İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ kifayətlənəcək və İranla real bir müharibəyə girməyəcək”


İsrail-İran savaşının 11-ci günüdür. Amerikanın cənub qonşumuza endirdiyi zərbə müharibənin istiqamətini bir qədər dəyişib. Amma bununla belə hərbi toqquşmalarda səngimə müşahidə olunmaqdadır.

Politoloq Əhəd Məmmədli də bu fikirdədir.

O, Musavat.com-a açıqlamasında Ağ Ev sahibi Donald Trampın İrana zərbə əmri verməklə yəhudi lobbisinin borcundan çıxdığını qeyd etdi: “Təxmin etdiyimiz kimi, İran-İsrail münaqişəsi səngiməkdədir. ABŞ, İrana protokol qaydası ilə zərbələr endirdi. İran isə bu zərbələrdən əvvəl nüvə materiallarını və personalını çıxartdı. Nüvə obyektlərinə zərbələrdən sonra İran, gözlənildiyi kimi, Amerikaya deyil, İsrailə cavab zərbələri endirdi. ABŞ isə bəyan etdi ki, İran rejimi ilə birbaşa qarşıdurmaya girməyi planlaşdırmır.

Tramp yəhudi lobbisinə borclu idi. Onun hər iki dəfə prezident seçilməsində yəhudi lobbisinin həm siyasi, həm də maliyyə baxımından böyük rolu olub. Buna görə Tramp, İrana qarşı zərbələr endirmək qərarına gəlməkdə özünü məcbur hiss etdi. Lakin bununla ABŞ kifayətlənəcək və İranla real bir müharibəyə girməyəcək.

Fikrimcə, İran və İsrailin bir-birinə qarşı bir neçə cavab zərbəsindən sonra, hər iki tərəfin “sifətinin qorunması” şərti ilə atəşkəs elan ediləcək. İsrail və İran, daxili auditoriyalarına özlərini qalib kimi təqdim edəcəklər. Ola bilsin ki, Obamanın dövründə imzalanmış nüvə razılaşmasına müəyyən dəyişikliklərlə İran yenidən imza atsın.

ABŞ-ın Ukrayna və Rusiyadakı xüsusi nümayəndəsi Kit Kelloq Belarusda Lukaşenko ilə 6 saat yarım davam edən danışıqlar aparıb. Danışıqlardan sonra bildirilib ki, əsas müzakirə mövzuları Rusiya və Çin olub. Çox güman ki, Kelloq Lukaşenko vasitəsilə Rusiya və Çinə, Amerikanın İranla müharibə etməyəcəyi barədə təminat verib. Lakin bu, o demək deyil ki, Rusiya və Çin İrana dəstək verməyəcəklər. Sadəcə olaraq, açıq dəstək göstərməyəcəklər.

Rusiya, İran-İsrail münaqişəsində yəqin ki, məsafəli qalmaqda davam edəcək. Çin isə əsasən İrana müasir raketləri üçün lazım olan çipləri təmin edir və bu prosesi davam etdirəcək. Çünki çipsiz müasir raketlər metal qırıntısından başqa bir şey deyil”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR