İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizindən keçən qatara biletlər satışda

Şuşa-Ağdam yolu bir arzu idi, Zəngəzur dəhlizi ilə Naxçıvana getmək isə...

Zəngəzur dəhlizinin Ermənistan hissəsinin uzunluğu təqribən 43 km-dir. Qarabağ müharibəsinin ilkin dövründə məhz mühüm dəhlizə çevrilən Şuşa-Ağdam yolu arasındakı məsafə də təqribən o qədərdir.

Zəngəzur dəhlizindən heç vaxt istifadə etməmişəm, amma uşaqlığım da, yeniyetməliyim də bu yolda keçib. O yolla dinc dövrdə də, müharibədə də gedib-gəlmişəm. Zəngəzur dəhlizini də, Ağdam-Şuşa yolunu da hər iki mənada bağlayan səbəb erməni düşmənçiliyi olub.

Əvvəl bizə o yolda daş atıblar, girov götürülənlər olub, sonra gülləyə tuş gələnlər də...Naxçıvan Muxtar Respublikasına çıxışa imkan verən Zəngəzur nəqliyyat(həm də dəmiryolu) dəhlizi də eyni taleyi yaşayıb, təqribən eyni vaxtda da bağlanıb.

Şuşa və Xankəndinin paytaxtla birləşdirən yol Ağdam şəhərinin mərkəzindən keçməklə istifadə olunurdu. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalınadək Qarabağın, eləcə də Laçın rayonunun əhalisi daimi olaraq bu yoldan istifadə edib. Ermənilər ilk qanı da bu yolda axıtmışdılar, Əsgəranda iki nəfəri öldürmüşdülər.

Hələ 90-cı il deyildi, ermənilər qudurub bu yoldan keçən azərbaycanlı maşınlarına əvvəl daş, sonra güllə atırdılar ki, Şuşa və Laçın üçün çox strateji olan bu yol birdəfəlik bağlansın.

Bu yol Xankəndinin içərisindən keçmirdi, ona görə əsas təhlükə Əsgəran idi. Şəhərin içində isə ermənlər Xocalıya və Ağdama(və ya əks istiqamətə) gedən maşınların yolunu kəsir, hətta insanları girov da götürürdülər. Ona görə bu yol “təhlükəsizlik səbəbindən” tez-tez bağlanırdı. Hətta azərbaycanlılar məcbur olub kolonlar düzəldib gedərdilər ki, ermənilər yolu kəssələr, bir-birlərinə hayan olsunlar.

Sonra rus əsgərləri dəhlizi guya nəzarətə götürdülər, amma erməni cinayətləri azalmadı, əksinə lap azğınlaşdılar. Bu dəhliz-yolda qurulan iki-üç post əslində formal idi, yəni rus əsgərləri ermənilərlə yeyib-içib, yatırdılar. Həmin vaxtlar tələbə olduğum üçün bu yolla Bakıya, yol açıq olanda Şuşaya qayıdırdım. Olurdu ki, günlərlə yol bağlı qalırdı, bəhanə də bu idi ki, “İrəvandan daşnaklar gəliblər, guya hardasa erməniləri qovublar, bunlar da qəzəblənib qəsdən yolu bağlayıb” və sairə. Özümün şahidlik etdiyim iki hadisə olub- bir dəfə içərisində qadın və uşaqlar olan “İkarus”u Əsgəranda necə daş qalaq etdilərsə, bir neçə adamın başı yarıldı. Bir dəfə də avtobusumuz düz Xankəndinin Ağdam istiqamətdən girişundə xarab oldu, ermənlər bütün adamları girov götürəcəkdi, nəysə ki, bir təhər qurtulduq.

Şuşanın və Laçının işğalı, bax o yol(dəhliz) birdəfəlik bağlanandan başladı. Bu yol bağlandıqdan sonra Şuşaya getmək üçün Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı yolunu keçməli idin. Burdandan da Laçın yolu ilə Şuşaya. Ağdamdan Şuşaya 30 dəqiqəlik rahat məsafə təxminən 9 saatlıq təmirsiz yolla əvəz olunmuşdu...

Sonra Şuşa camaatına bir helikoptel ayırdılar, Ağdamla gediş-gəliş üçün, amma tezliklə ermənilər onu da havada vurdular, nə qədər insan həlak oldu...

Şübhə yoxdur ki, Bakıda mühakimə olunan “quzu cildinə girmiş” Qarabağ ermənilərinin hamısı Şuşa-Ağdam yolundan baş vermiş cinayətlərin birbaşa iştirakçısı olublar.

Zəfər yolu çəkilməzdən əvvəl Şuşaya “Qırmızı bazar” qəsəbəsi yolu ilə- gedib-gələnlər danışırdı ki, hələ də ağıllanmayan qotur ermənilər yoldan keçən azərbaycanlılara həmin illərdəki kimi baxırmışlar- qəzəb və nifrətlə! İmkanları olsaydı, kolluqda pusqu qurub o illərdəki kimi daş, ya da güllə atardılar...

Qarabağ zəfərinin memarı Prezident İlham Əliyev 2020-ci il, noyabrın 20-də Ağdamın azadlığı günü etdiyi tarixi çıxışında bu yol haqda da danışmışdı. Demişdi ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da. “Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir”.

2023-cü ilin sentyabrındakı 23 saatlıq antiterror əməliyyatından sonra bu yol açıldı. Sonuncu dəfə Şuşadan o yolla Bakıya qayıtdım, bütün olub-keçənlər sanki bir daha yaşadım, keçirdiyim hisləri sözə çevirmək çətindir. Şuşa-Ağdam yolu, işğalın sonu...

Zəngəzur dəhlizi indi dünya gündəminə elə oturub ki, Amerika belə bu işə qol qoymaq istəyir. Erməni cəmiyyətinin mütləq əksəriyyətində daha şübhə yoxdur ki, “Əliyev dediyini edir”. “Zəngəzur dəhlizi sözü onları çox qıcıqlandırır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir” deyə, Prezident çıxışlarının birində deyib.

Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyası mənasızdır, sadəcə, öz əleyhinə işləyən vaxt itkisidir.
Tezliklə, “Zəngəzur dəhlizindən keçən qatara biletlər satışda” elanını oxumaq və ilk qatarla Naxçıvana getmək arzusu ilə...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR