Onlayn ictimai-siyasi qəzet
Hollandiya hakimiyyəti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçi persona-non grata elan edib.
Musavat.com xəbər verir ki, məlumatı NOS televiziya kanalı Hollandiyanın xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadən yayıb.
Bildirilir ki, onlara krallığa giriş qadağan olunub. Sənəddə qeyd olunur ki, Smotriç və Ben-Qvir “Fələstin əhalisinə qarşı zorakılığın qızışdırılmasına dəfələrlə töhfə veriblər”, daim İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsini müdafiə ediblər və “Qəzza zolağında etnik təmizləmə” aparmağa çağırıblar.
Hollandiyanın da hər iki nazirin SIS Şengen məlumat bazasına “Şengen zonasına daxil olması arzuolunmaz olan xarici vətəndaşlar” kimi daxil edilməsini təmin etmək niyyətində olduğu vurğulanır.
Bundan əlavə, İsrail səfiri “yəhudi dövlətinin hakimiyyət orqanlarına beynəlxalq humanitar hüquq normalarına riayət etmək zərurətini xatırlatmaq” və onları Qəzza zolağı ilə bağlı kursunu dəyişməyə çağırmaq üçün Hollandiya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Qeyd edək ki, bundan əvvəl Sloveniya da Ben-Qvir və Bezalel Smotriçi persona-non qrata elan edib. Böyük Britaniya isə hər iki nazirə qarşı sanksiya tətbiq edib.
Musavat.com
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ