
2 il qabaq Almaniyadan İrana sevgilisinin dalınca gəlmiş Fərid adlı bir gənc soydaşımızı casusluqda şərləyib iki il zindanda yatırtmadılarmı? Gəncin heç bir təqsiri, günahı yox idi, eləcə bir iranlı qızı xoşbəxt etmək istəyirdi, amma arada az qala özü bədbəxt olacaqdı.
Əslində o da yaxşı qurtardı, bu günə qalsa, bilmək olmazdı.
Xarici media bu duruma paranoyya deyir, amma insafən, deməliyik ki, hansı dövlətin bunkerini dağıtsalar, generallarını yataqda vursalar, başı pozular.
Uzun sözün kəsəsi, bu saat dərmanınız Tehranda olsa da, çalışın, raket tozanağı yatmadan İrana getməyin, şər niyyət keşikçiləri kranın qarmağını endirib gözləyirlər.
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ