Onlayn ictimai-siyasi qəzet
Ötən həftə Almaniya parlamentində keçirilən səsvermənin ikinci turunda kansler seçilən Xristian Demokratlar İttifaqının lideri Fridrix Mertsə Almaniya prezidentinin iqamətgahında Frank-Valter Ştaynmayer tərəfindən kansler sənədi təqdim edilib. Bununla da kansler səlahiyyətləri Fridrix Mertsə keçib. Merts artıq ilk səfərlərini Fransa və Kiyevə edib. Xarici siyasətdə “fəal” olmağa çalışan yeni hökumət ciddi çətinliklərin yaşandığı dövrdə fəaliyyətə başlayıb. Odur ki, yeni kanslerin işi çoxdur.
Ona ciddi xarakteri olmayan Olaf Şoltsun hökumətindən xeyli problem miras qalıb. Mayın 5-i Olaf Şoltsun kansler kimi son günü olub. Ölkə mediası onun “işıqfor koalisiyası”nın vəd etdiyi layihələrin cəmi 45%-ni tam şəkildə həyata keçirdiyini yazıb.
Olaf Şolts nə ilə yadda qalıb?
Olaf Şolts 2021-ci ildə Sosial Demokratlar (SPD), Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) “işıqfor” koalisiya razılaşmasına əsaslanan iddialı proqramla hakimiyyətə gəlib. Lakin onun hakimiyyəti daxili ziddiyyətlər, iqtisadi çətinliklər və əsas vədləri yerinə yetirə bilməməsi ilə yadda qalıb. Koalisiya sazişində elan edilmiş 453 layihədən yalnız 45%-i tam, digər 7%-i isə qismən icra olunub. Müqayisə üçün qeyd edək ki, Angela Merkelin formalşdırdığı hökumət komandaları öhdəliklərinin 80%-ə qədərini yerinə yetiriblər.
Siyasətçinin ən böyük uğursuzluğu iqtisadi tənəzzül olub. İnflyasiya, məlum enerji böhranı, o cümlədən “Şimal axını”nın pozulması səbəbindən və sənaye durğunluğu həyat səviyyəsinin aşağı düşməsinə səbəb olub. Son sorğular göstərib ki, almanların 67%-i onun işindən narazı qalıb, 72%-i isə bütün koalisiyanın işini tənqid edib. Digər tərəfdən, islahatlar üçün ciddi addım atmayan Şolts miqrasiya probleminin həlli üçün ciddi işlər görməyib. İmmiqrantların və onların törətdiyi cinayətlərin sayı artıb.
Ölkədaxili siyasi problemlər cəmiyyətdəki parçalanmanı daha da ağırlaşıb. Elementar “Almaniya üçün alternativ” (AfD) partiyası böyük populyarlıq qazanıb. Son araşdırmalara görə, almanların 70%-i partiyanı sağçı ekstremist hesab edib, yarısı isə siyasi təşkilatın qadağan edilməsini dəstəkləyib.
Hətta Şolts Federal Konstitusiya Məhkəməsinin “AfD”-yə müvafiq statusun verilməsi qərarını diqqətli müzakirə üçün səbəb adlandırıb. Lakin bu partiyanın qadağan edilməsi kütləvi etirazlara səbəb olacaqdı, çünki seçicilərin dörddə biri ona üstünlük verirdi. Bu fonda Şolts alman mediasının “ağır yük” adlandırdığı mirası Mertsə buraxıb. Onun ehtiyatlı xarici və daxili siyasəti partiyanın reytinqini artırmayıb, əksinə, böhranları dərinləşdirib.
Yeni baş nazir ölkəni xilas edə biləcək?
Fridrix Merts Almaniyanın tənəzzül və xarici siyasətdə gərginlik həddinə çatması fonunda kansler vəzifəsinə başlayıb. O, infrastruktur layihələrinə və müdafiəyə 800 milyard avroya qədər xərcləməyi planlaşdırır. Bu ehtiyaclar üçün daha kiçik bir variant nəzərdən keçirilir - 500 milyard avro. Eyni zamanda, Bundestaq borc əyləci islahatını artıq təsdiqləyib.
Qanun layihəsi hökumətin borclanmasına qoyulan məhdudiyyətlərin yumşaldılmasını təklif edir. Bu, Berlinə müdafiə xərclərini artırmağa imkan verəcək. Səsvermədən əvvəl Merts bildirib ki, hərbi xərclərin artırılması Avropa müdafiə icmasının yaradılması istiqamətində ilk böyük addım olacaq. Siyasətçinin xarici siyasəti Rusiya ilə ziddiyyətləri dərinləşdirmək və hazırkı prezident Donald Trampın Ukrayna nizamlanması da daxil olmaqla Moskva ilə dialoqu bərpa etməyə çalışdığı ABŞ ilə münasibətləri çətinləşdirmək riski daşıyır.
Hətta Fridrix Mertsin mayın 10-da Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer və Polşanın baş naziri Donald Tuskun Kiyevdə keçirilən görüşündə münaqişənin həlli ilə bağlı təkliflər müzakirə etməsi belə vəziyyəti dəyişənə oxşamır.
Merts Almaniyanı Avropa təhlükəsizliyində lider kimi görmək istəyir, lakin bu statusun qiyməti çox yüksək ola bilər. Yəqin ki, yeni baş nazir fundamental problemləri həll edə bilməyəcək. Onun hökuməti koalisiya olacaq və onun daxilində tez bir zamanda əsas məsələlərlə bağlı mübahisələr yarana bilər. Problem həm də ondadır ki, alman cəmiyyəti parçalanıb və yeni hakimiyyət mövcud böhranları tez həll edə bilməsə, onların reytinqi düşməyə başlayacaq.
Trampın və indiki ABŞ administrasiyasının “AfD”ni açıq şəkildə dəstəklədiyini və bu, hakim koalisiyanın reytinqlərinə zərbə vura biləcəyini də xatırlamağa dəyər. Yenə də Berlinin əsas xaricdəki tərəfdaşı ilə dialoq qura bilməməsi Almaniyanın bir çox sakinlərini düşünməyə səbəb olur. Eyni zamanda, Trampın təsir rıçaqları da mövcuddur. Hazırda Almaniyanın Avropadakı hərbi əməliyyatlarına əsas komandanlığı həyata keçirən ABŞ-nin Avropa Komandanlığının qərargahının yerləşdiyi Ştutqart şəhərətrafı bölgələrində Amerika qoşunları yerləşdirilib.
Son üç ildə əhalinin iqtisadi həyatında heçnə dəyişməyib. 2022-ci ilin oktyabrında minimum əmək haqqı saatda 12 avroya qədər qaldırılıb (2020-ci ildə saatda 9,35 avro idi). Hazırda 12,8 avrodur. 2023-cü ildə işini itirmiş və ya çətin maliyyə vəziyyətində olan vətəndaşlar və ölkə sakinləri üçün müavinət (“Bürgergeld”) tətbiq edilib. Hazırda ayda 563 avro təşkil edən maliyyə yardımından əlavə, dövlət öz alıcılarına mənzil, istilik və tibbi sığorta xərclərini kompensasiya edir. 5,5 milyon insan bu müavinət alır.
Almaniya iqtisadiyyatında aparıcı yerlərdən birini tutan avtomobil sənayesi də problemlərlə üzləşib. Bu sənaye Çindən gələn rəqabətdən, elektromobillər üçün akkumulyatorların və proqram təminatının öz istehsalının olmamasından, eləcə də yüksək istehsal xərclərindən (avtomobil sənayesindəki böhran səbəbindən ixtisara məruz qalan iş yerlərinin sayı 500 min qiymətləndirilir) əziyyət çəkir. Görünən odur ki, simalar dəyişsə də, ölkənin iqtisadi və insanların sosial problemi ilə bağlı vəziyyət dəyişmir. Almaniyanın “dəqiqliyi” yalnız saatın əqrəbləri ilə düz gəlir. O da batareya yaxşı işləsə.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ