Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ankara ilə İrəvan arasında dialoq başladı və bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri iki ölkə arasında artan təmasların davamı kimi qiymətləndirilməlidir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanla görüşdən bir gün əvvəl İlham Əliyevi ölkəsinə dəvət edərək Kahramanmaraşda “Azərbaycan məhəlləsinin” açılışında birgə iştirak etdi. Fikrimcə, Ərdoğanın əvvəlcə İlham Əliyevlə, bir gün sonra isə Nikol Paşinyanla görüşü təsadüfi tarix kimi seçilməyib.
Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Ərdoğan əvvəlcə İlham Əliyevlə görüşməklə azərbaycanlı həmkarını arxayın etmək istəyib ki, bir gün sonra Nikol Paşinyanla görüşüb müzakirə aparacağına baxmayaraq, Ankaranın Cənubi Qafqaz siyasətində dəyişiklik olmayacaq:
“Yəni Ermənistan əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır ki, Türkiyə ilə sərhədin açılmasına və diplomatik münasibətlərin bərpasına ümid edə bilsin. Buna baxmayaraq, Ərdoğanın açıqlamalarından hiss olunur ki, o, Bakı ilə İrəvan arasında razılaşmanın sürətləndirilməsini istəyir, çünki bölgədə hadisələr sürətlə inkişaf edir və nə qədər ki, Rusiya və İranın başları müharibələrə qarışıb, Azərbaycanla Ermənistan arasında məsələlərin həlli, o cümlədən Zəngəzur dəhlizinin açılması ümumi işin xeyrinə olardı.
Yəqin Ərdoğan bu fikri də Nikol Paşinyanın diqqətinə çatdıracaq. Digər tərəfdən, Nikol Paşinyan daxili siyasətdə ona qarşı olan qüvvələrin birləşməsi ilə üzləşib. Baş naziri çətin aylar gözləyir və belə bir ərəfədə Azərbaycan və Türkiyə ilə açıq qalan məsələləni həlli onun xeyrinə olardı”.
Politoloqun fikrincə, Türkiyə diplomatlarının Ankarada üçlü görüşün keçirilməsi barədə planları olsa da, bu dəfə alınmadı:
“Ancaq Nikol Paşinyan zəruri addımlar atarsa, gələcəkdə Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin birgə görüş keçirməsi istisna deyil. Sülh sazişi imzalanarsa, gələcəkdə başqa üçlü formatlar kimi Türkiyə-Azərbaycan-Ermənistan formatının təsisi də uzaq perspektiv deyil. Niyə də olmasın?
Uzun illər Azərbaycan və Ermənistan liderləri ABŞ, Rusiya, Fransa və Avropa İttifaqı liderlərinin vasitəçiliyi ilə görüşlər keçiriblər. Bunların heç birinin müsbət nəticəsi olmadı. Azərbaycan və Türkiyənin də marağındadır ki, Ermənistan Cənubi Qafqazda fərqli maraqları olan güclərin orbitindən uzaqlaşsın. Bunun üçün isə Ermənistan iqtisadi əlaqələr və regional layihələr vasitəsilə Türkiyə və Azərbaycanın təsiri altına düşməlidir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ