İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaçmazda kişi atasının 68 yaşlı dostunu yatdığı yerdə vurdu: "Ögey bacıma sataşıb" – TƏFƏRRÜAT

Xaçmaz rayonunda 1971-ci il təvəllüdlü Xəqani bacısına təcavüz edən Məmmədi (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Rayon sakini Xəqani 1956-cı il təvəllüdlü Məmmədin guya 2002-ci ildə onun ögey bacısı Sonanı zorladığını bəhanə edib və onu cəzalandırmaq qərarına gəlib.

O, ovçular mağazasından aldığı iki patronun içərisindəki qırmaları çıxarıb və patronları duzla doldurub. Sonra odlu ov silahını patronlarla birlikdə özü ilə götürüb, 29 avqust 2023-cü ildə gecə saat 4 radələrində Məmmədin evinin yaxınlığına gedib. Duzla dolu patronları silaha daxil edib, atəşə hazır vəziyyətə gətirib, havanın işıqlanmasını gözləyib.

Xəqani saat 8 radələrində evin giriş qapısının qarşısında Məmmədin arvadı Reyhanı görüb. Onu itələyərək yerə yıxıb, zorla mənzilə daxil olub və qonaq otağında döşəmədə yatmış Məmmədin baş nahiyəsi istiqamətində atəş açıb.

Məmməd başından xəsarət alıb.

İstintaq orqanı tərəfindən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhs), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

“Bacımı zorladı”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məmmədi uşaqlıq vaxtlarından tanıyır: “2002-ci ildə Məmmədlə maşında yol gedərkən ortaq tanışlarımız olan bir şəxs barəsində nalayiq ifadələr işlətdiyindən aramızda mübahisə yarandı. Həmin gün Məmməd ögey bacım Sonanı zorladı. Buna görə Məmmədlə aramızda ədavət yarandı. Bir müddət Rusiyada yaşadığım və səhhətimdə problemlər yarandığı üçün onun cəzasını verə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2022-ci ildə Məmməd başqa şəxslərə qarşı da qeyri-əxlaqi hərəkətlərə yol verdiyi üçün onun qarşısını almaq və cəzalandırmaq məqsədilə Xaçmaz rayonunda yaşayan tanımadığı şəxsdən qoşalüləli ov tüfəngini alıb:

“Hadisədən bir neçə gün əvvəl Xaçmaz şəhərində mağazadan 2 patron aldım. Evdə patronların qırmasını boşaldıb içərisinə duz doldurdum. Duz patronun içindən tökülməsin deyə şamı əridərək patronların arxa hissəsinə tökdüm”.

“Hirsim soyudu, evi tərk etdim”

Xəqaninin ifadəsinə görə, 2023-cü il avqustun 29-da gecə saat 4 radələrində silahı və patronları idman çantasına yığıb, tanımadığı taksi ilə Xaçmaz rayonunun kəndinə yola düşüb:

“Kəndə çatıb Məmmədgilin evinin həyətinə keçdim, silahı hazır vəziyyətə gətirdim, səhərin açılmasını gözlədim. Saat 8 radələrində Məmmədin arvadı Reyhan qapını açaraq çölə çıxanda məni qapının qarşısında əlimdə silah gördü, qışqırmağa başladı. Reyhanı çiynindən itələyərək evə girdim.

Evin qapısından daxil olanda qarşıma dəhliz çıxdı. Dəhlizdən sol tərəfdəki otaqda Məmmədin oturduğunu gördüm. Silahı Məmmədə tərəf tuşladım və bir dəfə atəş açdım. Onun üzünə atəş açmadım. Əgər elə olsaydı, daha ağır xəsarət alardı.

Məmməd sifət nahiyəsini tutdu, qışqıraraq yan üstə yerə uzandı. Məmmədə xəsarət yetirdiyimi anladım, hirsim soyudu və evi tərk edərək həyətə çıxdım”.  

 

“Məqsədim cəzalandırmaq olub”

Xəqani qeyd edib ki, silahı söküb və idman çantasına qoyaraq tanımadığı taksi ilə yaşadığı kəndə gəlib:

“Mən cinayət əməli törətdiyimi etiraf edirəm. Lakin mənə verilən ittiham çox ağırdır. Əməlimdən peşman olmuşam”.

Təqsirləndirilən şəxs bildirib ki, ögey bacısını Məmmədin zorladığını gəzən söz-söhbətlərdən eşidib: “Bildiyimə görə, bu hadisə 2002-ci ildə baş verib və heç kim hüquq-mühafizə orqanlarına müraciət etməyib. Məqsədim Məmmədin qeyri-əxlaqi hərəkətlərinin qarşısını almaq, onu qorxudaraq cəzalandırmaq olub. Hadisə baş verən vaxtı mən və Məmməd ayrı kəndlərdə yaşamışıq”.

“Ailəvi dostluq münasibətimiz olub”

İş üzrə zərərçəkmiş Məmmədin sözlərinə görə, Xəqani ilə arasında dostluq və ya düşmənçilik münasibəti olmayıb: “Xəqaninin atası Əfsərlə isə aramızda uzun müddət ailəvi dostluq münasibəti olub və ara-sıra onların evlərinə ailəvi olaraq qonaq getmişəm.

2023-cü ilin avqustun 29-da saat 8 radələrində Xəqani yaşadığım evə gəlib. Arvadım Reyhanla rastlaşanda onu itələyərək içəriyə daxil olub. Mən isə olanlardan xəbərsiz yataq otağında döşəmədə yatılı vəziyyətdəydim.

Xəqani yataq otağının qapısını açanda səsə oyandım və qarşımda onu gördüm. Xəqani özü ilə gətirdiyi ov tüfəngi ilə üz nahiyəmə bir dəfə atəş açdı. Sol göz nahiyəmdən xəsarət aldım, huşumu itirdim”.

“Gözüm kor olub”

Zərərçəkmiş şəxs bildirib ki, gözündən aldığı xəsarətə görə ona 3-cü qrup əlillik təyin edilib: “Lakin yaşa görə pensiya aldığım üçün əlilliyə görə pensiya almaqdan imtina etdim. Gözümdəki xəsarətə görə indi də müalicə alıram. O gözüm kor olub. Xəqaninin bacısı Sonanın da tanıyıram. Lakin bizim aramızda hər hansı münasibət olmayıb. Xəqaninin haqqımızda dedikləri onun uydurmasıdır”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəqani Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 157.2-ci (mənzil toxunulmazlığını pozma - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Ona 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini, həbslə olmayan cəza təyin edilməsini istəyib.

Bu şikayət Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Hakim Rəşadət Ağayevin rəhbərlik etdiyi kollegiya şikayəti təmin etməyib./Teleqraf

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR