İnsanlara hürriyət, millətlərə istiqlal!

Buxarestdə Azərbaycana həsr olunmuş möhtəşəm tədbir – Nazirlər, diplomatlar, media rəhbərləri bir arada – FOTO, VİDEO

Rumıniyada Azərbaycan bayrağı altında birliyin və dostluğun parlaq nümayişi; Ölkəmizin Müstəqillik Günü Rumıniyada dövlət səviyyəsində qeyd edildi

28 May – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü münasibətilə Rumıniyanın paytaxtı Buxarestdə möhtəşəm mərasim keçirilib. Musavat.com xəbər verir ki, tədbir Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən təşkil olunub və tədbirdə 800-dən çox yüksək səviyyəli qonaq iştirak edib.

Rumıniya hökumətinin üzvləri, senator və deputatlar, dövlət və ictimai xadimlər, Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, mədəniyyət və elm adamları, KİV rəhbərləri, türk və tatar icmalarının nümayəndələri, eləcə də bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar tədbirə qatılıblar.

Tədbir Azərbaycan və Rumıniya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov geniş nitq söyləyib. O, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı ağır sınaqlardan və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib, ərazi bütövlüyü bərpa olunub və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı uğurla həyata keçirilir. O, SOCAR Romania-nın uğurlu fəaliyyətini vurğulayaraq iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyini, Rumıniyanın Azərbaycanın beynəlxalq təşəbbüslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Rumıniya Prezidentinin müşaviri Ana Birçal çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, rəsmi Buxarestin Cənubi Qafqazda davamlı sülh və sabitlikdə maraqlı olduğunu bildirib. O, 2022-ci ildə Avropada enerji böhranı fonunda Rumıniya və Moldovaya göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Baş nazirin müavini Marian Neakşu Azərbaycanın regionda lider rolunu xüsusi qeyd edərək, Rumıniya ilə Azərbaycanın strateji tərəfdaş və etibarlı dost olduqlarını söyləyib. O, xalqlarımız arasında ortaq mədəni və tarixi bağlantılara da diqqət çəkib.

Senat sədrinin müavini Mirça Abrudean Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu xatırladıb və iki ölkə arasında strateji tərəfdaşlıq sənədlərinin əhəmiyyətini vurğulayıb.

Energetika naziri Sebastian Burduja isə çıxışında Azərbaycanla Rumıniya arasında enerji əməkdaşlığını “uzaqgörənlik hekayəsi” adlandırıb. O, Azərbaycanın yaşıl enerji potensialını və bu sahədə Avropa ilə əməkdaşlıq imkanlarını yüksək dəyərləndirib. Burduja çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvidən də sitat gətirib.

Tədbir çərçivəsində Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli kimi tarixi şəxsiyyətlərimizin portretləri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərini, ölkənin ümumi inkişafını əks etdirən fotolardan ibarət sərgi təşkil olunub. Sərgi ziyarətçilərinin suallarını səfirliyin əməkdaşları cavablandırıblar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib. Tədbir Rumıniya mətbuatında da geniş işıqlandırılıb və ölkəmizin müstəqil dövlət kimi güclənməsini əks etdirən rəmzi bir hadisə kimi təqdim olunub.

.

Bu tədbir bir daha göstərdi ki, Azərbaycanla Rumıniya arasında münasibətlər təkcə diplomatik deyil, həm də dərin dostluq və strateji əməkdaşlıq zəminində davam edir.

 



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR