İnsanlara hürriyət, millətlərə istiqlal!

145 ilin izi ilə: Zamanla yarışan relslər və ADY-nin rəqəmsal inqilabı

2025 Azərbaycan Dəmir Yolları üçün əlamətdar bir ildir – ADY 145 illik yubileyini qeyd edir.

1880-ci ildə Bakı-Sabunçu xəttinin istifadəyə verilməsi ilə təməli qoyulan bu nəqliyyat infrastrukturu təkcə relsləri deyil, bütöv bir dövrü, iqtisadi modeli və sosial əlaqələri formalaşdırdı. O illərdən bu günədək ADY yalnız yük və sərnişin daşımaları deyil, ölkənin sənaye və iqtisadiyyat tarixində mühüm rol oynayan bir quruma çevrilib.

SABUN SON .png (1.07 MB)

Bu gün isə bu nəhəng tarix – rəqəmsallaşma dövrü ilə yeni bir mərhələyə qədəm qoyur. Bir vaxtlar dəmir yolları zamanın yavaş axdığı, tüstü və buxar içində itən səyahətlərin simvolu idi. Qatarlar rels boyu insanları, yükləri daşıdığı kimi, o illərin həyat ritmini, gözləntilərini və səbrini də daşıyırdı. Amma zaman dəyişdi. İndi informasiya saniyələr içində qitələri aşır, texnologiya bütün sahələrə nüfuz etdiyi kimi, dəmir yollarının da təbiətini kökündən dəyişir.

– Ay bala, bu bileti necə alım, növbəyə harada durum?

– Nənə, indi telefonla alırıq e, növbəyə durmağa gərək yoxdur…

Yaxınlarda Bakı-Sumqayıt elektrik qatarını gözlədiyim zaman qulaq şahidi olduğum bu kiçik dialoq dəmir yollarının nə qədər inkişaf etdiyinin yalnız kiçik bir nümunəsi idi...

Rəqəmsal relslər üzərində hərəkət

Ölkənin iqtisadi “arteriyalarından” biri sayılan Azərbaycan Dəmir Yolları son illər rəqəmsallaşma yolunda mühüm addımlar atmaqdadır. Bu proses sadəcə yeni texnika və proqram təminatlarının alınmasından ibarət deyil – bu, düşüncə tərzinin, xidmət anlayışının və sistemin bütün elementlərinin yenidən qurulmasıdır.

RAQAM.jpg (62 KB)

Əgər əvvəllər qatarın neçə dəqiqə gecikəcəyini ancaq dispetçer otağındakı zənglərlə öyrənmək mümkün idisə, bu gün smartfon ekranında həmin məlumatlar anlıq görünür. Sərnişin artıq passiv iştirakçı deyil – o, səyahətini planlayan və idarə edən bir istifadəçidir. Qatar hələ stansiyaya çatmamış, o artıq cibində görünür.

Qeyd etmək yerinə düşər ki, 2020-ci ildən etibarən ADY tam onlayn bilet satış sisteminə keçib. İndi istər şəhərdaxili, istər regionlararası səfərlər üçün biletlər mobil tətbiqlər, veb-sayt və ödəniş platformaları vasitəsilə əldə olunur. E-bilet konsepti, QR kodla yoxlama, turniket sistemlərinin yenilənməsi – bütün bunlar səyahəti sürətli, rahat və texnoloji edir.

Abşeron dairəvi dəmiryol xəttində artıq sərnişinlər Apple Pay, Google Pay və bank kartları ilə ödəniş edə bilir. Hazırda SimaPay – üztanıma ilə ödəniş sistemi test mərhələsindədir. Bu, ölkədə ictimai nəqliyyatda bir ilk olacaq.

 HASAN.jpg (268 KB)

İnnovasiya üzrə mütəxəssis Bəxtiyar Həsənov Musavat.com-a açıqlamasında bu yenilikləri belə dəyərləndirib:

“Son illərdə sərnişinlər həm veb-sayt, həm də mobil tətbiqlər üzərindən rahat şəkildə bilet ala bilirlər. Bu sistem istifadəçi təcrübəsi baxımından optimallaşdırılıb. Əsas istiqamətlərdə qatarların real vaxt izlənməsi ilə sərnişinlər üçün dəqiq vaxt məlumatı təmin edilib. Həmçinin Apple Pay, Google Pay dəstəyi ilə mobil ödəniş rahatlığı təmin olunub”.

Ekspertin fikrincə, gələcəkdə süni intellektlə dəmiryolu xidmətlərinin keyfiyyət analizi, real zamanlı rels monitorinqi və “Digital Twin” kimi texnologiyalar ön plana çıxacaq:

“Eyni zamanda, blokçeyn əsaslı logistika və sənədlərin dəyişməz rəqəmsal formatda saxlanılması beynəlxalq yük daşımalarında şəffaflığı və etibarı artıracaq”.

MİRELİ.jpg (62 KB)

İT mütəxəssisi Fərhad Mirəliyev isə dəmir yollarının rəqəmsal inkişafının beynəlxalq kontekstdə əhəmiyyətini vurğulayıb:

“Misal üçün, Avropada vahid mobil tətbiqlərlə bir ölkədən digərinə səyahət etmək olur. Azərbaycanda da bu istiqamətdə ciddi addımlar atılır. ADY-nin mobil tətbiqi Play Market-də yüz mindən çox yükləmə ilə, loyallıq proqramları və keşbek imkanları ilə artıq gündəlik istifadədədir”.

Ekspertin də vurğuladığı kimi, artıq 180 minə yaxın istifadəçi “ADY Mobile” tətbiqindən aktiv istifadə edir. Nağdsız ödənişlərin artması da diqqət çəkir – rayonlararası bilet satışlarının 76%-i elektron ödənişlə həyata keçirilir.

Yeri gəlmişkən, bu il iyunun 24-də Azərbaycan Turizm Bürosu ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur.

Yeni elektron platformalar və xidmətlər

2025-ci ildə ADY-nin yeni elektron xidmət portalı istifadəyə verildi – portal.ady.az Burada fiziki və hüquqi şəxslər üçün texniki razılıq müraciətindən tutmuş, vaqonların yuyulmasına qədər bir çox funksiyalar əlçatandır. Portal artıq ölkənin vahid identifikasiya sistemi olan digital.login ilə inteqrasiya olunub – istifadəçilər ASAN İmza, SİMA və digər metodlarla sistemə daxil ola bilirlər.

Rəqəmsallaşma eyni zamanda əlçatanlıq prinsipinə də xidmət edir: yaşlılar, fiziki məhdudiyyətli şəxslər üçün sadələşdirilmiş interfeyslər və yardım sistemləri yaradılıb. Bu o deməkdir ki, dəmir yollarının gələcəyi yalnız gənclərə deyil – hər kəsə açıqdır.

Yada salaq ki, 2024-cü ilin oktyabrında Asiya İnkişaf Bankı, ADY-nin rəqəmsal transformasiyası üçün 47 milyon dollarlıq kredit ayırdı. Bu vəsait – hərəkətə nəzarət, təmir idarəçiliyi, informasiya təhlükəsizliyi, köhnəlmiş İT sistemlərinin yenilənməsi və digər istiqamətləri əhatə edir.

ANDRE.jpeg (57 KB)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Baş rəqəmsallaşdırma inzibatçısı və Rəqəmsal inkişaf departamentinin rəhbəri Andrey İskriç bildirir ki, rəqəmsal transformasiyanın əsas məqsədi əməliyyat səmərəliliyini artırmaq, tranzit daşımalarını sürətləndirmək və ölkəmizi qlobal nəqliyyat qovşağına çevirməkdir. Bu istiqamətdə artıq konkret nəticələr var: tarif kalkulyatoru istifadəyə verilib, elektron iş icazəsi və vahid CIM/SMGS yük qaiməsi tətbiq olunub, satınalmalar və sənəd dövriyyəsi tam avtomatlaşdırılıb”.

ADY rəsmisi onu da vurğulayıb ki, yeni yaradılan İT ofis bu transformasiyanın mərkəzində dayanır:

“Agile metodologiyasına əsaslanan bu məkan, komandaların çevik işləməsi, innovativ həllər üzərində rahat və effektiv əməkdaşlıq etməsi üçün yaradılıb. Bu gün biz ADY-ni təkcə texnologiya ilə deyil, həm də insan kapitalına sərmayə ilə gücləndiririk. Rəqəmsallaşma təkcə logistikaya deyil, ümumilikdə ölkə iqtisadiyyatına və vətəndaşlara xidmət edir. ADY-nin loyallıq proqramı “ADY Mobile” vasitəsilə bilet alışı zamanı 3% keşbek qazanmaq, həmçinin tətbiqdə qeydiyyatdan keçmək, 3 dosta tətbiqdə qeydiyyatdan keçmək üçün dəvət göndərmək və sorğu və qiymətləndirmələrdə iştirak etməklə bonuslar əldə etmək imkanı verir”.

Yük daşımalarında rəqəmsal nəzarət və beynəlxalq inteqrasiya

ADY yük daşımalarında da rəqəmsal sistemlərə önəm verir. Elektron sənədləşmə, mərkəzləşdirilmiş izləmə və logistika platformaları artıq tətbiq olunur. Müştəri istədiyi an yükünün harada olduğunu onlayn şəkildə izləyə bilir. Bu, sadəcə rahatlıq deyil – həm də şəffaflıq və etibardır.

badam.jpeg (279 KB)

İqtisadçı millət vəkili Azər Badamov da bizimlə söhbətdə ADY-nin rəqəmsallaşmasının dövlət büdcəsinə və dəmir yolu sektoruna müsbət təsirlərindən danışıb:

“Rəqəmsallaşma, ilk növbədə, yüksək operativ idarəetmə deməkdir. Qatarların hərəkətindən tutmuş biletlərin satışınadək bütün proseslərin rəqəmsallaşması həm rahatlığı təmin edir, həm də fəaliyyəti şəffaflaşdırır. Fəaliyyətin şəffaflaşması isə korrupsiya hallarının azalması və gəlirlərin artması deməkdir. Bu da, təbii ki, sahəyə qoyulan investisiyaların daha tez geri qayıtmasına şərait yaradır”.

Bununla belə, müasir qlobal logistika artıq “kim daha tez yükü yola saldı” sualından çox, “kim daha tez məlumatı paylaşdı” sualına cavab axtarır. Məhz bu kontekstdə ADY son illərdə beynəlxalq platformalarda rəqəmsallaşma baxımından aktiv mövqe tutur. Orta Dəhliz (Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Avropa) XXI əsrin İpək Yolu kimi xarakterizə olunur. Bu dəhliz üzrə yalnız fiziki infrastrukturun genişləndirilməsi kifayət etmir – ölkələr arasında rəqəmsal məlumat mübadiləsi də sinxron və etibarlı olmalıdır. ADY bu istiqamətdə Qazaxıstan, Gürcüstan və Türkiyə ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq sahələrinə rəqəmsal yük izləmə platformalarının inteqrasiyası, əvvəlcədən elektron sənəd paylaşımı (e-freight), eləcə də blok-zəncir texnologiyası vasitəsilə gömrük məlumatlarının təhlükəsiz ötürülməsi daxildir.

ADY, eyni zamanda, TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi çərçivəsində yaradılan rəqəmsal tranzit monitorinq sisteminin əsas iştirakçılarından biridir. Burada məqsəd tranzit yüklərinin marşrutunu anlıq izləmək, yük gecikmələrinə dair xəbərdarlıq sistemləri qurmaq, rəqəmsal gömrük protokolları vasitəsilə prosesi sadələşdirməkdir. Eləcə də, Hindistan, İran, Azərbaycan və Rusiya arasında fəaliyyət göstərən Şimal-Cənub nəqliyyat dəhlizində də e-loqistika sistemlərinin uyğunlaşdırılması istiqamətində işlər aparılır. ADY bu layihədə rəqəmsal keçid nöqtələrinin qurulması və transmilli logistik məlumat axını prosesinin avtomatlaşdırılması sahəsində iştirak edir.

Bütün bunların nəticəsidir ki, ADY-nin rəqəmsallaşma təşəbbüsləri artıq beynəlxalq platformalarda da nüfuz qazanıb. 2023-cü ildə şirkət UN ESCAP tərəfindən keçirilən “Smart Connectivity” forumuna dəvət alıb, həmçinin UIC (Beynəlxalq Dəmir Yolları İttifaqı) çərçivəsində “Digital Railways” proqramına qoşulub. Bu, ADY-ni qlobal səviyyədə rəqəmsal oyunçuya çevirir.

DİGİTAL.jpg (161 KB)

Rəqəmsallaşma prosesinin qarşıdakı illərdə bir sıra istiqamətlərdə dərinləşməsi gözlənilir ki, bunlardan ən əsası süni intellekt əsaslı qrafik planlama və yük proqnozlaşdırma sistemləridir. Bu, tələbatı əvvəlcədən analiz etmək üçün olduqca vacibdir. Eləcə də, 5G və IoT  texnologiyaları ilə real vaxtda texniki nəzarət və sensorlu izləmə, tam rəqəmsal tranzit modelləri – marşrutların və hüquqi sənədlərin bir kliklə tənzimlənməsi- bütün bunların tətbiqi Azərbaycanı gələcəkdə yalnız coğrafi yox, rəqəmsal mərkəz kimi də Cənubi Qafqazda aparıcı mövqeyə daşıya bilər.

Bu gün Azərbaycan Dəmir Yollarını digər ölkələrlə müqayisə etdikdə regionda rəqəmsallaşma sahəsində qabaqcıl mövqedə olduğunu görürük. Gürcüstan, Ermənistan və bir sıra digər qonşu ölkələrdən öndə olmaqla yanaşı, ADY artıq Qazaxıstan, Baltikyanı dövlətlər, hətta bəzi Avropa ölkələri ilə rəqabətə girəcək səviyyəyə çatıb. Heç də təsadüfi deyil – bu, dövlətin iradəsi, texnoloji investisiyalar və peşəkar komandanın birgə əməyinin nəticəsidir. Amma bu rəqəmsal səyahət hələ bitməyib. Hər yeni platforma, hər yenilənən sistem – həm dəmir yollarının, həm də Azərbaycanın irəlilədiyi bir yolun növbəti stansiyasıdır. 1880-ci ildən başlayan bu yolun 145 illik mərhələsi indi tamamilə yeni bir dövrə – rəqəmsal relslər dövrünə daxil olub. Regionun nəqliyyat arteriyasında rəqəmsal ritm artıq Azərbaycanla müəyyən olunur.

Bu il həm də milli mətbuatın 150 illiyi qeyd olunur. Hər iki irs – dəmir yolu və mətbuat – bu gün rəqəmsal dövrə ayaq basaraq keçmişlə gələcəyi birləşdirir.

Afaq MİRAYİQ

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR