İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Özbəkistanda rus dilinə görə biabırçılıq etdi: "Niyə yoxdur!" - SKANDAL

Rusiyanın dil qəzəbi: Lavrovun Özbəkistandakı çıxışı Moskvanın “dil rasizmi”ni bir daha üzə çıxardı

Rusiya xarici işlər naziri Sergey Lavrovun Özbəkistanda memorial kompleksi ziyarəti zamanı rus dilinə münasibət barədə etdiyi irad ölkə daxilində və regionda geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, hadisə təkcə diplomatik protokol məsələsi deyil, həm də Moskvanın uzun illərdir davam edən “dil siyasəti”nin nə qədər aqressiv olduğunu bir daha nümayiş etdirdi.

Hadisənin detallarına nəzər salaq.

Lavrov Səmərqənddəki “Ağlayan Ana” memorialını ziyarət edərkən yazılarda ingilis dilinin olmasına, amma rus dilinin yer almamasına diqqət çəkib. O, bələdçiyə açıq sual ünvanlayaraq irad bildirib: “İngilis dilini görürəm, bəs rus yazısı haradadır?” Bu sual sosial şəbəkələrdə və mətbuatda geniş müzakirəyə səbəb olub.

LAVRO SON.jpeg (260 KB)

Özbəkistan cəmiyyətində və siyasi çevrələrində Lavrovun bu davranışı “diplomatik kobudluq” kimi qiymətləndirilib.

Parlament üzvü Alisher Qodirov bildirib ki, heç bir ölkə başqa dövlətə hansı dili önə çəkməli olduğunu diktə edə bilməz: “Məcburi hörmət yalnız əks təsir doğurur.”

İctimai fəal Komil Cəlilov isə Lavrovun suveren dövlətin daxili məsələlərinə qarışmaq hüququ olmadığını xatırladaraq qeyd edib: “Biz belə müdaxilələri qəbul etmirik.”

Jurnalist Muhrim Azamxojaev sərt tonda deyib: “Bizim memorialda hansı dilin yazılacağı ilə dövlətçiliyimizi ölçməyin. Öz işinizlə məşğul olun, rus dilini hər yerə zorla soxmayın.”
Vəkil və bloqçu Xuşnüdbək Xudoyberdiyev isə Lavrova ünvanladığı cavabda deyib: “Əgər rus dili istəyirsinizsə, Rusiyaya gedin. Bu, diplomatik kobudluqdur.”

LAVRO YENİ.jpeg (210 KB)

Musavat.com xatırladır ki, ABŞ və digər Qərb ölkələri heç bir ölkədə ingilis dilinin abidələrdə, lövhələrdə və ya rəsmi yazışmalarda ön planda olub-olmamasını münaqişə mövzusuna çevirmir. Məsələn, Amerika diplomatları hansı ölkəyə getsələr, ingilis dilində lövhənin olub-olmamasını dava səbəbinə çevirmirlər. Lakin Moskva, xüsusilə də Putin və Lavrov kimi yüksək rütbəli siyasətçilər, rus dilinin statusunu hər yerdə “davaya” çevirir. Bu isə artıq “dil siyasəti” yox, bir növ “dil rasizmi” kimi qiymətləndirilir.

Özbəkistanda son illərdə milli kimliyin gücləndirilməsi, dövlət dilinin nüfuzunun artırılması əsas prioritetlərdəndir. Rus dilinə isə “seçim dili” statusu verilir. Lakin Moskva postsovet məkanında yaşayan hər bir rusdilli icmanı öz geopolitik aləti kimi gördüyündən, bu məsələdə həssas davranır. Lavrovun memorialdakı çıxışı da həmin yanaşmanın bariz nümunəsi kimi dəyərləndirilir.

Musavat.com-a görə, Lavrovun Özbəkistandakı çıxışı Rusiya diplomatiyasının mahiyyətini bir daha açıq göstərdi: Moskva heç vaxt yalnız iqtisadi və ya siyasi maraqlarla kifayətlənmir, hər zaman rus dilini “yumşaq güc”dən çox “sərt təzyiq” aləti kimi işlədir. Bu isə postsovet məkanında suverenlik uğrunda mübarizənin yeni müstəvisini açır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR