Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Daines Azərbaycana səfər edib. Səfəri çərçivəsində o, Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Qonaq həmçinin xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüşlər zamanı ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, eləcə də regionda sülh və təhlükəsizliyin təşviqi məsələləri müzakirə olunub.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğluya görə, Daines Azərbaycan-Ermənistan danışıqlarının və iki ölkə arasında sülh sazişinin imzalanması ilə maraqlanıb və böyük ehtimalla bu məsələdə Vaşinqtonun hansı rol oynaya biləcəyi də onun diqqət mərkəzində olub: “İkincisi, ABŞ Konqresini narahat edən mövzulardan biri Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını artırması ehtimalıdır və mümkündür ki, Stiv Daines bu mövzuyla bağlı da Azərbaycan rəsmilərinin mövqeyini öyrənib. Üçüncüsü, Daines Azərbaycan-İsrail əməkdaşlığının mövcud vəziyyəti ilə maraqlanıb. Təsadüfi deyil ki, amerikalı senator Bakıda İsrailin Azərbaycandakı səfiri Corc Diklə də görüşüb”.
Prezident Donald Trampın ən yaxın tərəfdarlarından, Putinin isə sərt tənqidçilərindən olan amerikalı senatorun Bakı səfəri həm də Trampın və dövlət katibi Rubionun Azərbaycana təbrik məktublarından dərhal sonraya təsadüf edir. Vaşinqton yavaş-yavaş Bakı ilə münasibətlərdə “isinmə hərəkətləri”nə başlamaqdadır. Tramp administrasiyasının əvvəlki dövründə Azərbaycanla ABŞ arasında münasibətlərdə yeni və dinamik sistem formalaşmışdı.
Tramp Transxəzər əməkdaşlığına və Azərbaycanın rəhbərlik etdiyi enerji layihələrinə daim dəstək göstərib. Dünyanın enerji təhlükəsizliyində mühüm yer tutan Cənub Qaz Dəhlizi məhz onun prezidentliyi dövründə başa çatdırıldı. Qabaqcadan da proqnozlaşdırılırdı ki, Tramp hakimiyyətə gəldikdən sonra ümumiyyətlə iqtisadi inkişafa yönəlmiş praqmatik siyasət yürüdəcək. Bu baxımdan Azərbaycan ABŞ üçün Ermənistandan qat-qat cəlbedici tərəfdaşdır. Çünki Azərbaycan iqtisadi baxımdan Ermənistandan daha təsirli və güclüdür. Azərbaycan neft-qaz resursuna malikdir. Neft-qaz isə müasir iqtisadiyyatda mühüm amildir.
Mayın 30-da isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub. Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi münasibətlərin, enerji təhlükəsizliyi və bir sıra digər sahələrdə faydalı əməkdaşlığın əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Görüş zamanı bölgədə enerji layihələri, alternativ enerji üzrə planlar, nəqliyyat və kommunikasiya xəttlərinin perspektivləri, Mərkəzi Asiya ilə birgə əməkdaşlıq fəaliyyəti nəzərdən keçirilib. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, mövcud maneələr barədə qarşı tərəfə məlumat verib.Görüşdə, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Senatın və dövlət katibinin müavininin köməkçisinin məlum məktublardan sonra Azərbaycana gəlişi ilə Bakı-Vaşinqton münasibətlərində hansı mərhələ başlanır? Tezliklə Azərbaycan Prezidenti ABŞ-a səfər edə bilərmi? Ağ Ev sülh, blokadada olan kommunikasiyalar məsələsində, İrəvanla sülh müqaviləsi məsələsində hansı dəstəyi verə bilər?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Bayden administrasiyasının ilk iki ilində Azərbaycanla ABŞ arasında münasibətlər gözlədiyimizdən yaxşı oldu: “Sülh sazişinin imzalanması istiqamətində danışıqlarda ən mühüm addımlar ABŞ-ın vasitəçiliyi ilə atıldı. Məlum Vaşinqton variantı ortaya çıxdı. Eyni zamanda, Praqada imzalanan sənəddə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Ermənistan tərəfindən tanındı. Burada da ABŞ-ın rolu kifayət qədər çox idi. Ancaq sonrakı dövrdə Ermənistan açıq şəkildə antirus mövqeyinə keçəndən sonra ABŞ-ı da mövqeyi dəyişdi və açıq şəkildə Ermənistanı dəstəkləməyə başladı. Bu da ona gətirib çıxardı ki, Azərbaycan ABŞ-ın vasitəçilikdən uzaqlaşdırdı. Baydendən fərqli olaraq Tramp administrasiyası Amerikanın iqtisadi maraqlarını önə çəkib və əsas məqsəd kimi Amerika iqtisadiyyatının yüksəldilməsi və dünyada sülhün təmin olunması istiqamətində mühüm addımlar atılması kursu seçilib. Burda təbiidir ki, Azərbaycanın rolu çox böyükdür”.
A.Səmədov qeyd etdi ki, Cənubi Qafqazın iqtisadi cəhətdən ən güclü dövləti Azərbaycandır: “Bu səbəbdən ilin əvvəlində Paşinyanın Vaşinqtona səfəri son dərəcə uğursuz oldu və arzuladığı münasibəti görmədi. Anladı ki, onun Bayden administrasiyasının son günlərində imzaladığı strateji tərəfdaşlıq sənədinin heç bir əhəmiyyəti yoxdur. Son aylar artıq Paşinyan antirus bəyanatlar verməkdən, demək olar, imtina edib. Azərbaycanla ABŞ-ın iqtisadi əməkdaşlığı gün-gündən böyüyür. Bu ilin ilk dörd ayında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə artıb 461 milyon dollara təşkil edib. Təbiidir ki, biz ABŞ-la aramızda olan iqtisadi münasibətləri inkişaf etdirmək istəyindəyik. Burada ikinci mühüm məqam Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması məsələsidir. Artıq layihə razılaşdırılıb. Ancaq layihənin imzalanmasına mane olan iki mühüm məqam var. Onlardan Minsk konfransının ləğv olunması barədə ATƏT-in Nazirlər Şurasına müraciət etmək məsələsidir. Ermənistan israrla bundan imtina edir və deyir ki, sülh sazişi imzalandıqdan sonra ATƏT-ə müraciət edib Minsk konfransının ləğvi məsələsini qaldırmaq olar. Burada söhbət Minsk Qrupundan yox, Minsk Konfransından getməlidir. Çünki rəsmi şəkildə Minsk Qrupu yaradılmayıb, Minsk Konfransı yaradılıb. Sonradan Minsk Konfransının sədri Mario Rafaelli Minsk Qrupu ifadəsini ortaya atıb, ancaq onun yaradılması haqqında heç bir rəsmi qərar yoxdur. Rəsmi sənədlərdə Minsk Konfransı ifadəsi gedir. Minsk Konfransının ləğvi məsələsi ilə bağlı ABŞ kömək göstərə bilər və Ermənistana lazımi təsiri göstərə bilər”.
Ekspertin sözlərinə görə, ikinci mühüm məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının ləğvi ilə bağlıdır ki, burada da Ermənistan barışmaz mövqe tutub məsələni həll etmir. Burada da təbiidir ki, məsələnin həlli üçün Amerikanın ciddi yardımı ola bilər: “Çünki Tramp özünün əsas missiyasını dünyada sülhü təmin etmək kimi bəyan etmişdi. Ancaq iş elə gətirib ki, Ukraynada ciddi bir uğur yoxdur və gözlənilmir. İsrail-Fələstin qarşıdurmasında hələ bir tərəfə çıxmaq mümkün olmur. Ancaq Azərbaycan-Ermənistan sülh sazişi artıq hazırdır və bu məsələnin həll olunmasında ABŞ-ın aparıcı mövqe tutması Trampın sülh missiyasına ciddi töhfə ola bilər. Azərbaycanın gözləntiləri də bununla bağlıdır”.
Yaxın vaxtlarda Azərbaycan Prezidentinin ABŞ-a səfərinin olub-olmayacağına gəlincə, A.Səmədov vurğuladı ki, belə bir səfərin gerçəkləşməsi hər iki dövlətin faydasına olardı. Amma yaxın zamanda belə bir qərarın qəbul olunması bu gün o qədər də real görünmür: “Ancaq Trampın hakimiyyətdə olacağı müddətdə ümid edirəm ki, belə bir qərar qəbul oluna bilər və ABŞ Prezidenti Azərbaycan Prezidentini Vaşinqtona səfərə dəvət edə bilər. Trampın hakimiyyəti dövrü bu səfərin baş tutması üçün ən uyğun zamandır”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
01 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ