Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında Kolumbiya rəhbəri Qustavo Petronu sərt şəkildə tənqid edib və onu “narkoticarət şəbəkəsinin faktiki rəhbəri” adlandırıb.
Musavat.com xəbər verir ki, Trampın paylaşımı həm Vaşinqtonda, həm də Latın Amerikasında böyük rezonans doğurub.
Tramp yazıb ki, Qustavo Petro ölkə boyu həm böyük, həm də kiçik sahələrdə narkotik istehsalını təşviq edir və bu, Kolumbiyada ən gəlirli “biznesə” çevrilib. Onun sözlərinə görə, ABŞ Kolumbiyaya illərdir böyük həcmdə maliyyə yardımı və subsidiyalar göstərsə də, bu vəsaitlər nəticə verməyib, əksinə, “Amerikanın uzunmüddətli soyulması”na çevrilib.
“Bu gündən etibarən bu ödənişlər, subsidiyalar və ya hər hansı digər formada edilən yardımlar Kolumbiyaya verilməyəcək”, - Tramp bəyan edib.
ABŞ prezidentinin fikrincə, Kolumbiyada narkotik istehsalının əsas məqsədi bu məhsulların ABŞ bazarına kütləvi şəkildə daşınmasıdır ki, bu da “ölüm, dağıntı və xaosa” səbəb olur. O, Qustavo Petronu “reytinqi aşağı, xalq arasında dəstək qazanmayan lider” adlandıraraq xəbərdarlıq edib:
“Petro dərhal bu “ölüm sahələrini” bağlamalıdır. Əks halda, ABŞ özü bunu edəcək və bu, “xoş şəkildə” baş verməyəcək”.
Trampın bu bəyanatı Vaşinqtonun Latın Amerikası siyasətində yeni gərginlik mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.
Kolumbiya hökumətinin yaxın saatlarda Trampın ittihamlarına cavab verməsi gözlənilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ