Onlayn ictimai-siyasi qəzet
Rusiyalı politoloq Aleksandr Bloxin açıqlamasında bildirib ki, Volodimir Zelenski Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla bir sıra mühüm məsələləri müzakirə edə bilər. Onun sözlərinə görə, bundan əvvəl Kiyev rəhbərliyi ABŞ lideri ilə görüşmək planlarını elan etmişdi.
Söhbətin əsas mövzusu, hər zamankı kimi, ABŞ-ın dəstəyi olacaq. Zelenski silah tədarükü üçün xahiş edəcək və Trampın mövcud vəziyyətdə Avropanın ilk növbədə Kiyevi maliyyələşdirməli olduğunu düşündüyünə baxmayaraq, Vaşinqtonu Co Baydenin Ukrayna siyasətinə qayıtmağa inandırmağa çalışacaq”, - Bloxin qeyd edib.
Politoloqun fikrincə, Zelenski Trampla həmçinin ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının daha da sərtləşdirilməsinin vacibliyi barədə də danışacaq.
“Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar da müzakirə mövzusu ola bilər. Zelenski Qərbin Moskvaya təzyiqi fonunda güc mövqeyindən çıxış edilməsini istəyir. Lakin Tramp kompromis yanaşmasını üstün tutur”, - Bloxin əlavə edib.
O, həmçinin Zelenskinin BMT Baş Assambleyasında diqqətçəkici çıxış edə biləcəyini istisna etməyib.
Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a verdiyi açıqlamaya görə, Zelenskinin amerikalı həmkarı ilə Ukrayna məsələsini müzakirə etməsi əlavə vaxt itkisindən başqa bir şey deyil:
“Xüsusilə Donald Trampın bu yaxınlarda qayıtdığı Böyük Britaniya səfərindən sonra. Bilirsiniz ki, Böyük Britaniya kralı III Çarlz ABŞ prezidentini özünün malikanəsi Vindzorda qarşılamışdı. Bu, əslində ona göstərilən ən böyük diqqət idi. Buna baxmayaraq, hələ Böyük Britaniyadan ayrılmamış keçirdiyi mətbuat konfransında Tramp açıq şəkildə bildirdi ki, krallıq rəsmiləri ilə görüşlərdə bir çox məsələlərə yanaşmada ortaq məxrəcə gələ bilməyiblər. Bunlardan biri Ukrayna, digəri isə Fələstin məsələsi idi.
Təsadüfi deyil ki, Tramp ABŞ-a qayıtdıqdan sonra Böyük Britaniya, Kanada və Avstraliya Fələstini bir dövlət kimi tanıdıqlarını bəyan etdilər. Prinsipcə, bu, anqlosakson ittifaqın dağılması, ABŞ-la Birləşmiş Krallıq arasında körpülərin yandırılması demək idi. Haqqında danışdığım hər 3 ölkə III Çarlzın krallıq etdiyi dövlətlərdəndir, onun şəxsi mülkiyyəti sayılır. Maraqlıdır ki, ABŞ-ın ən yaxın strateji müttəfiqi olan İsrail rəsmiləri də rəsmi Londonun bu mövqeyindən sonra onu təhdid etməkdən belə çəkinməyib.
“BBC Radio 4 - Today” proqramına açıqlama verən İsrail hökumətinin sözçüsü David Mencer “yəhudi icmasının leyboristləri bu xəyanətə görə heç vaxt bağışlamayacağını” bildirib.
Sözsüz ki, Fələstinin dövlət kimi tanınması Böyük Britaniyanın baş naziri Kir Starmerin təkbaşına aldığı qərar deyil. Belə olsaydı, Avstraliya və Kanada da ona qoşulmazdı. Hər 3 ölkənin III Çarlza bağlı olduğunu nəzərə alsaq, aydın olar ki, qərarı da elə Böyük Britaniya kralının özü verib. Məntiqlə, rəsmi Təl-Əviv də məlum təhdidləri yağdırarkən Starmeri yox, III Çarlzı nəzərdə tutub.
Üstəlik, ABŞ-la Birləşmiş Krallıq arasındakı münasibətlər yeni pozulmayıb. Tramp hakimiyyətə ilk gəldiyi gündən etibarən Kanadanı ABŞ-ın 51-ci ştatı adlandırırdı. Məntiqlə, hələ o vaxtdan Kanadanın gerçək sahibi III Çarlza mesaj göndərirdi. Fikrimcə, məhz bu səbəbdən də Zelenskini dışlayır, Ukraynaya yardımları tam kəsmə xətti tuturdu. Özü də hakimiyyətə gəlməmişdən çox-çox əvvəl.
Sirr deyil ki, 2023-cü ilin ortalarından 2024-cü ilə qədər Ukraynaya silah yardımı Trampın rəhbərlik etdiyi respublikaçıların vetosuna məruz qalıb dayanmış, nəticədə Kiyev ciddi sıxıntılara düşmüşdü. Məhz həmin zamandan etibarən də Böyük Britaniya İsrailə ənənəvi dəstəyini kəsmişdi. 2025-ci ildən etibarən isə Tramp ABŞ-da ən önəmli söz sahibinə çevrildikdən sonra Amerikanın Ukraynaya, Birləşmiş Krallığın isə İsrailə mənfi münasibəti özünün kulminasiya nöqtəsinə çatıb. Belə bir vəziyyətdə Tramp administrasiyasının Ukraynaya bundan sonra həlledici dəstək verməsi imkansız görünür.
Fikrimcə, ən yaxşısı budur ki, Zelenski yolunu Vaşinqtondan salmasın, bütün problemlərini Londonda həll etməyə çalışsın”.
Xalidə Gəray
Musavat.com
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ