İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cinayət Məcəlləsində “Georgi lenti” dair xüsusi bənd yoxdur”

Hüquqşünas: “Amma bu, tamamilə hüquq boşluq demək deyil”

Bir neçə gün əvvəl vəzifədən kənarlaşdırılan İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun oğlu da işdən çıxarılıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Səmədovun oğlu Kamran Səmədov İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirib.

O, müvafiq əmrlə işdən azad edilib. Qeyd edək ki, mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub və Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilərək o, vəzifədən uzaqlaşdırılıb. Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb. S.Səmədovun çoxsaylı əmlaklarının və biznes şəbəkəsinin olması barədə də məlumatlar yayılıb.

"Bizə desəydilər, əlbəttə ki, belə bir tədbirin keçirilməsinə icazə verməzdik. Adətən tədbir keçirəndə deyirdilər, bu dəfə bizdən heç kimə deməyiblər".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev İmişlidə SSRİ bayrağı ilə bağlı davam edən müzakirələr fonunda deyib.

Deputatın sözlərinə görə, "Georgi lenti"ni həmin tədbirə rus əsilli bir şəxs aparıb: "Dima adlı şəxs gedib "Georgi lenti" verib, SSRİ bayrağını tapıblar və s. Bəlkə Dima deyil, Sergeydir, səhv etməyim. Bizim işçilərin həmin tədbirdəki davranışları savadsızlıqdandır. Onun nə lenti olduğunu soruşsan, bilmirlər. Heç soruşmayıblar ki, sən kimsən, bu lent nədir? Gərək orada deyərdilər ki, nə edirik bu lenti? Azərbaycanın üçrəngli bayrağı var, Şuşada da, Xankəndidə də dalğalanır.

Hər halda burada kimsə maraqlı tərəf olub. Bəlkə də bu işdə kiminsə əli olub, bunu ediblərsə də Salehə qarşı ediblər. O hadisədən sonra Salehi görməmişəm. Deyərdim ki, Saleh bəlkə də təvazökarlığından, utandığından üzə də çıxmır ki, görünsün. İnsandır da, başına gələn başmaqçı olur. Ona görə də çalışırıq ki, belə şeylər təkrarlanmasın".

Eldar Quliyev tədbirdəki imperializm rəmzlərinin görünməsinin təxribat olub-olmadığı ilə bağlı məsələyə də aydınlıq gətirib: "Biz rayonlarda illik hesabat keçiririk. Əməkdaşlarımızdan xahiş etdik ki, informasiya versinlər ki, bir qədər ayıq olmaq lazımdır. Yəni belə provokasiyaların qarşısını vaxtında almaq olsun. Bizi istəyənlər də var, istəməyənlər isə daha çoxdur. Cənab Prezident məhz buna görə 9 may paradına Şuşanı azad edən "Yaşma"nın qəhrəmanlarını göndərdi. Paşinyana da göstərdi ki, Şuşanı alan bu igid oğullardır".

Deputat İmişlidə Ağsaqqallar Şurasının binasının onun olması ilə bağlı yayılan məlumatlara belə reaksiya verib: "İmişlidə Ağsaqqallar Şurasının binası var, biz ora kirayə gəlmişik. Guya ki, o bina mənimdir. Mənim orada heç evim də yoxdur. Kimi maraqlandırırsa, mən deyim, gedib baxsınlar ki, kim ilə müqavilə bağlanıb və kimə kirayə verilib. Onların binası yox idi. Biz gedib yer tapdıq, onu təmir etdik”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Georgi lenti” və ya digər simvolikaya dair xüsusi bənd yoxdur. Lakin bu, belə halların tamamilə hüquq boşluğunda qalması demək deyil.

1a39e8981443c1aed910326ad7c521ee-1.jpg (87 KB)

“Birincisi, “Georgi lenti” imperiya ruhunun rəmzidir. Saleh Səmədovun sinəsinə taxdığı “Georgi lenti” təkcə onun deyil, ətrafına yığışanların da yaddaş və kimlik böhranıdır. Bu fakt artıq fərdi məsələ deyil. Bu, post-sovet nostaljisinə və Rusiya imperializminin simvollarına göstərilən təhlükəli tolerantlığın nəticəsidir. “Georgi lenti” Rusiya imperiyasının hərbi ordeni ilə bağlıdır. Lentin ilk versiyası 1769-cu ildə II Yekaterinanın fərmanı ilə yaradılmış “Georgi ordeni”nin bir hissəsi kimi təqdim olunmuşdu. Sonradan bu lent SSRİ-də “Zəfər simvolu” kimi təqdim olunsa da, bu gün Putin Rusiyası bu lenti Qələbə günü yox, müasir rus ekspansionizminin, xüsusilə də Ukraynada işğalın simvolu kimi istifadə edir. Hamımız şahidik ki, Krımı zəbt edən Rusiya əsgərlərinin sinəsini “Georgi lenti” bəzəyir. Donetsk və Luqansk separatçıları öz bayraqlarına bu lentin rənglərini daxil ediblər. Ukraynada bu lent qadağandır. Avropa İttifaqı və NATO ölkələrinin əksəriyyəti onu Rusiya imperializminin rəmzi kimi tanıyır”.

Natiq Ələsgərov deyib ki, Azərbaycan Respublikası qanunlarında “Georgi lenti” ifadəsi birbaşa keçmir. Lakin Konstitusiya və “İctimai asayişin qorunması haqqında” qanunlar bu tip rəmzlərin istifadəsinə dolayısı qadağalar qoyur: “Azərbaycan Konstitusiyanın 7-ci maddəsində deyilir: Azərbaycan dövləti dünyəvi, hüquqi və unitar dövlətdir. Onun ərazi bütövlüyü və suverenliyi şübhə altına alına bilməz. Konstitusiyamızın 12-ci maddəsində isə deyilir: Dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır.

“İctimai tədbirlərin keçirilməsi qaydaları haqqında” qanuna əsasən, ictimai tədbirlərdə yalnız Azərbaycan dövlət atributlarından istifadə edilməlidir. Başqa bir dövlətin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına tarixi zərbə vurmuş bir imperiyanın rəmzini sinəyə taxmaq sadəcə nadanlıq deyil, bu, məsuliyyətsizliyin və potensial təhlükənin açıq təzahürüdür”.

Natiq Ələsgərovun sözlərinə görə İmişlidə baş verənlər göstərdi ki, simvolika sadəcə detal deyil: “Burada günah tək bir şəxsin üzərinə yüklənməməlidir. Bu siyasi savadsızlığın göstəricisidir. Azərbaycan cəmiyyəti son 30 ildə qırılmış qürurunu Qarabağ zəfəri ilə bərpa edib. Biz Zəfərimizi öz bayrağımızla, öz şəhidlərimizlə, öz igidlərimizlə qazandıq. “Georgi lenti” isə bu xalqın nə acılarını bölüşüb, nə uğurlarında iştirak edib. Əksinə, o lent bizə 20 Yanvarda rus tanklarını, Xocalının fəryadını xatırladır. Dövlət bu cür rəmzlərə aydın hüquqi mövqe sərgiləməlidir. Bələdiyyə, rayon, kənd səviyyəsində tədbirlər idarəsiz qalmamalıdır. Təcili şəkildə siyasi simvolikaya dair maarifləndirmə aparılmalıdır. Və ən önəmlisi bu lenti taxan tək bir adam deyil, o lentə göz yuman hər kəs bu məsuliyyəti daşıyır. Üçrəngli bayrağın kölgəsində yaşayan millət, heç vaxt başqa bayrağın altında boynunu əyməməlidir!”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

20 May 2025

BÜTÜN XƏBƏRLƏR