İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT sədri Bakıya gələsi olmadı

Bədnam Minsk Qrupu Azərbaycanda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını gözdən və etimaddan salıb

Finlandiyanın xarici işlər naziri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Cənubi Qafqaza səfəri çərçivəsində bu gün Azərbaycana gəlməli idi. Cənubi Qafqaza üç günlük səfəri çərçivəsində xanım Valtonen Ermənistanda olub. Bu gün isə Gürcüstandan sonra Bakıya gələcəyi gözlənilirdi. Lakin səfər təxirə salınıb. “Report”a bu barədə məlumatlı mənbədən bildirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bölgəyə səfəri Azərbaycan Respublikasından başlamalı idi. “Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır”, - XİN rəsmisi vurğulayıb.

Elina Valtonen İrəvanda Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, ATƏT-in Minsk Qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq. O, ATƏT-in Ermənistanda və bütün regionda sülhü dəstəkləməyə hazır olduğunu qeyd edib.

Bu, Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi regiona ilk səfəridir. Səfər zamanı regional təhlükəsizlik məsələlərinin və Cənubi Qafqaz ölkələri ilə ATƏT arasında əməkdaşlığın gücləndirilməsinin müzakirə ediləcəyi öncədən açıqlanıb.

ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsi təşkilat çərçivəsində fəaliyyətin və iştirakçı dövlətlər arasında əməkdaşlığın əlaqələndirilməsi məqsədilə təsis edilib. Təşkilata sədrlik edən ölkə Nazirlər Şurasının qərarı ilə bir il müddətinə müəyyən edilir. Fəaliyyətdə olan sədr funksiyalarını isə həmin ölkənin xarici işlər naziri həyata keçirir.

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvülüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunub. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. ATƏT iştirakçı dövlətlərinin 323 parlamentarisindən təşkil edilmiş Parlament Assambleyası ATƏT-in muxtar qurumu kimi parlament müstəvisində dialoqun təşviqi məqsədi ilə fəaliyyət göstərir və məşvərətçi xarakter daşıyır.

Qeyd edək ki, Azərbaycan bu təşkilata hər il 45 min avro üzvlük haqqı ödəyir.

8 avqust Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri maraq doğurur. Bundan sonrakı mərhələdə bu istiqamətlər əsasən nələr ola bilər?

Arzuxan Əlizadə: “Həmvətənlərimizə qarşı zorakılıq edənlər dərhal  məsuliyyətə cəlb edilməlidir” Pravda.az

Arzuxan Əlizadə

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in hazırda fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Cənubi Qafqaza ilk səfəri idi: “Görünən bundan ibarətdir ki, ilk səfər tanışlıq xarakteri daşıyır. Bundan əlavə, Cənubi Qafqaz ölkələri ilə ATƏT arasında müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirə olunması ehtimalı var. Həmçinin o da məlumdur ki, dekabrın 1-dək ATƏT-in Minsk Qrupu və onun digər strukturlarının ləğv ediləcəyi də gözlənilir. Təəssüf ki, ATƏT-in Minsk Qrupu və bütövlükdə ATƏT 30 ilə yaxın müddət ərzində Azərbaycanın ərazilərinin Ermənistanın işğalı altında olduğu sürəcdə faktiki olaraq fəaliyyətsizlik göstərdi. Minsk Qrupunun bu münasibəti, bir çox hallarda işğalçı tərəfin mövqeyinin güclənməsinə yönəlik siyasət aparması, faktiki olaraq işğal faktının uzanmasına səbəb olması Azərbaycan dövlətində və cəmiyyətində Minsk Qrupu ilə yanaşı, ATƏT-in özünə də müəyyən inamsızlıq, etimadsızlıq yaratdı. Artıq ədalət öz yerini tutub və Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edib, Minsk Qrupuna ehtiyac qalmayıb. Ona görə də Minsk Qrupu və ona bağlı olan müvafiq strukturların ləğvi üçün Azərbaycan müraciət edib. Artıq Minsk Qrupunun ləğvi barədə qərar da qəbul edilib. Qeyd etdiyimiz kimi, dekabrın 1-dək bu strukturlar ləğv ediləcək. Bu məsələ də, hər halda, müzakirə mövzusu olub olacaq”.

Deputatın sözlərinə görə, görünən bundan ibarətdir ki, bundan sonra ATƏT üzv ölkələrlə təşkilatdaxili əlaqələrin genişləndirilməsini və əməkdaşlığı davam etdirməyə çalışacaq: “ATƏT sədrinin Cənubi Qafqaz ölkələrinə səfəri həm də məhz əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsidir. ATƏT-in müxtəlif profilli strukturları var. Azərbaycan həmin strukturlarla uzun illərdir əməkdaşlıq edir və bundan sonra da edəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR