Onlayn ictimai-siyasi qəzet
II dünya müharibəsinin sonunda Almaniya SSRİ ilə müttəfiqlər arasında bölünüb, sonra onlar işğal zonalarının sərhədləri daxilində iki fərqli dövlət yaradıblar. Yaponiyanı da oxşar aqibət gözləyib. Plana əsasən, gündoğan ölkə SSRİ ilə digər dövlətlər arasında bölünməli imiş.
Berlinin alınması ilə SSRİ və müttəfiqləri nasist rejimi üzərində qalib gəliblər, III Reyx artıq mövcud olmayıb. Bununla belə, müttəfiqlərin hələ də daha bir nəhəng düşməni olub. Amerikalılar üçün həmin dövləti məğlub etmək prinsipial əhəmiyyət kəsb edib.
Söhbət Yaponiyadan gedir. Əslində, ABŞ II dünya müharibəsində ən çox onlarla vuruşub. Özü də, amerikalılara sarsıdıcı zərbə vuran, onları biabırçı məğlubiyyətə uğradan da yaponlar olub. Franklin Ruzveltlə yaxınlığı ilə fərqlənən ordu generalı Duqlas Makartur yaponların asanlıqla təslim olmayacağını bilib. Dənizlə əhatə olunmuş adaları müdafiə etmək asan, hücum edənlər üçün çətin olub.
Amerikalı general mövcud vəziyyəti kifayət qədər düzgün qiymətləndirib və inanıb ki, ABŞ əsgərləri Yaponiya ilə döyüşlərdə uzunmüddətli bataqlığa girə bilər, uğursuz hücumlarda böyük itkilər verər. Makartur yaxşı komandan olub, buna görə də onun beynində İosif Stalinlə bölüşmək istədiyi plan yaranıb.
O, Yaponiyanı birgə səylərlə, bütün müttəfiqlərin qüvvələri ilə fəth edilməli olduğuna inanıb. General başa düşüb ki, bu halda işğal olunan əraziləri bölüşməli olacaq. Amerikada hesab ediblər ki, əsgər itirməkdənsə, Yaponiya torpaqlarının bir hissəsindən imtina etmək daha yaxşıdır.
Plana əsasən, Sovet İttifaqına Hokkaydo adası və Honsyu adasının şimal hissəsi vəd edilib, amerikalılar Honsyu və Okinavanın mərkəzi hissəsinə sahib olacaqdılar. Ən böyük ada olan Kyuşunun Böyük Britaniyaya verilməsi planlaşdırılıb. Müharibə zamanı yaponlardan çox əziyyət çəkən Çinə isə Şikoku adası veriləcəkmiş. Yaponiyanın iki ən böyük şəhərində: Tokio və Osakada vahid administrasiya yaradılacağı nəzərdə tutulub.
Makartur bunun müqabilində SSRİ-dən 6 diviziya, yəni 210 min hərbçi istəyib. Stalinin güllə qarşısına vermək üçün yetərincə şəxsi heyəti olub. “Daunfol” əməliyyatını həyata keçirmək üçün hər şey, demək olar ki, hazır olanda amerikalılar Yaponiya şəhərlərinə nüvə bombası atmaq barədə qərar qəbul ediblər.
Zərbələr Yaponiyada ciddi rezonans yaradıb, Yaponiya imperatoru istənilən şərtlərlə təslim aktını imzalamağa razı olub, ancaq ölkədə amerikalılara təslim olmağın əleyhdarları da ortaya çıxıb. Onlar hətta dövlət çevrilişi etməyə cəhd ediblər. Amma heç nə alınmayıb. Amerika iki bomba ilə Yaponiyanı məğlub edib.
Stalin dərhal Hokkaydonun və Honsyu adasının bir hissəsinin əlindən çıxdığını anlayaraq ABŞ prezidenti Harri Trumena məktub yazıb. Stalin ölkənin bölünməsi ilə bağlı razılaşmaların olduğunu, Amerikanın yanlış hərəkət etdiyini vurğulayıb. Onun planına görə, adanın Kuşiro-Rumoe xətti boyunca demarkasiya xətti ilə bölünməsi nəzərdə tutulub. Lakin avqustun 18-də Vaşinqton Moskvaya məlumat verib ki, Yaponiyanın bütün adalarında imperatorun təbəələri artıq general Makartura təslim olublar. Cavab gözlənilən olub. Stalin təslim olmaq istəməyib.
“Mən sizin mesajınızın məzmununu başa düşürəm ki, siz Sovet İttifaqının Hokkaydonun şimal yarısının Yaponiya silahlı qüvvələrinin sovet qoşunlarına təslim olduğu əraziyə daxil edilməsi tələbini təmin etməkdən imtina edirsiniz. Deməliyəm ki, həmkarlarım və mən sizdən belə bir cavab gözləmirdik”, - Stalin avqustun 22-də Trumenə əsəbi şəkildə cavab verib.
Amerika nüvə bombalarını uğurla sınaqdan keçirib və Sovet İttifaqının hələ belə silahları olmayıb. Trumen güclü silahından istifadə edərək öz şərtlərini diktə edə bilib.
Elə həmin gün sovet dövlətinin başçısı Uzaq Şərq cəbhəsinin qoşunları tərəfindən artıq qəbul edilmiş 87-ci atıcı korpusunun qüvvələrini dəniz yolu ilə Saxalin və Hokkaydoya köçürmək üçün avqustun 19-da verilmiş əmri ləğv edib. Görünür, bu qərar Stalin üçün asan olmayıb, lakin o, öz atom bombası hazırlanmayana qədər Sovet İttifaqının amerikalılarla açıq münaqişəyə girə bilməyəcəyini anlayaraq geri çəkilib.
General Makarthur isə müharibədən sonra işğal olunmuş Yaponiyanın yenidən qurulmasında mühüm rol oynayıb. O, ölkənin yeni konstitusiyasının hazırlanmasına kömək edib, üç dəfə yapon polisini dağıdıb və yenidən formalaşdırıb, korrupsioner məmurların kökünü kəsib. General Tokioda onlarla yapon hərbçi və siyasətçinin edam edilməsi və ömürlük həbs cəzasına məhkum olunması ilə başa çatan müharibə cinayətləri məhkəməsinə sədrlik edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ