Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bu gün Pentaqonun adının dəyişdirilməsi ilə bağlı fərmanı imzalayacaq.
Musavat.com xəbər verir ki, yeni qərara əsasən, indiyədək “Müdafiə Nazirliyi” kimi tanınan qurum tarixi adı olan “Müharibə Nazirliyi” (Department of War) titulunu yenidən daşıyacaq.
Bu addım barədə ilk məlumatı Fox News yayıb. ABŞ Müdafiə naziri Pet Hegseth sosial şəbəkədə paylaşıb: “Department of War”. Onun sözlərinə görə, bu dəyişiklik hərbi idarənin “döyüş ruhunu” geri qaytarmaq məqsədi daşıyır.
Tramp administrasiyası hesab edir ki, bu addım simvolik olsa da, ölkənin milli təhlükəsizlik konsepsiyasını daha açıq və aydın şəkildə ifadə edəcək. Prezidentin yaxın çevrəsi bildirir ki, rəsmi sənədlərdə və ictimai çıxışlarda “Müharibə Nazirliyi” ifadəsi artıq istifadə olunacaq.
Tarixi faktlara görə, ABŞ-da bu nazirlik 1789-cu ildən 1949-a qədər “Department of War” adı ilə fəaliyyət göstərib. Yalnız 1947-ci il Milli Təhlükəsizlik Aktından sonra Pentaqonun rəsmi adı “Department of Defense” olaraq dəyişdirilmişdi. İndi isə Tramp bu ənənəni bərpa etmək niyyətindədir.
Bu qərar ölkə daxilində həm də ciddi müzakirələrə səbəb olub. Demokrat senatorlar addımı “militarist ritorika” və “siyasi performans” kimi qiymətləndirir, hərbi xərclərin başqa istiqamətlərə yönəldilməsini tələb edirlər. Respublikaçılar isə dəyişikliklə ABŞ ordusunun qətiyyətli və hücuma hazır ruhunun simvolik şəkildə vurğulandığını bildirirlər.
Müşahidəçilərə görə, Trampın qərarı yalnız daxili siyasi mesaj deyil, həm də beynəlxalq müttəfiqlərə və rəqiblərə göndərilən ciddi siqnaldır: ABŞ artıq yalnız müdafiə strategiyası ilə kifayətlənməyəcək, lazım gələrsə, hücuma da keçəcək.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ