Onlayn ictimai-siyasi qəzet
ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı aparılan korrupsiya istintaqını dayandırıb. Sözügedən araşdırma çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun adları hallanırdı.
Haqqin.az xəbər verir ki, “Bombardier” şirkəti 1 aprel tarixində ABŞ Ədliyyə Nazirliyindən rəsmi məktub alaraq, istintaqın bağlandığını təsdiqləyib. Kanada şirkətinin maliyyə hesabatında qeyd olunur ki, “İndoneziya və Azərbaycan dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli iki istintaq toplanmış məlumatlar əsasında yekunlaşdırılıb”.
ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib. “Bombardier” şirkəti də açıqlama yaymaqdan çəkinib.
Yada salaq ki, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsini siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə “Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlmişdi. Baxmayaraq ki, digər iştirakçılar tenderdə daha az qiymətə öz xidmətlərini təklif etmişdilər. Müqavilə imzalanarkən Azərbaycanda nəqliyyat naziri Ziya Məmmədov idi, ADDY-yə isə Arif Əsgərov rəhbərlik edirdi. Sabiq nazirin adı İsveçdə araşdırılan cinayət işindəki sənədlərdə də yer alırdı.
Şirkət meneceri Tomas Bimerə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara “otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunub. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırılmasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə “dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.
“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, "Bombardier" şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub", - prokuror Staffan Edlund o zaman jurnalistlərə bildirmişdi. O da bildirilirdi ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkətini təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. Stokholm dairə məhkəməsinə təqdim edilmiş cinayət işinin materiallarına əsasən, TSR və “Bombardier Sweden” tenderi elə saxtalaşdırıblar ki, “Bombardier Sweden” onu uda bilsin. Prokuror qeyd edib ki, həm Tomas Bimer, həm “Bombardier” şirkəti, eləcə də Azərbaycan dəmir yollarının rəhbərliyi hər hansı qanun pozuntusunu inkar edirlər. Hərçənd İsveç müstəntiqləri sonuncuları, yəni Azərbaycan dəmir yollarının o zamankı rəhbərliyini dindirə bilmədi. Bundan əlavə, tamamilə mümkün idi ki, “Azərbaycan Dəmir Yolları” QSC-də həmin rüşvətin bir hissəsini alan başqa əməkdaşlar da olmuşdu.
“Bombardier Sweden” şirkətinin keçmiş baş direktoru da daha bir neçə şəxslə birlikdə əvvəllər bu korrupsiya sövdələşməsində şübhəli bilinib, amma onlara qarşı rəsmi ittiham irəli sürmək üçün yetərli sübutlar olmayıb. 2017-ci ildə Stokholm dairə məhkəməsi bu korrupsiya sövdələşməsi üzrə şübhəlilərdən birinə - “Bombardier” şirkətinin satışlar üzrə rusiyalı meneceri Yevgeni Pavlova bəraət verib. Sonra o, Rusiyaya qayıdıb və iş 2020-ci ilin fevralında apelyasiya məhkəməsinə veriləndə İsveçə qayıtmaqdan imtina edib.
Məhz Azərbaycan məmurları ilə rüşvət qalmaqalına görə Dünya Bankı 2018-ci ildə “Bombardier” şirkətinin yer alacağı layihələri maliyyələşdirməkdən imtina etdiyini rəsmən bildirib. Nəqliyyat Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən “Bombadier” şirkəti Bakı-Böyük Kəsik dəmir yoluna siqnalizasiya sisteminin quraşdırılmasını həyata keçirməliydi. Həmin korrupsiya sövdələşməsi əsasında 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülüb. Belə ki, “Ebilock-950" siqnalizasiya avadanlığı əvvəlcə Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" adlı offşor şirkətə satılıb, daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb.
Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər. Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar. Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu. “Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.
Qeyd edək ki, bu iş üzrə Dünya Bankı tərəfindən başlanan araşdırma hələ də davam edir. Eyni zamanda Kanadanın hüquq-mühafizə orqanları "Bombardier"in İndoneziya ilə imzaladığı təyyarə satışı müqaviləsi üzrə yoxlamaları davam etdirir.
Maraqlıdır ki, 2021-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin əsas antikorrupsiya qanunu - Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA) tətbiqinin dayandırılması barədə sərəncam imzalanmışdı. Hazırkı qərarın həmin sərəncamla əlaqəli olub-olmadığı isə rəsmi şəkildə təsdiqlənməyib.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ