Onlayn ictimai-siyasi qəzet
İlkin mərhələdə nizamnamə kapitalı 500 milyon ABŞ dolları olaraq müəyyən edilib
“Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”. Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iştirakı ilə yaradılan fondun məqsədi üzv ölkələrin mülki müdafiə mexanizminin yaradılması, iqtisadi birliyin möhkəmləndirilməsi, regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Qeyd edək ki, Türk İnvestisiya Fondunun təsis yığıncağı ötən il mayın 18-də İstanbulda keçirilib. İclas çərçivəsində Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılmış fondla Türkiyə Respublikası arasında “Ev Sahibi Ölkə Müqaviləsi” imzalanıb. Bundan başqa, Azərbaycandan namizədliyi təqdim edilmiş Ramil Babayev fondun baş direktoru seçilib.
Türk İnvestisiya Fondu həm dövlət, həm də özəl sektor investisiyalarını sürətləndirəcək. Bundan əlavə, fond bir çox sahələrdə layihələrə texniki dəstək verəcək. İnfrastruktur, bərpa olunan enerji, kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılmasında mühüm rol oynayacaq və davamlı iqtisadi inkişafa töhfə verəcək.
İlkin mərhələdə Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon ABŞ dolları olaraq müəyyən edilib. Bu ilin fevralında Macarıstanın fondun təsisçiləri sırasına qoşulması ilə nizamnamə kapitalının həcmi 600 milyon dollara çatdırılıb. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 12 min paya bölünüb. Türk dövlətlərində hesab edirlər ki, Fond Türk dövlətlərinin əməkdaşlığının, birliyinin, qardaşlığının daha da güclənib inkişaf etməsi, xüsusən də iqtisadi, ticari əlaqələrin, böyük və ortaq infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində çox böyük uğurdur.
Dünyada belə fondlar çoxdur. Bunlara Avropa İnkişaf Fondunu, Avropa Yenidənqurma Bankını, Asiya İnkişaf Fondunu, İslam İnkişaf Bankını, Beynəlxalq Valyuta Fondunu və bu kimi digər fondları aid etmək olar. Onlar beynəlxalq səviyyəli banklar olsa da, bəziləri yüksək faizlə kreditlər verir. Türk İnvestisya Fondunun isə daha çox üstünlüyü olacaq. Məqsəd TDT-nin balanslı inkişafına dəstək və töhfələr verməkdir. Çünki fondun qurucuları, investorları qardaş dövlətlərdən ibarətdir. Ortada hansısa təmənna yoxdur. Regiondaxili ticarətin gücləndirilməsi, iqtisadi fəaliyyətin dəstəklənməsi, TDT-yə üzv ölkələrin iqtisadi inkişafına töhfə verilməsi nəzərdə tutulur. Müxtəlif layihələr həyata keçiriləcək. Fondun layihələrini həyata keçirmək üçün investisya layihələrinin qurulması nəzərdə tutulur. Nəqliyyat və logistika sahəsində saxlama və istehsal imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi planlaşdırılır. Bununla yanaşı, maliyyələşdirilməsi mümkün olan sahələrə sənaye, infrastruktur, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizmin inkişafı aiddir. Eyni zamanda fond bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə sərmayələrin qoyulmasını nəzərdə tutur.
Azərbaycan dövləti hər zaman türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, Türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Azərbaycanın Qazaxıstan, Qırğızıstan və Özbəkistanla sərbəst ticarət sazişləri qüvvədədir ki, bu da həmin ölkələrlə idxal gömrük rüsumlarının qarşılıqlı ləğvini nəzərdə tutur. Həmçinin Türkiyə ilə 2020-ci ildə Preferensial Ticarət Sazişi və 2023-cü ilin aprel ayında isə sazişin əhatə etdiyi məhsul siyahısının genişləndirilməsi məqsədilə əlavə protokol imzalanıb. Qeyd olunan addımların gələcəkdə Azərbaycanın üzv dövlətlərlə ticarət dövriyyəsinin həcminin artmasına və dolayısı ilə iqtisadi aktivliyin yüksəlməsinə şərait yaradacağı proqnozlaşdırılır.
Prezident İlham Əliyev Macarıstandakı görüşdə bildirib ki, Azərbaycanın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil etmişdir.
Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta dəhlizin bir hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır.
Orta dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq".
TİF-in Prezidentin qeyd etdiyi qarşılıqlı fəaliyyət imkanları geniş olan sahələri investisiya siyasəti üçün prioritet olaraq müəyyən etməsi bir daha göstərir ki, fondun fəaliyyəti türk dövlətləri arasında əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verə bilər.
Qeyd etməyə dəyər ki, hazırda dünyada regional əsasda yaradılıb, beynəlxalq səviyyəli maliyyə qurumuna çevrilən fond-bank təcrübəsi var: Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair.TİF-in belə quruma çevrilməsi mümkündürmü?
İqtisadçı Eldəniz Əmirovun “Yeni Müsavat”a dediyinə görə, TİF gələcəkdə ciddi və beynəlxalq əhəmiyyətli maliyyə qurumuna çevrilə bilər: “Amma bunun üçün çox ciddi işlər görülməlidir. Birincisi, fondun kapital artımını, maliyyə təminatını yüksəltmək lazımdır. 600 milyon dollar müqayisəli götürsək, hələlik çox kiçik rəqəmdir. Asiya İnkişaf Bankının ödənilmiş kapitalının həcmi 7,5 milyard dollardan çoxdur. Əməliyyat portfeli isə 120-130 milyard dollar ətrafındadır. Yəni bir maliyyə qurumunun inkişafı üçün ilk növbədə dayanıqlı maliyyə mənbələri olmalıdır. İkinci mühüm məsələ investisiya istiqamətlərinin düzgün seçilməsidir. Burada həm regional, həm də sektoral genişlənmə mühüm rola malikdir. Analoji maliyyə qurumlarının investisiya istiqamətləri çoxşaxəlidir, ən müxətlif sahələri əhatə edir. Bu baxımdan, düşünürəm ki, Türk İnvestisiya Fondu da bir neçə istiqamətlə məhdudlaşmamalı, inkişaf perspektivi olan digər sahələrə də yatırımlar etməlidir. Eyni zamanda hesab edirəm ki, beynəlxalq reytinq agentliklərindən reytinq alınması üçün işlərə başlanmalıdır. Təcrübə göstərir ki, müvafiq qiymətləndirmədən keçərək belə reytinqlər alındıqdan sonra müxtəlif fondlara vəsait axını başlayır. Türk İnvestisiya Fondunun hələlik belə reytinqi yoxdur”.
İqtisadçıya görə, TİF-in uğur qazanması üçün ən vacib şərtlərdən biri də onun idarəçiliyidir: “Keçilmiş təcrübələrdən açıq görünür ki, hansısa bir maliyyə qurumunun inkişafı üçün şəffaf və uğurlu idarəetmə kapital və dayanıqlı maliyyə təminatından daha böyük rola malikdir. Şəffaflıq olmazsa, heç bir fond inkişaf edə bilməz. Bu baxımdan, TİF üçün şəffaf idarəetməni nəzərdə tutan hüquqi bazanın yaradılması zəruridir. Daha bir amil coğrafi fokuslanmadır. Hansı regionun, hansı sektorların seçiləcəyi, layihə seçimi, monitorinq prosesi əvvəlcədən beynəlxalq səviyyəli hüquqi baza əsasında formalaşdırılmalıdır.
Düşünürəm ki, TİF-in yaradıcıları olan türk dövlətlərinin yerləşdiyi coğrafiya, Şərqlə Qərb arasında tutduğu mövqe, resursları və sair baxımdan fond üçün üstünlük yaradır. Bu ölkələrin investisiya imkanlarının maksimal reallaşması baş verməyib: qaz, neft, günəş, külək enerjisi və sair sahələrdə xüsusilə".
E.Əmirov TİF üçün perspektivli investisiya sahəsi kimi bölgə ölkələrində müasir logistik mərkəzlərin qurulmasını qeyd edir: “Bölgənin nəqliyyat dəhlizi mərkəzinə çevrilməsi yönündə görülən işlər fonunda müasir logistik mərkəzlərin inkişafı yetərincə deyil. Bundan əlavə, rəqəmsal nəqliyyat platformalarının, azad iqtisadi zonaların yaradılması kimi potensial investisiya sahələri var. Qlobal investisiya axınlarının coğrafiyasına nəzər salsaq, görərik ki, qlobal investisiyaların üçdə bir hissəsi - 29 faizi Avropanın, 27 faizi Asiyanın, 28 faizi Şimali Amerikada, 10 faizi Latın Amerikasının payına düşür. Afrikada bu göstərici cəmi 3 faizdir. Çünki Afrikada yatırımları geri qaytarmaq şansları elə böyük deyil”.
Türk dövlətləri TİF-i işə saldıqdan sonra vahid valyuta üzərində işləməyə başlaya bilərlərmi? İqtisadçı bu istiqamətdə real işlərdən danışmağın çox tez olduğu qənaətindədir: “Müxtəlif dövlətlərin vahid valyutasının olması üçün əvvəla, onların hamısının inkişaf səviyyəsi aşağı-yuxarı eyni olmalı, maliyyə-bank sektorları dərin inteqrasiya prosesindən keçməlidir. Türk dövlətləri son illərdə bir-birinə çox yaxınlaşıblar, lakin bu, vahid valyuta rejimi üçün tələb olunan inteqrasiyadan çox uzaqdır. Bu ölkələrin inkişafm səviyyələri, milli valyutalarının, iqtisadiyyatlarının dayanıqlıq və stabillik səviyyəsi çox kəskin fərqlənir. Avropa İttifaqının təcrübəsi var ortada, onlar 40 ildən artıq müddətdə yol gəldilər vahid valyutaya doğru. Bu baxımdan, düşünürəm ki, vahid valyuta məsələsini qaldırma doğru deyil”.
Dünya SAKİT,
“Yeni Müsavat”
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ