Onlayn ictimai-siyasi qəzet
Regionumuzda gedən proseslər bizimlə yanaşı, paytaxtı 1500-2000 km, hətta daha uzaqda olan dövlətləri də maraqlandırır. Bəziləri bizdən daha çox narahatdır.
Rusiya mediası yazır ki, Cənubi Qafqazda müxtəlif blokların silahlı qüvvələrinin fəallığı müşahidə olunur; Xəzər dənizində Rusiya-İran CASAREX 2025 təlimləri başa çatıb; NATO-nun “Agile Spirit 2025” manevrləri Türkiyə və Gürcüstanda başlayıb; Ermənistan və Azərbaycanda isə anti-Rusiya əhval-ruhiyyəsi artır.
Rusiyada çıxan “Nezavisimaya qazeta” nəşrinin məqaləsinin əsas tezisi isə budur: “Moskva və Tehran Xəzər dənizində və Cənubi Qafqazda öz mövqelərini müdafiə etməyə çalışacaqlar”.
İran mətbuatı yazıb ki, elə birgə CASAREX 2025 təlimlərinin əsas məqsədi “iki ölkənin hərbi-dəniz qüvvələri arasında axtarış-xilasetmə əməliyyatları sahəsində əməkdaşlığı gücləndirmək və Xəzər dənizində naviqasiya təhlükəsizliyini təmin etmək” olub.
Göründüyü kimi, iki başqa ölkə Cənubi Qafqazda öz mövqelərini müdafiə etmək əzmindədir.
“Nezavizimaya qazeta” media qrupumuza daxil olan “Minval Politika” saytının məqaləsindən sitat gətirir. Müəllifimiz belə yazıb: "Artan təhlükə qarşısında Bakının radikal çəkindirici tədbirləri nəzərdən keçirmək hüququ var. Mümkün addımlardan biri NATO bazasının Azərbaycanda, məsələn, Xaçmaz bölgəsində, Rusiya ilə sərhəd yaxınlığında yerləşdirilməsi ola bilər. Belə bir addım beynəlxalq hüququ pozmayacaq və Azərbaycan ilə NATO arasında mövcud Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına (IPAP) əsaslanacaq".
Bu abzasda açar söz “artan təhlükə”dir. Azərbaycanın mənafeyinə və təhlükəsizliyinə təhdidlər artacaqsa, təbii ki, dövlət öz başının çarəsinə baxmalı, onu təmin etmək üçün müxtəlif ittifaq və blokların himayəsindən yararlanmalıdır. Ancaq təhlükə artmırsa, hətta ümumiyyətlə, yoxdursa, onda hər hansı bir bazaya da ehtiyac yoxdur.
Əsas məsələ budur: Azərbaycan Rusiyanın bazalarını və hərbi kontingentini 33 il öncə öz ərazisindən ona görə çıxarmayıb ki, indi onun yerində hansısa ölkənin hərbi bazalarını və hərbi kontingentini yerləşdirsin.
Ölkəmiz lap çoxdan qlobal qoşulmama hərəkatının üzvüdür və bir-birilə total çəkişmədə olan hərbi bloklardan uzaq durmaq istəyir.
Bu üzdən biz nə Rusiyanın “cənub bastionu”, nə ABŞ-nin “şərq plasdarmı”, nə Avropanın “Qafqaz poliqonu” olmağı düşünmürük. Türkiyə və Azərbaycanın arasında imzalanmış strateji əməkdaşlıq sazişi isə qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə xidmət edir.
Rusiyalı hərbi ekspert Vladimir Popov bu xüsusda deyir: "Rusiyanın Xəzər dənizində və bütövlükdə Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün siyasi, maddi və hərbi resursları var. Rusiya və İran donanmaları birlikdə regionda əsas müdafiə yumruğunu təşkil edirlər. Onlar bir yerdə olduqları halda üçüncü ölkədən hər hansı düşmən gəmisinin Xəzər dənizində peyda olması ehtimalı azdır. Azərbaycanda Türkiyənin diplomatik bazasının açılması ehtimalına gəlincə, orada Türkiyə diplomatik bazası ola bilər. Bakıya münasibətdə isə siyasi-diplomatik və maddi amilləri Moskva və Tehran tətbiq etməlidir”.
O xatırladıb ki, bu yaxınlarda İranın ali dini liderin baş müşaviri Əli Laricani və müdafiə naziri Əziz Nəsirzadə Rusiyaya səfər ediblər və prezident Vladimir Putin də daxil olmaqla, federasiyanın hərbi və siyasi rəhbərliyi ilə görüşüblər. Popov ehtimal edir ki, həmin görüşlərdə Xəzər dənizində və Transqafqazda təhlükəsizliyin birgə gücləndirilməsi məsələləri müzakirə olunub.
Bu, iki imperiyanın öz aralarındakı dövlətlərin taleyini həll etmək təşəbbüsləridir. Heç biri öz yuvasına çəkilmək, öz komasının dərd-səri ilə məşğul olmaq istəmir. İllah ki, başqalarının daxili işlərini burun soxacaqlar.
“Zəngəzur dəhlizi” adlandırılan tarixi yolun əsasən iki dövlətə - Ermənistana və Azərbaycana dəxli var. Bu yol bu iki dövlətin ərazisindən keçir. Başqaları da bu yoldan istifadə etmək fikrindədirlərsə, onların rolu və ya gözləntiləri ikinci dərəcəlidir. Ancaq belə görünür ki, dəhlizə əl qoymaq istəyənlər çoxdur.
Rusiyalı hərbi ekspert və istefada olan general-leytenant Yuri Netkaçevin fikrincə, Trampın rəhbərlik etdiyi ABŞ administrasiyasının təxminən 40 km uzunluğunda olan Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. Onun sözlərinə görə, iyulun 25-dən avqustun 6-dək Ukrayna və Gürcüstan da daxil olmaqla 12 NATO ölkəsinin iştirakı ilə Gürcüstanda keçiriləcək hərbi təlimlərdə Ermənistan və Yaponiya da müşahidəçi qismində iştirak edəcək və “Agile Spirit 2025” təlimləri Gürcüstanın Qara dəniz sahilindəki Batumi və Poti dəniz limanlarından Azərbaycan və Ermənistana gedən nəqliyyat marşrutlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər hazırlayacaq.
“Görünür, ABŞ və NATO artıq bu layihəyə Zəngəzur dəhlizinə nəzarəti də daxil ediblər”, - general bildirib.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə dirəşib ki, əvvəlki razılaşmalara əsasən, Ermənistan ərazisindən Naxçıvana gedən nəqliyyat marşrutlarına nəzarət Rusiya sülhməramlıları tərəfindən həyata keçirilməlidir, amma indi Azərbaycan belə razılaşmalardan uzaqlaşmaq istəyir.
Bəs Azərbaycan nə etsin? Rusiya 5 il yaxındır ki, bu dəhlizin açılmasını təmin etmək istəmir, əksinə, mane olur. Ancaq dəhliz açılacağı təqdirdə “hazıra nazir” olmaq niyyətindədir.
Üstəlik, rus generallar narahatdırlar ki, İrəvan tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə bağlı müqavilədən rəsmən çıxacaq və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılmasını tələb edəcək.
“Bəs onların yerinə kim gələcək? Amerikalılar və digər NATO ölkələri", -deyə onlar həyəcan təbili çalırlar.
"Buna yol vermək olmaz. Rusiyanın vəziyyəti düzəltmək və Cənubi Qafqazda geosiyasi maraqlarını müdafiə etmək üçün siyasi, diplomatik, iqtisadi və digər təsir rıçaqları var. İran bu işdə ona kömək edə bilər", - Netkaçev hesab edir.
“Digər təsir rıçaqları” dedikdə onlar nəyi nəzərdə tuturlar, bilirsiniz. İki əsrdir ki, Kreml regionumuzu məhz o “digər təsir rıçaqları” ilə əsir-yesir edib.
Araz Altaylı, Musavat.com
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ