Onlayn ictimai-siyasi qəzet
Hər kəsə məlum olduğu kimi, ötən ay ikitərəfli pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet fonunda kəskin tənəffüs çatışmazlığı səbəbi dən Romanı Papası vəfat edib. Katolik kilsəsinin başçısı və Vatikan dövlətinin suveren hökmdarı Fransiskin ölümü, təbii ki, bütün katolikləri yasa bürüyüb.
Bununla belə, Vatikanın heyranedici divarlarının arxasında diqqətli gözlərdən ehtiyatla qorunan bir dünya var. Çoxları düşünür ki, balaca Vatikan heç də siyasi arenada yer almır və yalnız öz kilsə işləri ilə məşğuldur. Amma əsrlər boyu “müqəddəs taxt-tac” yalnız bir əmrlə bütün hakim sülalələri məhv edə bilib.
Müstəmləkəçilik dövründə Vatikanın “kuratorları” Fransa, Almaniya, İspaniya, Avstriya və Belçikada nizam-intizamı qoruyub saxlayıblar. Serbiyanın köməyi ilə kilsə bütün Balkan yarımadası üzərində nəzarəti ələ keçirmək istəyib. Şəffaflığa nail olmaq səylərinə baxmayaraq, Vatikanın fəaliyyətinin bir çox aspektləri gizli olaraq qalır və yeni açıqlamalar vaxtaşırı Kilsənin ictimai imicinə meydan oxuyan təcrübə və hadisələri işıqlandırıb.
Vatikanın gizli tribunalı
Vatikanın gizli tribunalı - Apostol Penitensiar adlanır. Bu, Roma Katolik Kilsəsi sistemində XII əsrdə papa III Aleksandr tərəfindən adi kahinlər tərəfindən bağışlanmayacaq qədər ciddi olan günahları mühakimə etmək üçün yaradılmış xüsusi məhkəmə orqanıdır. Digər kilsə məhkəmələrindən fərqli olaraq, Apostol Penitensiarı gizli fəaliyyət göstərir və kilsənin onun müqəddəsliyini təhdid etdiyinə inandığı cinayətlərlə məşğul olub. Bu tribunal xüsusilə ciddi işlərə, o cümlədən katolik doktrinasına qarşı cinayətlərə dair yurisdiksiyaya malikdir.
Günahların çoxu kahinlər və ya yepiskoplar tərəfindən bağışlana bilər, lakin bəziləri etiraf sirrinin pozulması, Papanın həyatına sui-qəsd cəhdləri, evxaristiyaya hörmətsizlik və ya təhqirlər bu tribunalın səlahiyyətindədir və Papanın və ya onun təyin etdiyi şəxslərin birbaşa müdaxiləsini tələb edir. Bu tribunalın mövcudluğu və funksiyaları əsrlər boyu Vatikanın ən yaxşı qorunan sirlərindən biri olub. Apostol Penitensiarının fəaliyyəti yalnız 2019-cu ildə rəsmi olaraq tanınıb və onun məhkəmələri və işin təfərrüatları ictimaiyyət üçün qapalı olaraq qalıb.
Vatikan arxivi
Əvvəllər Vatikan gizli arxivləri kimi tanınan Vatikan apostol arxivi uzun müddətdir maraq və fərziyyə mənbəyi olub. Arxivlərin uzunluğu 53 km-dən çoxdur və VIII əsrə aid sənədləri, o cümlədən əlyazmaların, məktubların və papalıq qeydlərinin geniş kolleksiyalarını ehtiva edib.
Bu, dünyanın ən mühüm tarixi arxivlərindən biridir, lakin ona giriş ciddi şəkildə məhdudlaşdırılıb. Bu arxivə yalnız ciddi təsdiq prosesindən keçmiş etibarlı alimlər və tədqiqatçılar daxil ola bilər. 1475-ci ildə təsis edilən arxivdə bütün suallara cavablar mövcuddur. Orta əsrə aid əlyazma və arxivlərinin ümumi sayı 150 mindən, ilk çap kitabları 8 mindən çox, nəşrlərinin sayı isə milyonlarladır.
Arxivlər inkvizisiya, məbəd cəngavərlərinin məhkəmələri və II dünya müharibəsi kimi mühüm tarixi hadisələrə, xüsusən də Papa XII Piyin Holokostla bağlı hərəkətlərinə və Vatikanın nasist Almaniyası ilə mübahisəli əlaqələrinə aiddir. 2019-cu ildə Vatikan arxivlərin adını dəyişib və özəl mənasını verən latın sözündən istifadə edib.
Vatikanın II dünya müharibəsində iştirakı
II dünya müharibəsindən sonra nasist müharibə cinayətkarlarının Avropadan qaçmasına kömək etmək üçün gizli yollar şəbəkəsi yaranıb. Bu marşrutlardan bəzilərinin birbaşa və ya dolayı yolla Vatikan tərəfindən dəstəkləndiyi güman edilib.
Müharibə cinayətkarları Vatikanın rəsmi sertifikatlarından yararlanıb, Avropanı maneəsiz tərk edərək Cənubi Amerikaya və ya Yaxın Şərqə getməyə imkan verən sənədlər əldə ediblər. Bu yardımın qəsdən olub-olmaması hələ də müzakirə mövzusudur.
Bütün hallarda 1933-cü ildə Almaniya kansleri Vatikanla konkordat imzalayıb. Bununla da, kilsə öz kodeksini Almaniya ərazisində gücləndirmək istəyib, Adolf Hitler isə nasional-sosialist dövlətinin kilsə tərəfindən tanınmasını planlaşdırıb.
2020-ci ildə düyasını dəyişən Papa Fransisk Vatikanın bu dövrə aid sənədlərini ictimaiyyətə təqdim etmək üçün məxfilikdən çıxararaq şəffaflığa doğru bir addım atıb.
Maliyyə qalmaqalları
Rəsmi olaraq Din İşləri İnstitutu (IOR) kimi tanınan Vatikan bankı uzun müddət qalmaqal və mübahisələrə səbəb olub. Bank 1942-ci ildə Vatikana müharibə dövründəki maliyyə məhdudiyyətlərindən yan keçmək üçün yaradılıb.
Lakin zaman keçdikcə bank şübhəli maliyyə əməliyyatları və mütəşəkkil cinayətkarlıqla əlaqəsi ilə diqqəti cəlb edib. IOR-un nüfuzlu bir qurum kimi reputasiyası getdikcə pisləşib və korrupsiya, çirkli pulların yuyulması və cinayət şəbəkələri ilə əlaqə iddiaları ortaya çıxıb.
1982-ci ildə IOR ilə sıx bağlı olan mərkəzi İtaliya bankı olan “Banca Ambrosiano”nun dağılması Vatikan bankı ilə əlaqəli ən məşhur fırıldaqlardan biri olub. Vatikan bankı “Ambrosiano”ya böyük məbləğdə sərmayə qoyub və onun dağılması saxta kreditlər, mənimsəmə və mafiya əlaqələri şəbəkəsini ortaya çıxarıb.
“Banca Ambrosiano” müflis olanda Vatikanın maliyyə sistemində 1,4 milyard dollarlıq boşluq yaranıb. Vatikan bankının məsul şəxsləri səriştəsizlikdə və cinayət işlərində iştirakda ittiham olunublar. Vatikanın toxunulmazlığı sayəsində IOR-un o zamankı rəhbəri arxiyepiskop Paul Marcinkus təqiblərdən xilas ola bilib.
Bu ifşalardan sonra Vatikan bankının imicinə zərbə vurulub və bank maliyyə islahatları həyata keçirmək üçün beynəlxalq təzyiqlərə məruz qalıb. Bununla belə, bank qanunsuzluqda ittiham olunmaqda davam edib. 2000-ci illərin əvvəllərində çirkli pulların yuyulması ilə bağlı əlavə iddialar əlavə araşdırmalara və islahat cəhdlərinə səbəb olub.
İtaliya hakimiyyəti mütəşəkkil cinayət qruplarına aid hesabları, o cümlədən mafiya nəzarətində olan bir neçə əməliyyatı üzə çıxarıb. Bu hesablar IOR-un məxfiliyindən istifadə edərək böyük məbləğləri köçürməklə bankın nəzarəti və şəffaflığı ilə bağlı ciddi suallar yaradıb.
Son illərdə Vatikan bankı öz nüfuzunu yaxşılaşdırmağa və maliyyə sui-istifadələrinə son qoymağa çalışıb. Papa Fransisk şəffaflığın artırılması, çirkli pulların yuyulması ilə mübarizə üçün yeni qaydaların tətbiqi və daxili auditlərin gücləndirilməsi səylərini dəstəkləyib.
Lakin yenə də qalmaqallar davam edib. Məsələn, 2013-cü ildə Vatikan bankı ilə əlaqəsi olan yüksək rütbəli bir keşiş mafiya ilə əlaqəli şəbəkə adından milyonlarla avro qaçırmağa cəhd etdiyi üçün həbs edilib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ