Onlayn ictimai-siyasi qəzet
Amerikanın “Intel” texnologiya korporasiyasının rəhbəri Lip-Bu Tan Ağ Evə gedəcək. Musavat.com The Wall Street Journal-a (WSJ) istinadən xəbər verir ki, o, ABŞ prezidenti Donald Trampla şirkətin hökumətlə əməkdaşlığını müzakirə edəcək.
Məlumata görə, bu günə "əsaslı söhbət" planlaşdırılır. WSJ yazır ki, Lip-Bu Tan "şəxsi və peşəkar yolu" haqqında danışmağa və Trampdan dəstək almağa ümid edir. Ehtimal olunur ki, texnologiya şirkətinin baş direktoru Ağ Ev rəhbərinə hökumətlə Intel arasında əməkdaşlıq variantlarını təklif edə bilər.
Xatırladaq ki, avqustun 7-də Tramp Lip-Bu Tanı istefaya çağıraraq, detallarını açıqlamadan onun “ciddi maraqlar toqquşması olduğunu” deyib. Amerika mətbuatının yazdığına görə, Trampın bu çağırışı Senatın Kəşfiyyat Komitəsinə sədrlik edən respublikaçı senator Tom Kottonun Intel rəhbərliyinə yazdığı məktubda şirkətin təhlükəsizliyi və Lip-Bu Tanın Çinlə əlaqələri ilə bağlı narahatlığını ifadə etməsindən sonra baş verib.
Lip-Bu Tan əvvəllər Amerika fondu vasitəsilə Çin şirkətlərinə sərmayə qoyub və Intel-ə qoşulmazdan əvvəl Kaliforniyada yerləşən Cadence Design System şirkətinə rəhbərlik edib. İyulun sonunda bu şirkət Çin hərbi universitetini yarımkeçiricilərin inkişafı üçün avadanlıq və proqram təminatı ilə təchiz edərkən ixraca nəzarət qaydalarını pozduğunu etiraf edib.
İntelin baş direktoru tənqidlərə cavab olaraq bildirib ki, o, Trampın ABŞ-ın milli maraqlarını və iqtisadi təhlükəsizliyini təmin etmək öhdəliyinə tam şərikdir. O, həmçinin qeyd edib ki, onun peşəkar karyerası ətrafında “çoxlu yalan məlumatlar” yayılıb.
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ