Onlayn ictimai-siyasi qəzet
Milli mətbuatımızın yaranmasının 150 ili tamam olur
Musavat.com xəbər verir ki, Azərbaycan milli mətbuatının əsası 150 il əvvəl — 1875-ci ildə qoyulub. Bu böyük tarixi missiya maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabinin adı ilə bağlıdır.
Məhz onun təşəbbüsü və əzmi nəticəsində 1875-ci ilin 22 iyulunda bütün Qafqazda ilk dəfə olaraq Azərbaycan dilində “Əkinçi” qəzeti nəşr olunub. Həsən bəy bu qəzetin naşiri, redaktoru və korrektoru olmaqla yanaşı, onun ideya və məzmununa da rəhbərlik edib.
“Əkinçi”nin işıq üzü görməsində dövrün tanınmış ziyalıları — Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqaları da mühüm rol oynayıblar.
Cəmi 56 nömrə ilə tarixə düşən “Əkinçi” qısa ömrünə baxmayaraq, milli jurnalistikanın əsasını qoyaraq Azərbaycan mətbuatının gələcək inkişaf istiqamətini müəyyənləşdirib. Maarifçilik ideyaları, milli ruh və xalqın səsi bu nəşrdə öz əksini taparaq sonrakı nəşrlərə yol açıb.
“Əkinçi” qəzetinin təməlini qoyduğu maarifçilik xətti sonrakı illərdə bir sıra nüfuzlu nəşrlərdə davam etdirilib. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” və xüsusilə də “Molla Nəsrəddin” jurnalı milli mətbuatın inkişafında əhəmiyyətli rol oynayıb. Bu orqanlar cəmiyyətin maariflənməsi, cəhalətə və sosial ədalətsizliyə qarşı mübarizəni əsas fəaliyyət istiqaməti seçmişdilər.
Azərbaycan mətbuatının tarixi mərhələlərlə zəngindir. Xalq Cümhuriyyəti dövründə ifadə azadlığı və sərbəst düşüncənin təməli atılsa da, 1920-ci ildən etibarən sovet dövründə mətbuat totalitar rejimin ideoloji alətinə çevrildi. Jurnalistika mövcud problemləri yalnız dolayı yollarla işıqlandıra bilirdi və azad sözə ciddi məhdudiyyətlər qoyulmuşdu.
1990-cı illərin sonlarına doğru mətbuat yenidən dirçəlməyə başladı. Müstəqil Azərbaycanın dövlətçilik yolunda atdığı addımlar media sahəsində də yeni imkanlar yaratdı. Ulu Öndər Heydər Əliyev mətbuatın gücünü dəyərləndirərək bu sahənin inkişafına xüsusi önəm verdi. Onun təşəbbüsü ilə mətbuatla bağlı mühüm qərar və qanunlar qəbul olundu. 1998-ci ildə senzuranın ləğvi, 1999-cu ildə isə müasir tələblərə cavab verən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qəbul edilməsi bu istiqamətdə atılan mühüm addımlar sırasındadır.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilib. Medianın inkişafı, jurnalistlərin rifahının yaxşılaşdırılması, informasiya vasitələrinin texniki bazasının gücləndirilməsi məqsədilə bir sıra sərəncamlar imzalanıb.
Azərbaycan 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində yalnız hərbi deyil, informasiya sahəsində də üstünlük əldə etdi. Ermənistan və ona dəstək verən bəzi dairələrin apardığı dezinformasiya kampaniyasına baxmayaraq, Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırıldı.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ