İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizinə qarşı “üçlü” ittifaq - Məkrli plan

Dünya nəhənglərinin marağında olan proyekti üç paytaxt poza bilər; Bakı, Ankara və İslamabadın alacağı ön tədbirlər

“Türkiyə, Pakistan, Azərbaycan. Bu ölkələr Zəngəzur dəhlizindən çox narahatdır. Zəngəzur dəhlizi bir neçə ölkəyə təsir edə biləcək strateji regiondur. Ekspertlərə görə, Hindistan burada Ermənistanı dəstəkləməklə Türkiyə, Azərbaycan və Pakistanın işini çətinləşdirə bilər”.

Hindistanın nüfuzlu media orqanlarından sayılan İndia.com saytı belə yazıb. Gördüyünüz kimi, Türkiyə və Pakistan liderlərinin Azərbaycana səfəri Hindistan tərəfindən xüsusi maraqla izlənilir.

Sayt həmçinin yazır: “Bu arada Hindistanda mühüm, lakin daha az diqqət çəkən bir hadisə baş verdi. Keçən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dehlidə olub və Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval ilə görüşüb. Onların danışıqlarında ”Sindoor əməliyyatı"ilə bağlı müzakirələr olub, lakin səfər zamanı başqa bir əsas narahatlıq var idi, o da Zəngəzur dəhlizi idi".

Ermənistan, İran, Hindistan üçtərəfli görüşü baş tutmayıb - Oxu.az

Məqalədə birmənalı şəkildə deyilir ki, Pakistan və Türkiyə Ermənistanla münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyir, Hindistan isə həmişə Ermənistanın yanındadır. “Analitiklər hesab edir ki, Hindistan, İran və Ermənistan üçün daha sıx əməkdaşlıq etmək üçün doğru zamandır. Hindistan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanı qəti şəkildə dəstəkləsə, Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə və Türkiyə-Azərbaycan-Pakistan müttəfiqliyinə böyük zərbə vura bilər”, - müəllif qeyd edib.

Məqalədə daha sonra bildirilir ki, Zəngəzur dəhlizindəki avtomobil və dəmir yolu Ermənistanın “Sünik” (Qərbi Zəngəzur - red.) vilayətindən keçməlidir. Bu, Ermənistanı İranla birləşdirən yeganə quru yolu kəsəcək: “Deməli, dəhlizin tikintisinin böyük strateji nəticələri olacaq. Əgər dəhlizin çəkilişi baş tutsa, bu marşrut həm də Azərbaycan və Türkiyəyə bir-birinə birbaşa qurudan çıxış imkanı verəcək - hazırda bu ölkələrin belə bir imkanı yoxdur. Ona görə də Türkiyə bu layihəni tam dəstəkləyir. Sirr deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, Türk və İslam bölgələrini qurudan yenidən birləşdirməyi xəyal edir və bu dəhliz onun baxışlarına tam uyğun gəlir. Bir çox ekspertlərə görə, cənab Ərdoğan Zəngəzur dəhlizini Türkiyənin Asiyadakı təsirini bərpa etmək məqsədinin bir hissəsi kimi görür”.

Məqalənin müəllifi Pathak axırda yazıb ki, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycan arasında lokal məsələ deyil. Bu dəhliz regional güc balanslarını dəyişmək gücündədir: “1) Ermənistanın cənub bölgəsinə nəzarətini zəiflədə bilər. 2) Ermənistanın əsas müttəfiqlərindən biri olan İrana girişinin qarşısını kəsə bilər. 3) Türkiyə-Azərbaycan müttəfiqliyini və onların regiondakı daha geniş planlarını gücləndirəcək. Bir sözlə, Zəngəzur dəhlizi təkcə nəqliyyatla bağlı deyil, dünyanın çox həssas yerində geosiyasi nəzarət, təsir və gələcək ittifaqları formalaşdıra bilər”.

Bu qəbil iddialar nə dərəcədə əsaslıdır? Hindistan İran və Ermənistanla birgə Zəngəzur dəhlizini və Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləyə bilərmi? Buna “üçlüyün” resursu yetərmi və Bakı, Ankara və İslamabad hansı ön tədbirləri almalıdır?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, bu prosesin qarşısını almaq nə Ermənistanın, nə Hindistanın, nə də İranın gücündə olan məsələ deyil: “Bu məsələ dünyanın iki böyük güc sahibi olan ABŞ və Çinin maraq dairəsində olan bir məsələdir. Ona görə də bu məsələnin reallaşmasının qarşısını uzun müddət ala bilməyə üçüncü tərəflərin gücü yetməyəcək. Söhbət Şərqlə Qərbi birləşdirən böyük kommunikasiyan, yoldan maksimum faydalanmaqdan gedir. Ona görə burada Hindistanın və ya İranın bu layihəni əngəlləyə bilmək qüdrətdə olmasını düşünmürəm”.

Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan  qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir. Az öncə İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu xüsusda bildirib ki, “İrəvanın leksikonunda Zəngəzur dəhlizi anlayışı yoxdur”.

Yada salaq ki, Azərbaycan lideri İlham Əliyev bu ilin yanvarında yerli telekanallara müsahibəsində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır” deyib.

Bəzi iddialara görə, Zəngəzur dəhlizinin Ermənistandan - daha doğrusu, Azərbaycanın tələb etdiyi marşrut üzrə - keçməsi ilə bağlı Bakı ilə İrəvan arasında ön razılaşma əldə olunub. Lakin bu razılaşma rəsmi səviyyədə elan edilmir. Səbəb isə məlumdur - Rusiya bu prosesin içində olmaq istəyir, lakin Azərbaycan və Ermənistan artıq bu layihədə Moskvanın rolunun olmamasında maraqlıdırlar. Çünki 2020-ci il deyil və bölgədə yeni güc balansı formalaşmaqdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə verdiyi sərt və qəti bəyanatlar dövlətin strateji iradəsini ortaya qoyur. Bu məsələ sadəcə iqtisadi yox, həm də geosiyasi və dövlətçilik prioritetidir. Azərbaycan bu dəhlizdən heç bir halda geri çəkilməyəcək. Bunu nə Rusiya, nə İran, nə də digər aktorlar dəyişdirə bilər.

Yekun olaraq qeyd etmək lazımdır ki, “Zəngəzur dəhlizi bitdi” demək, təkcə Azərbaycanın strateji hədəflərini yanlış dəyərləndirmək deyil, həm də bölgədə baş verən geosiyasi reallıqları görməzdən gəlməkdir. Bu layihə hələ başlamayıb, amma artıq yeni dünya düzənində yerini alıb. Və onu əngəlləmək istəyənlərin qarşısında təkcə Bakı yox, Türkiyə, Çin və Orta Asiya ölkələri də dayanır.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR