Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərq mədəniyyətlərin, dinlərin, ilk dövlətin və s. mərkəzidir. Bu üstünlükləri ilə yanaşı dünyanın təbii sərvətləri ilə ən zəngin bölgəsidir. Cənub-Qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi regiondur.
Bu bölgədə türklər, ərəblər, farslar, yəhudilərlə yanaşı çoxlu etnosun nümayəndələri yaşayır. Yaxın Şərqin əhalisinin 400 milyona yaxını müsəlman, 20 milyonu xristian, 7 milyonu yəhudi, bir milyonu druzlar, o sayda yezidi və s. əhali yaşayır. Bölgəyə bu dövlətlər daxildir: Suriya, Türkiyə, Yəmən, İraq, İran, İsrail, Kipr (yunan və türk hissələri birlikdə), Misir, Oman, Səudiyyə Ərəbistanı, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, İordaniya, Küveyt, Qətər, Livan, Bəhreyn.
Yaxın Şərq Azərbaycan üçün əlverişli bölgədir, amma regiondakı belə rəngarənglikdə bütün dövlətlərlə əlaqə qurmaq, münasibətləri qorumaq, inkişaf etdirmək, uğur qazanmaq elə də sadə deyil.
Bəhreynin Manama şəhərində Azərbaycan səfirliyi fəaliyyətə başlayacaq. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilən məsələdə əksini tapıb.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1996-cı ilin noyabrında qurulub. Bəhreyn Krallığı Asiyanın cənub-qərbində Fars körfəzində yerləşən kiçik ada dövlətidir - 3 böyük və çoxlu sayda xırda adalardan ibarətdir. Bəhreyndə müsəlmanlar 85% təşkil edir. Yarıdan çoxu şiələr, qalanı sünnülərdir. Azərbaycanla Bəhreyn BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi platformalarda əməkdaşlıq edir.
Xarici işlər naziri Ceyhun Bayramov may ayında Bəhreyn Krallığına rəsmi səfərdə olub. Ceyhun Bayramov bu ölkənin vəliəhdi və baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb. Gələn ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərimizin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığımızın inkişafında rəhbər tutulmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Züriyə Qarayeva
Politoloq Züriyə Qarayeva “Yeni Müsavat”a söylədi ki, Azərbaycanın Bəhreyndə səfirliyinin açılması həm regional, həm də ikitərəfli münasibətlər baxımından əhəmiyyətli geosiyasi addımdır: “Bu qərar Bakının Yaxın Şərqdə diplomatik fəallığını daha da genişləndirdiyini göstərir. Azərbaycanın xarici siyasətində balanslaşdırma, müxtəlif regionlarda möhkəmlənmə və çoxvektorlu əməkdaşlıq əsas prioritetlərdən biridir. Yaxın Şərq isə zəngin enerji resursları, dini-mədəni müxtəlifliyi və mürəkkəb siyasi münasibətlər sistemi ilə Azərbaycanın həm iqtisadi, həm də siyasi maraqları üçün vacib istiqamətdir. Bəhreynlə münasibətlərin intensivləşdirilməsi Bakının Körfəz regionuna çıxış imkanlarını gücləndirir. Azərbaycan həm enerji, həm də qeyri-neft sahələrində tərəfdaşlıq imkanlarını artırmaqla yanaşı, beynəlxalq təşkilatlarda - xüsusən İƏT və Qoşulmama Hərəkatında mövqelərini koordinasiya etməyə çalışır. Manamada səfirliyin açılması, iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə təsadüf etməsi də simvolik xarakter daşıyır: bu, qarşıdakı onilliklərdə əlaqələrin institusional əsasda daha möhkəm qurulacağının göstəricisidir.
Eyni zamanda Azərbaycan Körfəz ölkələri ilə əlaqələrini inkişaf etdirərək iqtisadi diplomatiyasını diversifikasiya edir. Təkcə enerji deyil, investisiya, ticarət, turizm və mədəniyyət sahələrində də qarşılıqlı faydalı əməkdaşlıq potensialı mövcuddur. Bundan əlavə, şiə və sünni əhalinin birlikdə yaşadığı Bəhreyn kimi ölkələrlə yaxınlıq Azərbaycanın tolerantlıq və dini-mədəni harmoniyanı önə çəkən imicini dəstəkləyir. Nəticə etibarilə Bakının Bəhreyndə diplomatik nümayəndəlik açması, sadəcə, ikitərəfli münasibətlərin güclənməsi deyil, həm də Azərbaycanın Yaxın Şərqdə artan mövcudluğunun, regional güclərlə balanslı siyasət aparmaq bacarığının və qlobal diplomatik fəallığının bariz nümunəsidir. Bu addım Azərbaycanın həm regional, həm də beynəlxalq siyasətdə nüfuzunu artıran strateji bir seçim kimi dəyərləndirilə bilər".
Çingiz Şahbazi
Politoloq Çingiz Şahbazi qeyd etdi ki, Azərbaycan Şərq mədəniyyətini özündə ehtiva edərək, Qərb və Şərq arasında körpü rolunu oynayan az ölkələrdən biri hesab olunur: "Bu Allahın bizə lütfüdür ki, Azərbaycan dünyanın ən vacib və ən əhəmiyyətli məkanlarından biri kimi məhz bütün siyasi və xüsusilə də iqtisadi layihələrin həyata keçirilməsi üçün ən məqbul ölkələrdən biri kimi tanınmaqdadır. Bu gün yürüdülən siyasətə diqqət yetirsək görərik ki, daha çox gələcəyə doğru hesablar tutulmaqdadır və məhz ölkənin strateji durumu bizə imkan verir ki, bu istiqamətdə çoxşaxəli şəkildə geosiyasi və geoiqtisadi siyasətimizi quraq. Bu gün diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan bütün istiqamətlərdə özünün dostluq və əməkdaşlıq əlaqələrini qurmaqda davam edir və bu istiqamətdə yürütdüyü siyasət xüsusilə də Qərbi və Şərqi Avropa, Orta və Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri ilə birlikdə Amerika Birləşmiş Ştatlarını da əhatə edir". Müsahibimiz dedi ki, Azərbaycan bu istiqamətdə sürətli şəkildə əlaqələr qurur və bu əlaqələrin genişləndirilməsi istiqamətində çox israrlı görünür: “Bu səbəbdən, Yaxın Şərq ölkələri ilə də ölkəmiz diplomatik, həmçinin də müttəfiqlik münasibətləri qurmağa çalışır. Doğrudur, bu istiqamətdə çətinliklər olacaq. Çünki bölgə qeyri-sabit vəziyyətdədir. Amma məhz Yaxın Şərq ölkələri ilə bağlı, qardaş ölkə Türkiyənin Azərbaycanla bərabər bu istiqamətdə müştərək siyasət yürütməsi, əlbəttə ki, müsbət nəticələrin əldə olunacağına heç bir şübhə yeri saxlamır. Yaxın Şərq siyasəti ölkəmiz üçün gələcəkdə daha böyük uğurlar gətirəcək. Çünki bu region dünyanın ən zəngin bölgələrindəndir və bu səbəbdən Azərbaycan bu bölgədə olan ölkələrlə istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə, diplomatik, mədəni, humanitar istiqamətlərdə əməkdaşlıq əlaqələrini qurmalıdır. Bu səbəbdən Azərbaycan daha bir Yaxın Şərq ölkəsi olan Bəhreyndə öz səfirliyini açmağı planlaşdırır və əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu istiqamətdə diplomatik addımlar atmağa hazırlaşır. Hesab edirəm ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasında bu məsələ öz müsbət həllini tapacaq. Bu diplomatik addım hər iki ölkə üçün faydalı olacaq və bu istiqamətdə ölkəmiz Yaxın Şərqdə işləri davam etdirəcək”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ