Onlayn ictimai-siyasi qəzet
İranın İsrail və ABŞ tərəfindən vurulması istər-istəməz adamın yadına 1991-ci ildə İraqın ABŞ və koalisiya ortaqlarının hücumuna məruz qalmasını salır.
Bu iki hadisə arasından bənzərliklər var, amma fərqlər də çoxdur.
Hər ikisi ambisiyalı Şərq-müsəlman ölkəsiydi, aralarında 8 illik müharibə də olmuşdu. Axırda bir qərinəlik zaman fərqi ilə eyni supergüclərin hücumuna məruz qaldı.
1990-91-ci illərdə Səddam Hüseyn də ABŞ-nin real təhdidlərini heçə sayırdı və əmin idi ki, Ağ Ev və Pentaqon blef edir, heç bir hücum olmayacaq. Amma hücum yavaş-yavaş hazırlandı və bir gün həyata keçirildi.
Günümüzdə rəsmi Tehranın da o düşüncədəydi, 15 ildən çox idi, ABŞ və İsrail İranı təhdid edirdi, amma sözdən işə kemirdi. Bu, yəqin ki, Tehranı arxayınlaşdırmış, Vaşinqton və Təl-Əvivin blef etdiyi qənaətinə gətirmişdi.
Əks təqdirdə, bu qədər ağır bombardmana məruz qalacağını bilə-bilə sona qədər dirəşməyə anlam vermək olmur.
Şəxsi planda inadkarlıq etmək, qürurlu davranmaq, lazım gəlsə, özünü fəda etmək başqa şeydir, amma dövlətin mənafeyi, millətin taleyi olan yerdə “öldü var, döndü yoxdur” ritorikası son dərəcə zərərlidir və xalqa qarşı cinayətdir.
Xüsusilə də əhalisinin sayə 80 milyonu aşmış bir ölkəniı aclıq və səfalət, müharibə fəlakəti riski altına atmaq yolverilməzdir.
O zaman Səddam Hüseyn belə davrandı, məğlubiyyətə uğradı. Bu ilin iyun ayında İran rəhbərliyi də başqa yol seçmədi. Halbuki nüvə danışıqlarının növbəti raundunda gərginliyi azaltmaq, kompromiss yolu tutaraq müharibədən qaçmaq mümkün idi.
Bu iki savaş arasında daha bir bənzərlik odur ki, 1991-ci ildə ABŞ prezidenti Corc Buş (ata) işğalçı İraq ordusunu Bəsrəyə, Bağdada qədər qovandan sonra savaşı saxladığı, Səddam Hüseyni devirmədiyi kimi, indi də Tramp Əli Xamneyinin hakimiyyətinə son qoymaq fikrində olmadığını bəyan edir.
Səddam Hüseyni sonradan oğul Corc Buş devirdi, asdırdı, necə deyərlər, atasının başladığı işi başa çatdırdı.
Ancaq ABŞ və İsrailin İranda hakimiyyət dəyişikliyinə çalışmamasının bir neçə başqa səbəbi ola bilər. Onlardan birincisi odur ki, Xamneyi onsuz da yaşlı adamdır, 86 yaşı var və xəstədir, onu məhv edib və ya devirib əfsanələşdirməyin faydası yoxdur.
İkincisi, Səddam klassik diktator idi, hakimiyyətin mərkəzi fiquru idi. Onun devrilməsi və edamı boşluq yaradacaqdı və elə də oldu. Ancaq Xamneyi teokratik totalitar rejimin növbəti liderlərindən biridir, onun fiziki yoxluğu halında hakimiyyətə “siyasi bürö”da təmsil olunan başqa bir ayətullah yiyələnəcək, rejim çökməyəcək.
Üçüncüsü, ABŞ-də hesablayıblar ki, İranda hakimiyyət dəyişikliyi xaosa, vətəndaş müharibəsinə səbəb ola bilər, bu halda bütün Yaxın Şərq regionunda fəlakət qaçılmaz olar – Suriyadakının 5 qatı qədər.
Ancaq İsraildə düşünürlər ki, İranı idarə edən mövcud iqtidar komandası tamamilə hakimiyyətdən kənarlaşdırılmayınca və cəzalandırılmayınca, İran öz hərbi-siyasi ambisiyasından, xüsusilə də nüvə silahı əldə etmək niyyətindən əl götürməyəcək.
Dünən İranın atom enerjisi üzrə təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi bu xüsusda bildirib ki, İran nüvə sənayesini məhv edə bilməzlər, İran onu inkişaf etdirəcək və bu prosesi heç vaxt dayandırmayacaq.
Bu, “bombardmanı dayandırmayın, yerdə qalan nüvə obyektlərimizi də vurun, imkanlarımızı sona qədər məhv edin” deməkdir.
Həm ABŞ, həm də İsrail tərəfi isə domino daşlarından düzəldilmiş evciyi bir barmaq zərbəsi ilə aşırmış biri kimi arxayınlıqla nüvə obyektlərinin məhv edilməsindən bəhs edirlər.
Tramp “hər şey bitdi, daha İran nüvə silahı brədə düşünmür” deyir, Tehran isə obyektlərin təhlükəsizliyini təmin edə bildiklərini bəyan edir. Bu paradoks belə bir ehtimala yol açır ki, həqiqət ortadadır. Yəni nüvə obyektləri çox ciddi zədə alıb, amma tam məhv edilməyib, onları bərpa etmək şansı qalır.
Gerçəkdən də peyk şəkilləri göstərir ki, bombardman başlamazdan əvvəl Fordodakı yeraltı nüvə obyektinə aparan tunelləri doldurmaq üçün iş görülür.
Ehtimal olunur ki, bu, həm hava hücumlarından, həm də xüsusi təyinatlı qüvvələrin qurudan işğalı ehtimalından qorunmaq üçün edilib.
Ancaq bu tədbirlər effektiv olubmu, zondajlar ağır bombaların zərbəsinə tab gətiribmi, indilikdə bilmək çətindir.
Tunellərin doldurulmasının bir səbəbinin də bombardmandan sonra mümkün radiasiya sızmalarını da minimuma endirməsi barədə versiyalar var və bu da ciddiyə alınası arqumentdir.
Hazırda hər iki tərəf qələbə təntənəsi içindədir. Tarixi təcrübə isə göstərir ki, əksər müharibələrin nəinki iki qalibi olmur, hətta çoxunda hər iki tərəf məğlub olur. Bir az, biri çox.
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ