Onlayn ictimai-siyasi qəzet
Siyasət dünyasının ən müşkül məsələlərindən biri münaqişə içində olan iki dövlətin arasında vasitəçi olmaqdır.
Bundan ötrü hər iki tərəfin etimadını, etibarını eyni dərəcədə qazanmaq və tərəf tutmamaq lazımdır. Hətta onlardan birinə daha çox rəğbət bəsləyirsənsə, vasitəçi olduqda iki tərəfin ikisinə də bərabər səmimiyyətlə davaranmalısan.
Əks təqdirdə o dövlətin vasitəçiliyi effektiv olmayacaq, münaqişə isə davam edəcək.
Bəzən böyük dövlətlər öz üzərlərinə vasitəçilik missiyası götürmək, münaqişə edən tərəflərə danışıqlar üçün meydan vermək istəyirlər, amma bir çox hallarda bu təşəbbüs uğursuzluqla nəticələnir. Məsələn, Hindistanla Pakistanı tezlikı ram edən və savaşı dayandıran ABŞ-nin Rusiya və Ukrayna arasında vasitəçiliyi tam bir fiasko ilə nəticələndi.
Ötən ay Rusiyanın raket savaşı aparan İsrail və İran arasında vasitəçi olmaq təklifini isə ciddiyə alıb müzakirə edən də olmadı. Bu, ona görə belə olur ki, böyük dövlətlər bu cür münaqişələrdə vasitəçi olarkən əsasən öz maraqlarını güdürlər, ya da tərəf tuturlar. Bu isə qarşı tərəfin əks-reaksiyasına səbəb olur. Tərəf tutan vasitəçilər uğurlu ola bilməzlər – ATƏT Minsk qrupu ilə bağlı təcrübəmizdən bilirik.
Şükür ki, Azərbaycanın bir çox ölkələr arasında vasitəçi olaraq sülhpərvər missiya ilə çıxış etməsi uğurlu alınır. Son illərdə bir neçə belə hal olub. Rusiya ilə Türkiyənin arasında az qala müharibəyə səbəb olacaq hadisələr yaşananda (təyyarə olayı) hər iki dövlətin arasındakı buzlar rəsmi Bakının vasitəçiliyi ilə əridi. Bu il Türkiyə və İsrail arasındakı gərginliyin nisbətən mülayimləşməsi də Azərbaycanın diplomatik fəallığı ilə baş tutdu.
Bundan başqa, Azərbaycanın NATO və Rusiya arasında da diplomatik körpü rolunu oynadığı məlumdur.
Hazırda ərəb mediasında belə bir xəbər yayılıb ki, yaxın vaxtlarda Bakıda İsraillə Suriya arasında danışıqlar olacaq. Bu cür xəbər yayılıbsa və təkzib olunmursa, demək, məlumatın həqiqət payı böyükdür.
Son bir-iki ayın içində Azərbaycanın dövlət başçısı İlham Əliyevlə Suriya prezidenti Əhməd əş-Şaranın iki dəfə və olduqca səmimi bir şəkildə görüşməsi, liderlərin arasında yaranmış etimad göstərir ki, Suriya tərəfi həmin görüşün Bakıda keçirilməsinə həvəslə razılıq verib. Eyni zamanda Azərbaycanın İsrail dövləti ilə münasibətlərini normal olması (Qəzza məsələsi ilə bağlı mövqe müxtəlifliyinə baxmayaraq) çoxdan bəllidir və bu dövlət də müsəlman ölkələrinin içində ən çox Azərbaycana etimad edir.
Bu baxımdan Azərbaycanın vasitəçiliyi həm İsrail, həm də Suriya üçün məqbuldur. Bu, həm Azərbaycan Prezidentinin şəxsi nüfuzu və qazandığı etimadla, həm də Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, bütün regionda artan nüfuzunun sayəsində mümkün olub. İlham Əliyev bir sıra xarici siyasi dairələrdə “sözünün ağası” və “pozitiv düşüncəli lider” kimi qəbul edilir.
Ancaq həmişə bütün yaxşı təşəbbüsləri xor görənlər olduğu kimi, Azərbaycanın da diplomatiya sahəsindəki uğurlarını həzm edə bilməyənlər var. Bunlar o dövlətlərdir ki, qonşuluqlarındakı (hətta çox-çox uzaqlardakı) dövlətlərin əksəriyyəti ilə daimi intriqa içindədirlər və heç biri ilə səmimi dostluq büsatı qurmağı düşünmürlər.
İran məhz bu cür dövlətdir. Bu ölkənin liderləri vaxtaşırı olaraq, bütün qonşularına qarşı nifaqa səbəb olacaq açıqlamalar verir, hərəkətlər edirlər. Hələlik bu xüsusda yeganə istisna Ermənistandır. O da Qərb ölkələrinə məxsus hərbçilərin, kəşfiyyatçıların Ermənistanda mövcudluğu danılmaz hala gələnə qədərdir. Ondan sonra Tehranla İrəvanın arası çətin indiki kimi isti olsun.
Azərbaycan bu dövlətlə münasibətlərini nə qədər qaydaya salmağa çalışsa da, İranın molla rejimi hər dəfə bir tövr ilə arada gərginlik yaratmağa çalışır. Hətta İran prezidenti Məsud Pezeşkian belə SEPAH rejiminin öhdəsindən gələ, onu Azərbaycana qarşı yumşalda bilmir. Əksinə, İran prezidentinin qonşu ölkələrlə normal münasibət qurmaq cəhdi mollakratiya tərəfindən narazılıqla qarşılanır. Ayrı-ayrı yüksək mənsəbli trollar prezident Pezeşkiana qarşı təzyiq kampaniyası aparır, onun Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdini “xəyanət” kimi qiymətləndirirlər.
Təsəvvür edin, İran dövlətini idarə edən, 12 günlük müharibədə bunkerdə gizlənən ali rütbəli ruhanilər, savaş zamanı öz təhlükəsizliyinin qayğısına qalmayan, ölümlə üzləşən Pezeşkianı qaralayırlar və öz günahları, yersiz höcətlikləri üzündən düçar olduqları, fəqət xalqa “qələbə” kimi sırıdıqları məğlubiyyətin günahını isə başqa dövlətlərin üzərinə yükləmək istəyirlər.
İndi gözlənilir ki, İsrail və Suriya arasında danışıqlar Bakıda keçirilsə, bu, Tehranın növbəti hiddət tutmasına səbəb olacaq. Çünki bu dövlətin illərlə maya qoyduğu, dəstək verdiyi Suriyadan qovulması, digər ölkələrdəki proksilərinin darmadağın edilməsi, beynəlxalq təcrid durumuna düşməsi gerçəkdir. Tehran bu uğursuzluqlara görə xalqın narazılığını xarici düşmənlərə yönəltmək niyyətindədir. Yəni “rəhbərlər düzgün siyasət yeridir, sadəcə beynəlxalq güclər regiondakı əlaltıları ilə birləşərək islam respublikasını boğmaq istəyirlər” – xalqa təlqin olunan qənaət belədir.
Ortada olan gerçəklik budur ki, İran istər İraqda, istər Suriyada, eləcə də Yəməndə hərbi mövcudluğunu gücləndirərkən imperialist maraqlarından çıxış etdiyini, regionun ağasına çevrilmək istədiyini ört-basdır edə bilməyib, bu isə həm həmin ölkələrdəki başqa cür düşünən qüvvələri, həm də beynəlxalq gücləri narahat edib. İrana qarşı spontan şəkildə formalaşan koalisiya ona görə güclü alınıb ki, Tehran Fələstini çıxmaq şərti ilə bütün ərəb dünyası ilə intriqa aparır. Ərəb dövlətləri İranın güclü dövlət olmasını özlərinə qarşı təhlükə sayırlar.
Suriya ilə İranın arasındakı kəndirin qırılması, Suriyanın Türkiyə ilə yaxınlaşması, eləcə də Suriyanın Azərbaycanla münasibətlərinin sürətlə yaxşılaşması Tehranda qısqanclıq doğurmaya bilməz. Çünki o təklənir və regionda yeni ittifaqlar qurulur.
Əgər Suriya və İsrail arasında Bakıda keçirilən danışıqlar müsbət nəticələnsə (ümid böyükdür), bu iki dövlət arasında sülh təmin edilsə, üstəlik, Türkiyə və İsrail arasında münasibətlər istiləşməyə doğru getsə, regionda yeni geosiyasi durum yaranacaq.
Bu, həm Azərbaycanın diplomatik uğuru olacaq, həm də onun gələcək təhlükəsizliyi üçün böyük önəm daşıyacaq.
Araz Altaylı, Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ