İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Qarabağdada MÖHTƏŞƏM ANLAR- Xankəndi və Xocalıda...

“30 il doğulduğun vətən torpağını görməmək nə deməkdir?”

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun şəkildə Qarabağa “Böyük Qayıdış” proqramı uğurla icra olunmaqdadır. Bu proqram çərçivəsində Kəlbəcər də öz sakinlərini qarşılamağa hazırlaşır. Artıq şəhərə köçəcək ailələr arasında püşkatma keçirilib. Püşkatma zamanı ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşdirilib.

Məlumata görə, Kəlbəcərə ilk olaraq, 81 ailə köçəcək. İlk köçün qarşıdakı yarım ay ərzində baş tutacağı gözlənilir.

İlk köçənlər arasında 80 yaşlı Əli Abdullayev (Uluxanlı) də var. O, təəssüratlarını Modern.az-la bölüşüb: “30 il doğulduğun vətən torpağını görməmək nə deməkdir? Kim inanardı ki, yenidən o torpağa qayıda bilərik. Elə bir gün olmayıb ki, mən Kəlbəcəri yad etməmiş yuxuya gedim. Vətən həsrətindən böyük dərd yoxdur. Evindən bir adam, tayfan ölür, gedir, dözürsən. Amma elliklə bir xalqın ölümünə dözmək mümkün deyil. Biri var ölüb gedəsən, bir də var ki, gündə diri ikən, danışa-danışa, yaşaya-yaşaya öləsən. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Biz vətənimizə doğru istiqamət götürmüşük. Hər kəsin öz doğulduğu məkan onun üçün cənnətdir. Onun cənnəti də, cəhənnəmi də. Biz cəhənnəmi görürük. Qaçqın olmaq nə deməkdir, biz bilirik. Doğma qardaşın, bacının, qohumların birinin evinin küncünə sığınıb yaşamağın nə olduğunu yaxşı bilirik”.

113 yaşlı anası ilə birlikdə Kəlbəcərə QAYIDIR

Əli Abdullayev

Ə.Abdullayev bildirib ki, Kəlbəcərə həyat yoldaşı və 113 yaşlı anası ilə birlikdə qayıdacaqlar: “Torpaqlarımız işğaldan azad olunandan sonra iki dəfə Kəlbəcərə getdim. Nə bizim gördüyümüz Kəlbəcər, nə də kəlbəcərlilərim yoxdur. Mən və ailəm qayıdır. Amma mən qonşularımın kim olacağını bilmirəm. Bu yaşdan sonra dost tapmaq, qonşu tapmaq çətindir. Ətrafımızda olan sevimli qonşularımızın biri də qalmayıb. Bircə ona yanıb tökülürəm. Elə hamımız ölsəydik, yeni nəsil gələrdi. O daha yaxşı olardı. Bir-iki nəfərin ölüb getməsinə sağ qalanlar dözmür. Sevinirəm ki, o torpaqlara gedirəm. Uşaqlığım, gəncliyim, mənim adımı yaşadan dünyam oradadır. İkinci ona görə sevinirəm ki, gedirəm o torpaqları qucmağa, əbədi yatmağa. Bundan böyük mənim üçün səadət, xoşbəxtlik yoxdur. Allah əsgərlərimizi qorusun, həmişə müzəffər, qalib etsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə uzun ömür arzu edirəm. Mən, yoldaşım və anam olacaq. Mənim 80, yoldaşımın 79, anamın isə 113 yaşı var”.

Ötən həftə uzun illərdən sonra Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə son zəng çalınıb. Bu barədə əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb.

Xankəndidə 37 ildən son zəng çalındı- FOTOLAR - Busaat.az

O bildirib ki, Xankəndidəki məktəbdən 14 şagird məzun olub. A.Telmanqızı onu da qeyd edib ki, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri keçirilib və həmin məktəbdən isə 4 şagird məzun olub. Əməkdar jurnalistin “Son zəng”lərdən paylaşdığı video onu izləyən hər kəsdə qürur hissi yaşadıb.

İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərkən azad olunmuş ərazilərdə görülən işlərdən söz açaraq, mənfur qonşularımız tərəfindən ata-baba yurdlarından qovulmuş insanların öz doğma evlərinə "Böyük Qayıdış"ın uğurla davam etdiyini söyləyib. O qeyd edib ki, bu günədək Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub: “Yeni məktəbimizdə 200-ə yaxın şagird təhsil alır. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb. Şəhərimizdə turizmin inkişafı baxımından böyük əhəmiyyətə malik olan yeni hotellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə bu ayın ilk 10 günündə şəhərimizi ziyarət edənlərin sayı 25 mini keçib. Ən önəmli layihələrimiz isə sözsüz ki, şuşalılar üçün yeni yaşayış evlərinin tikilməsidir. Artıq 1409 nəfər keçmiş məcburi köçkün şuşalı 23 binadan ibarət ilk yaşayış kompleksində daimi məskunlaşıb. Növbəti aylarda isə şəhərimizdə ümumilikdə 45 ədəd çoxmənzilli binadan ibarət daha üç yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq”.

Hazırladı: Cavanşir Abbaslı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR