İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın enerji təhlükəsizliyində yeni səhifə: “8 Noyabr” Elektrik Stansiyası TƏHLİL

Son illər Azərbaycan enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində mühüm addımlar atıb. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması və regional enerji təhlükəsizliyinə töhfə verən layihələrin icrası bu sahənin prioritet olduğunu təsdiqləyir. Eyni zamanda, ölkənin enerji strategiyası yalnız daxili tələbatın ödənilməsinə deyil, həm də enerji ixracatçısı kimi mövqeyinin gücləndirilməsinə hesablanıb. Azərbaycanın ekoloji təhlükəsizlik, iqtisadi dayanıqlıq və enerji diplomatiyasını birləşdirən bu çoxşaxəli siyasəti regionda yeni enerji xəritəsinin formalaşmasına təkan verir.

AZƏRTAC ölkəmizin son illərdə formalaşdırdığı çoxşaxəli enerji siyasətinə, əldə olunan mühüm nailiyyətlərə və bu siyasətin regional, həmçinin qlobal enerji təhlükəsizliyinə təsirinə nəzər salır.

Bərpaolunan enerji sektorunda uğurlar

Azərbaycan son illərdə bərpaolunan enerji sektorunda ardıcıl və məqsədyönlü siyasət yürüdərək, bu sahədə ciddi irəliləyişlərə imza atıb. Xüsusilə son 3 ildə bir sıra iri enerji layihələrinin icrası və beynəlxalq əməkdaşlıqlar ölkənin yaşıl enerji potensialını reallaşdırmaq istiqamətində mühüm mərhələ təşkil edir. Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir.

Bundan əlavə, Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür.

Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası elan edildikdən sonra bu ərazilərdə bərpaolunan enerji potensialının aktiv istifadəsi istiqamətində ciddi işlər görülür. Artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib və ya tikintisi davam etdirilir. Bu stansiyalar həm bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, həm də enerji təhlükəsizliyinə töhfə verir. Paralel olaraq Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur ki, bu da region üzrə ən yüksək göstəricilərdən biridir.

Azərbaycan Hökuməti 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji istehsal gücünü 8 GVt-a çatdırmağı hədəfləyir. Xəzər dənizinin dayaz hissəsində planlaşdırılan külək elektrik stansiyaları, yeni Günəş və hidroenerji layihələri ilə bu məqsədə nail olunması üçün zəruri hüquqi, texniki və investisiya bazası yaradılıb. Beynəlxalq şirkətlərlə imzalanmış müqavilələr çərçivəsində yaxın illərdə enerji sisteminə minlərlə meqavat gücündə yaşıl enerji əlavə ediləcək. Bu isə həm enerji ixracının artırılması, həm də ekoloji öhdəliklərin yerinə yetirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar açacaq.

Eyni zamanda, Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar regional enerji bazarında yeni əməkdaşlıq formatlarının yaranmasına, yaşıl enerji ixracını hədəfləyən enerji dəhlizlərinin yaradılmasına və ölkənin yaşıl enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaradır. COP29 kimi nüfuzlu tədbirin Bakıda keçirilməsi də Azərbaycanın bu sahədəki iddiasını və qlobal enerji gündəmində artan rolunu bir daha nümayiş etdirir.

Dövlət səviyyəsində strateji dəstək və beynəlxalq əməkdaşlıq

Azərbaycanın bərpaolunan enerji sektorunda əldə etdiyi nailiyyətlərin əsasında güclü dövlət dəstəyi və çevik iqtisadi-siyasi strategiya dayanır. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə investisiya mühitinin yaxşılaşdırılması və investorların cəlb olunması məqsədilə bir sıra mühüm güzəştlər tətbiq edilib. Bərpaolunan enerji istehsalçıları üçün vergi və gömrük rüsumlarından azadolma, torpaq münasibətlərində sadələşdirilmiş prosedurlar və güzəştlər, eləcə də investisiya təşviqi mexanizmləri nəzərdə tutulub. Paralel olaraq, bu sahədə hüquqi və institusional islahatlar aparılıb, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun qəbul olunub, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və digər əlaqəli qurumların fəaliyyəti genişləndirilib.

Azərbaycan bu strategiya çərçivəsində dünyanın nüfuzlu enerji şirkətləri ilə əməkdaşlığını ardıcıl şəkildə dərinləşdirib. “Masdar”, “ACWA Power”, bp, “TotalEnergies” və digər beynəlxalq enerji nəhəngləri ilə çoxmilyardlıq müqavilələr imzalanıb və bu müqavilələr əsasında Günəş, külək və hidroenerji layihələri reallaşdırılır. Təkcə 2023-2024-cü illərdə imzalanmış sənədlər çərçivəsində Azərbaycan energetika sisteminə 2,5 GVt-dan artıq yaşıl enerji gücünün inteqrasiyası nəzərdə tutulub.

Bu prosesdə Azərbaycanın enerji diplomatiyası da mühüm rol oynayır. COP29-un Bakıda keçirilməsi ölkəmizin yaşıl enerji siyasətinə və ekoloji təşəbbüslərinə beynəlxalq diqqəti daha da artırıb. Bu tədbir çərçivəsində Azərbaycan dünyanın qabaqcıl enerji şirkətləri, beynəlxalq maliyyə institutları və ekoloji təşkilatları ilə yeni tərəfdaşlıqlar qurmaq, yaşıl enerji texnologiyalarının tətbiqini genişləndirmək və beynəlxalq yaşıl maliyyə resurslarına çıxış imkanlarını gücləndirmək imkanı qazanıb.

Bununla yanaşı, Xəzər dənizi və Avropa arasında yaşıl enerji kabeli layihəsi Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi istiqamətində strateji layihələrdən biridir. “Qara dəniz yaşıl kabeli” kimi tanınan bu layihə vasitəsilə Azərbaycan Gürcüstan və Qara dəniz üzərindən Rumıniyaya və Macarıstana yaşıl enerji ixrac etməyi hədəfləyir. Layihənin həyata keçirilməsi Avropa İttifaqının enerji təhlükəsizliyi siyasəti ilə üst-üstə düşməklə, Azərbaycanın həm Cənubi Qafqaz, həm də Avropa enerji məkanındakı rolunu daha da gücləndirəcək. Bu cür beynəlxalq təşəbbüslər ölkənin enerji sahəsindəki strateji nüfuzunu artırmaqla yanaşı, ekoloji təhlükəsizlik və regional sabitlik baxımından da mühüm əhəmiyyət daşıyır.

“8 Noyabr” Elektrik Stansiyası: Enerji təhlükəsizliyində tarixi addım

Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri də bu gün – 2025-ci il iyunun 24-də rəsmi açılışı keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.

Prezident İlham Əliyevin 2022-ci ildə imzaladığı Sərəncama əsasən inşasına başlanan bu layihə rekord sayılacaq müddətdə - cəmi iki il ərzində uğurla başa çatdırılıb. Layihənin hazırlanması və icrasında Azərbaycanın mühəndisləri əsas rol oynayıb və texniki həllər dünya təcrübəsi ilə uzlaşdırılaraq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilib. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib ki, bu da Azərbaycanın enerji sektorunda milli kadr potensialının və sənaye imkanlarının sürətlə inkişaf etdiyini təsdiqləyən əhəmiyyətli göstəricidir.

Bundan əlavə, stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.

Stansiyada istifadə olunan texnologiyalar nəticəsində:

• Şərti yanacaq sərfiyyatının azaldılması nəticəsində ildə 1 milyard kubmetr təbii qaza qənaət olunacaq;

• 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq;

• Faydalı iş əmsalı 17 faiz artaraq 55,5 faizə yüksəlib;

• Əlavə olaraq 90 MVt enerji istehsalı imkanı yaranıb;

• Mövcud enerji blokları modernləşdirilib, ötürmə və qaz təminatı infrastrukturunda yeniliklər aparılıb.

Bu stansiya təkcə Azərbaycanın daxili enerji təminatı üçün deyil, həm də enerji ixrac potensialının artırılması baxımından əhəmiyyətlidir.

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də qeyd edib ki, bu stansiya ölkəmizin enerji potensialını təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Həmçinin Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək. Bu gün Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”.

Bir sözlə, Azərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur. Bərpaolunan enerji layihələri ilə yanaşı, “8 Noyabr” kimi müasir və səmərəli stansiyalar enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji ixrac imkanlarının genişləndirilməsinə, ətraf mühitin mühafizəsinə və regionda iqtisadi əməkdaşlığın güclənməsinə xidmət edir. Bu mühüm layihə Azərbaycanın enerji tarixində qızıl hərflərlə yazılaraq, ölkənin qüdrətini və dövlətçilik iradəsini bir daha təsdiqləyir. Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti belə kompleks yanaşmalar sayəsində gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcək. Bu gün ölkəmizin enerji siyasəti təkcə iqtisadi inkişaf deyil, həm də qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən strateji model kimi nümunə göstərilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR