Onlayn ictimai-siyasi qəzet
"Tibb Universitetində “Tibb” ixtisasının təhsil haqqı 2000 manat artırılaraq 6500 manat olub. Səmimiyyətimə inanın, indiki keyfiyyətdə olan tibb təhsilinin haqqı 1000 manatdan çox ola bilməz”.
Musavat.com bildirir ki, bu sözləri sabiq millət vəkili və təhsil eksperti Etibar Əliyev bildirib.
O, təhsil haqqının bu qədər artırılmasının imkansız şəxsləri ciddi çətinliklərlə üz-üzə qoyduğunu vurğulayıb:
“Bu addım kasıb istedadlı gənclərə qənim kəsilməkdir. Onları təhsil hüququndan məhrum etmək və banklara təslim etməkdir”.
Tanınmış pediatr Vaqif Qarayev də təhsil haqqının artırılmasını tənqid edib:
“Tibb Universitetinin "Tibb" fakültəsində təhsil haqqı 2000 manat artırılaraq 6500 manata çatıb. Yəni həkim olmaq istəyən bir tələbə 6 il ərzində 39 000 manat ödəməlidir. Digər xərcləri də nəzərə alsaq, diplom ortalama 80-100 min manata başa gələcək. Ödənişsiz oxumaq üçün tələbələr 650+ bal toplamalıdır. Amma ödənişlə oxuyanların əksəriyyəti zəngin ailələrdən olmur və valideynlər bu xərci qarşılamaq üçün ciddi əziyyət çəkəcəklər.
İndi sual olunur: təhsil haqqı artırılandan sonra təhsilin keyfiyyətində fərq olacaq, yoxsa imkanı olanlar yenə diplomu alıb xaricə üz tutacaq?”
Xalidə Gəray
Musavat.com
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ